Rusiya ilə danışıqlar dayandırıldı - Kiyev

Rusiya ilə sülh danışıqları bu il demək olar ki, nəticəsiz başa çatıb və dayandırılıb. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa bildirib. O qeyd edib ki, güzəştsiz və sərt mövqe şəraitində Ukrayna üçün Rusiya ilə danışıqlar aparmaq mümkün deyil.

Zelenski tələb etdi, iki nazir istefa verdi

Hesab edirəm ki, ədliyyə naziri və energetika naziri öz vəzifələrində qala bilməzlər. Bu, digər məsələlərlə yanaşı, etimad məsələsidir. İttihamlar varsa, onlara cavab verilməlidir. Onların vəzifədən uzaqlaşdırılması ilə bağlı qərar operativ qərardır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Mən Ukraynanın baş nazirindən bu nazirlərin istefa ərizələrini təqdim etməsini xahiş etmişəm. Mən Ali Rada üzvlərindən xahiş edirəm ki, bu istefalar qanun çərçivəsində həll edilsin”, - o bildirib. Qeyd edək ki, bundan əvvəl ədliyyə naziri (və keçmiş energetika naziri) Qaluşenko Nazirlər Kabinetinin rəhbəri tərəfindən vəzifəsindən kənarlaşdırılıb. Ukraynanın energetika naziri Svetlana Qrinçuk isə istefa verdiyini sosial şəbəkədə elan edib. Qrinçuk 2025-ci ilin iyulundan bəri energetika naziri idi. Milli Antikorrupsiya Bürosu (NABU) Ukraynanın enerji sektorunda genişmiqyaslı rüşvət sxemi ilə bağlı apardığı araşdırmanın təfərrüatını açıqlayıb. Araşdırmada Ukrayna hökumətinin bir neçə keçmiş və indiki üzvünün, habelə Prezident Vladimir Zelenskinin yaxın dostu olduğu deyilən iş adamı Timur Mindıçın adı keçir.

Son görüşümdə Azərbaycan ərazisinə səfər etdim - Qriqoryan

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə müntəzəm əlaqələrim var. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. “Həmkarımla son görüşümdə Azərbaycan ərazisinə səfər etdim. Lakin bu görüş mümkün demarkasiya fraqmentlərinə və prosesin özünə aid olub”, - Qriqoryan qeyd edib.

Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır - Paşinyan

Ermənistanın ərazi bütövlüyü Azərbaycanla sərhədin delimitasiyası yolu ilə bərpa olunmalıdır. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “Razılaşmalara sadiqik və istənilən güc tətbiqini istisna edirik. Delimitasiya nəticəsində ölkələrin ərazi bütövlüyünün konturları Almatı bəyannaməsi əsasında bərpa olunmalıdır. Bundan sonra mümkün ssenarilər müzakirə olunacaq”, - o bildirib.

Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı

Beyləqan rayonunun Qaradağlı kəndində qadın meyitinin qalıqları aşkarlanıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə olan meyit qalıqlarının bir ay öncə itkin düşmüş Şücaət Müslüm qızı İsmayılovanın meyiti olduğu ehtimal edilir. Qalıqlar kənd ərazisindəki kolluqda aşkar edilib. Qalıqlar yığılaraq hüquq-mühafizə orqanları tərəfindən ekspertizaya təqdim edilib. Ekspertizadan sonra meyitin qalıqları ailəsinə təhvil verilib.

Ərdoğandan qəza ilə bağlı yeni açıqlama: Araşdırırıq...

Biz əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, sonra isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışdıq. Millətimizlə bərabər azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq. Gürcüstanın hökumət orqanları bu prosesdə ən yüksək səviyyədə yardım və əməkdaşlığı təmin edir. Eynilə, azərbaycanlı qardaş və bacılarımız da hər cür dəstək və töhfələr verirlər. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Millətim arxayın ola bilər ki, Türkiyə, Gürcüstan və Azərbaycanın bütün imkanları qəhrəmanlarımız üçün səfərbər olunub. Sahə əməliyyatlarını gündəlik olaraq izləyirik. Biz lazımi araşdırmaların ciddi şəkildə aparılmasını və hadisənin bütün aspektlərinin tam aydınlaşdırılmasını təmin edəcəyik. Milli Müdafiə Nazirliyimiz və Rabitə Nazirliyimiz mütəmadi olaraq ictimaiyyəti məlumatlandırır və bunu davam etdirəcək. Xalqımızı yalana, manipulyasiyaya və dezinformasiyaya qarşı ayıq olmağa çağırıram. Mən onları, xüsusən də sosial şəbəkələrdə, belə bir hadisədən çirkli siyasi maraqlar üçün istifadə edəcək qədər alçalan şəxslərə inanmamağı tövsiyyə edirəm”, - Ərdoğan əlavə edib. Qeyd edək ki, dünən Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan üzərində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 nəfərin hamısı həlak olub.

Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər - Prezident

“Qaldı ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.

Prezident Nəsimi rayonuna yeni başçı təyin etdi

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident həbs edilən başçının yerinə onu təyin etdi

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Xatırladaq ki, bir müddət öncə DTX Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirmiş, icra başçısı İslam Rzayev saxlanılmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

Prezident Fuad Nəcəflini işdən çıxardı - Yeni TƏYİNAT

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Paşinyan Azərbaycanla bağlı söz verdi: “...ilin sonunadək açıqlayacağıq!”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla aparılan danışıqlara dair sənədlərin bu ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. Paşinyan qeyd edib ki, bu qərar ATƏT-in Minsk Qrupunun tam ləğvi ilə bağlıdır: “Bu proses başa çatdıqdan sonra həmin sənədləri dərc edə biləcəyik. O zaman bu sənədlərin açıqlanmasına mane olan mənəvi və siyasi baryer aradan qalxacaq”. O, həmçinin, keçmiş prezident Serj Sarkisyanın başqa bir ölkə liderinə ünvanladığı məktubu da açıqlamaq niyyətində olduğunu təsdiqləyib. Paşinyan bildirib ki, sənədin məxfiliyinin aradan qaldırılması prosesi hazırda davam edir, lakin dərc üçün dəqiq tarix hələ müəyyən olunmayıb.

Sabah külək əsəcək, duman olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Havanın temperaturu gecə 9-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

C-130 son 4 gündə Gəncəyə neçə reys həyata keçirib?

Dünən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin noyabrın 8-dən bəri uçuş istiqamətləri ortaya çıxıb. Sozcu.az xəbər verir ki, təyyarə noyabrın 8-də yerli vaxtla 10:46-da Sivasdan qalxaraq 13:21-də Gəncə hava limanına enir. Gəncədə bir neçə saat qaldıqdan sonra təyyarə 15:00-da birbaşa İstanbula uçub. Saat 17:18-də İstanbula enən C-130 1 saat sonra 18:19-da havaya qalxaraq Kayseriyə gəlib. Göründüyü kimi, C-130 təyyarəsi bir gün ərzində Sivas-Gəncə-İstanbul-Kayseri arasında uçuş həyata keçirib. Təyyarənin növbəti uçuşu noyabrın 10-da baş tutub. Səhər saat 09:31-də Kayseridən qalxan təyyarə 11:58-də Gəncəyə enib və elə həmin gün saat 15:36-da yenidən havaya qalxaraq, 18:34-də Kayseriyə qayıdıb. Noyabrın 11-də saat 09:34-də Kayseridən qalxıb və saat 12:04-də Gəncəyə enib. Gəncədən saat 14:19-da havaya qalxan təyyarə daha sonra Gürcüstan üzərində qəzaya uğrayıb. Bəzi məlumatlara görə, təyyarə həmin gün yenidən Gəncəyə qayıtmalı imiş. Qeyd edək ki, hərbi təyyarənin qəzaya düşməsi nəticəsində qardaş ölkənin 20 hərbçisi şəhid olub.

Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum...

