Hüseynbala Mirələmovla bağlı MSK-ya sorğu göndərildi

Deputatlığa namizəd Ruslan İzzətli V çağırış Milli Məclisin deputatı olmuş Hüseynbala Mirələmovla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) iki sorğu göndərib.

Sozcu.az xəbər verir ki, sorğunun birində 2005, 2010 və 2015-ci il parlament seçkilərində millət vəkili seçilən Hüseynbala Mirələmovun gəlirləri və mülkləri haqqında MSK-ya məlumat verilib-verilmədiyi soruşulub.

Digər sorğuda isə, H.Mirələmov 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkar parlament seçkilərində namizəd olaraq gəlirləri və mülkləri haqqında verdiyi informasiyada Panamada yerləşən şirkətini göstərib-göstərmədiyi sual edilib.

R.İzzətli qeyd edib ki, qanuna görə, sorğuya 7 iş günü ərzində cavab verilməlidir.

Qeyd: D18 Hərəkatının sədri R.İzzətli “Hərəkət” seçki blokunun Xətai rayonu 33 saylı birinci seçki dairəsindən deputatlığa namizədidir.

Xatırlatma: H.Mirələmov Xətai rayon 33 saylı birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb. Araşdırmaçı jurnalist Cavanşir Həsənli H.Mirələmovun Panama Respublikasında biznesini üzə çıxarıb. H.Mirələmovun direktoru və xəzinədarı (ispanca tesorero – şirkətin gəlir və xərclərinə nəzarət edən şəxs) olduğu RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir, statusu aktivdir (vigente), yəni hazırda fəaliyyətdədir. Şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəz Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.(Pravda.az)

Facebook Comments