Mühacirlərin yaratdığı təşkilat Azərbaycanda baş verən həbslərlə bağlı bəyanat verdi

Siyasi məhbuslara və ailələrinə “Kölgə” Yardım Birliyi “Paster” ləqəbli reper Pərviz Quluzadənin, həmçinin bloger Mehman Hüseynovun həbsini və işgəncələrə məruz qalmasını pisləyən bəyanat yayıb.

Sozcu.az həmin bəyanatı təqdim edir:

““Kölgə“ Yardım Birliyi reper Pərviz Quluzadənin həbsini və işgəncələrə məruz qoyulmasını, o cümlədən bloger Mehman Hüseynovun polis tərəfindən saxlanılaraq vəhşicəsinə döyülməsini kəskin şəkildə pisləyir, vətəndaş cəmiyyətinə qarşı repressiyaların, zorakılığın dayandırılmasını tələb edir.

Repçi Pərviz Quluzadənin həbsi siyasi sifariş olmaqla bərabər, həm də söz və fikir azadlığının kobud şəkildə pozulmasıdır. Düşünürük ki, onun saxlanmasına səbəb rəsmi açıqlamada deyildiyi kimi, narkotikin təsiri altında ictimai aşayişin pozulması deyil. Sonuncu repində “Paşa Bank” ASC haqqında hakimiyyəti qıcıqlandıran fikir söyləməsidir. “Paşa Bank”ın hakimiyyətə yaxın simalara məxsus olduğu heç kəsə sirr deyil. Reperin yazdığı, dediyi fikrə görə həbsi fikir azadlığının məhdudlaşdırılmasıdır. Yaxınları onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq işgəncələrə məruz qoyulduğunu bildirirlər.

“Kölgə” Yardım Birliyi P.Quluzadəyə və ölkədəki digər azad düşüncəli insanlara qarşı repressiyanın dayandırılmasını və belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Bloger Mehman Hüseynov isə həbs edilən reperin həbsinə etiraz edərkən Bakıda, Fəvvarələr meydanında polis əməkdaşları tərəfindən saxlanılıb. M.Hüseynov və bir neçə aktivist Pərviz Quluzadənin azad olunması üçün şüarlar yazılan plakatlar qaldırıblar. Bloger polis avtomobilinə mindirilərək Lökbatan qəsəbəsi ərazisində çöllüyə aparılıb və döyülüb.

Bu iki fakt göstərir ki, ölkədə islahatlara başlanıldığı barədə bəyanatlar sadəcə imitasiya və hakimiyyətin növbəti yalanıdır. Dekabrda keçirilən bələdiyyə və gözlənilən parlament seçkiləri ərəfəsində baş verən bu həbs və işgəncə faktları idarəçiliyin daha zorakı forma alacağını deməyə imkan verir. Ölkədə aparılan və cəmiyyətə pafosla təqdim edilən son kadr dəyişikliklərindən sonra da işgəncə hallarının davam etməsi onu göstərir ki, repressiyalar birbaşa dövlət başçısı İlham Əliyevin sifarişi ilə həyata keçirilir.

“Kölgə“ Yardım Birliyi son dövrdə baş verən bu neqativ halları və Əliyev hakimiyyətinin zorakı siyasətini qətiyyətlə pisləyir, bütün siyasi məhbuslar daxil olmaqla, P.Quluzadənin azadlığını, o cümlədən repressiyaların dayandırılmasını tələb edir”.

Facebook Comments