Türkiyədə təhlükəsizlik üzrə ekspertlər Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin noyabrın 11-də Gürcüstanda qəzaya uğramasının səbəbləri, o cümlədən xarici təsir ehtimalı ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüblər. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Hərbi ekspert Coşqun Başbuğ bildirib ki, müxtəlif versiyalar nəzərdən keçirilməlidir: “Qəzaya səbəb kimi texniki nasazlıq istisna edilməlidir. Eyni amil hava şəraitinə də aiddir, çünki pis hava olsaydı, müvafiq orqanlar məlumat verərdi. Qalan versiyalara isə havada toqquşma, təxribat və ya hücum daxildir”. Digər türkiyəli təhlükəsizlik eksperti İbrahim Keleş də oxşar versiya səsləndirib: “Fəlakətin səbəbləri ilə bağlı müxtəlif versiyaları nəzərdən keçirmək lazımdır: texniki nasazlıq, pilot xətası, mövsümi və hava şəraiti, zəif görmə. Amma xarici təsir ehtimalı da var”. Hərbi ekspert Kazım Dalkıran da öz növbəsində C-130-ların hava hücumundan müdafiə sistemləri ilə vurula biləcəyini istisna etməyib: “Sərhəd bölgələrində naməlum təyyarələr daimi döyüş hazırlığı vəziyyətində olan bəzi hava hücumundan müdafiə sistemləri tərəfindən avtomatik olaraq vurula bilər. Amma bu məsələdə təbii ki, Türkiyə Müdafiə Nazirliyinin açıqlamalarını gözləməliyik”.axar)

Ukrayna Rusiyanın neft-kimya zavodunu vurdu

Ukrayna Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” neft-kimya zavoduna PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat yayıb. Məlumata görə, hücum nəticəsində zavodda yanğın baş verib. Rusiya isə hava hücumundan müdafiə qüvvələrinin Ukrayna PUA-larını dəf etdiyini bildirib.

C-130 qəzası: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü

Türkiyə hərbi təyyarəsinin Gürcüstan səmasında qəzaya uğramasını texniki amillərlə izah etmək mümkündür. Ancaq bölgədə hərbi təyyarələrin və helikopterlərin artan qəzaları heç də hər zaman texniki nasazlıqla əlaqəli olmur. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Gəncədən qalxan və Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə hərbi təyyarəsi haqda qeyd edib. “Digər tərəfdən müxtəlif ekspertlərin Amerika istehsalı hərbi karqo təyyarəsinin etibarlılığı barədə mülahizələri də suallar yaradır. Peşəkar pilotların idarə etdiyi etibarlı təyyarənin qəzaya uğraması detallı araşdırma tələb edəcək. Havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqənin kəsilməsi və radar siqnalının itməsi istər-istəməz 2019-cu ildə Xəzər üzərində qəzaya uğrayan Azərbaycan hərbi təyyarəsi olayını xatırladır. Həmin olayda da Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdi”, - politoloq vurğulayıb. Qeyd edək ki, Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub.

Şəhidin son telefon danışığı: Ata, qayıdırıq, tarlanı əkmisən?

Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan kiçik zabitlər İlker Aykut və Berkay Karacanın ailələrinə acı xəbər çatdırılıb. Sozcu.az Savaşmedia.az-a istinadla xəbər verir ki, təyyarə texniki qərargah çavuşu İlker Aykut uçuşdan əvvəl atasına zəng edərək "Ata, qayıdırıq, tarlanı əkmisən?" deyib. Onun ailəsi ilə son telefon danışığı belə olub. Qəza xəbəri ailəsinə Tekirdağda verilib, anası Zülbiyyə Aykut xəbərdən sonra xəstəxanaya aparılıb.

Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkesir bölgəsində yeraltı təkanlar səngimir. Sozcu.az xəbər verir ki, növbəti zəlzələ barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələ 4.1 bal gücündə olub. Təkanların 8.12 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Xatırladaq ki, oktyabrın 27-də Balıkesirdə 6.1 ballıq zəlzələ olub, üç bina dağılıb, 19 nəfər xəsarət alıb. Bundan sonra ərazidə müxtəlif maqnitudalı bir neçə zəlzələ olub.

21 dərəcə isti olacaq – Sabahın havası

Noyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti olacaq.

Çoban itinin öldürdüyü kişi ötən il də hücuma məruz qalıbmış - TƏFƏRRÜAT

Çoban iti 83 yaşlı kişini boğaraq öldürüb. Hadisə Balakən rayonunun Mahamalar kəndində baş verib. Kənd sakini, 83 yaşlı Məhəmməd Qadalov oğlu Atayev çoban itin hücumuna məruz qalıb. İt kişinin üstünə hücum edərək onu öldürüb. Modern.az hadisə ilə bağlı bir sıra təfərrüatlar əldə edib. Məlumata görə, hadisə kənd ərazisində yerləşən meşəlik ərazidə baş verib. Məhəmməd Qadalovun həmin ərazidə pay torpağı olub və tez-tez ora gedirmiş. Mərhum ötən il də eyni ərazidə itlərin hücumuna məruz qalıb. Bu dəfə kişi itə müqavimət göstərə bilməyib. Çoban iti onu yerə yıxıb və boğaz nahiyəsindən dişləyib. Nəticədə Məhəmməd Atayev hadisə yerindəcə boğularaq ölüb.

Zakir Qaralovun 5 milyona yaxın vergi borcu var...

Keçmiş baş prokuror Zakir Qaralova məxsus "Akkord Korporasiyası" ASC-yə daxil olan müəssisələrdən birinin vergi borcu əhəmiyyətli dərəcədə artıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, "Akkord-Mingəçevir Maşınqayırma Zavodu"nun vergi borcu 50 min manatı ötüb. Müqayisə üçün, 2020-ci ildə zavodun vergi borcu cəmi 20 min manat idi. Şirkətin qanuni təmsilçisi Eyvaz Həsənovdur. Zavodun nizamnamə kapitalı 193 min manat təşkil edir. Məlumat üçün bildirək ki, Zakir Qaralova məxsus olduğu deyilən 20-dən çox şirkətin külli miqdarda vergi borcu yaranıb. Qaralova məxsus "Qazax Sement Zavodu", "Akkord General Construction", "Akkord Asfalt", "Akkord Hydrotechnical Construction Company", "Akkord Mənzil Kommunal Təsərrüfatı Birliyi", "Akkord Mərmər Qranit", "Akkord Novanord Construction", "Akkord Nəqliyyat", "Steel Force Construction Company", "Akkord Tikinti Sənaye İnvestisiya Korporasiyası", "Akkord Tekstil", "Building Construction Group", "Property Investments", "Accopen", "Hydraulic Mechanisms Company", "Property Investments-1" və digər şirkətlərin ümumi vergi borcunun məbləği təxminən beş milyon manata yaxındır.

Rusiyada daha bir neft emalı zavodu vuruldu

Rusiyanın Saratov vilayətinə PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Saratovdakı neft emalı zavoduna zərbələr endirib. Nəticədə zavodun ərazisində yanğınlar baş verib. Saratov vilayətinin qubernatoru Roman Busargin hücum nəticəsində mülki infrastrukturun da ziyan gördüyünü bildirib.

Xocalı qatili Vitali Balasanyan sərsəmlədi: "Qarabağa qayıdaram"

Xocalı qatili Vitali Balasanyan ermənilərin bir gün yenidən Qarabağa qayıda biləcəklərinə ümid etdiyini bildirib. Sozcu.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağdan qovulmuş separatçıların keçmiş rəhbərlərindən olan Balasanyan 9 noyabr tarixli sənədin ləğv edilmədiyini deyib. "Ümid edirəm ki, bu sənəd tətbiq olunacaq", - deyə Balasanyan bildirib. Qarabağa qayıtmağın təhlükəsiz olub-olmadığı soruşulduqda, V.Balasanyan dünyanın heç bir yerində mütləq təhlükəsizlik və ya sülh olmadığını qeyd edib. Təhlükəsizlik zəmanətləri təmin edilərsə, o, Qarabağa qayıtmağa hazırdır. "Əlbəttə ki, mütləq", - deyə Balasanyan əlavə edib. Vitali Balasanyan Xocalı qətliamını törədənlərdən biridir. O, Xocalıdakı döyüşlər zamanı əsir alınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu şəxsən işgəncə verməklə qətlə yetirib. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. 2023-cü il sentyabrın 28-də o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.

Fransanın eks-prezidenti həbsdən buraxıldı

Fransanın keçmiş prezidenti Nikola Sarkozi apelyasiya şikayətinə baxılana qədər Paris məhkəməsi tərəfindən şərti olaraq həbsdən azad edilib. Sozcu.az xəbər verir ki, France24 belə məlumat yayıb. O, 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviya diktatoru Müəmmər Qəzzafidən milyonlarla avro alınmasında - “Liviya işi” adlandırılan cinayətkar sövdələşmədə iştirak etməkdə təqsirli bilib. Bu yaxınlarda 5 il həbs cəzasına məhkum edildikdən sonra üç həftə təcridxanada qalıb. Sarkozi korrupsiya və seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi də daxil olmaqla digər ittihamlardan bəraət alıb. Məhkəmə Fransanın keçmiş prezidentinin ölkəni tərk etməsinə icazə verilməyəcəyinə qərar verib. Apelyasiya dinləməsinin daha sonra keçiriləcəyi gözlənilir.