“PAŞA Bank”dan reperin həbsi ilə bağlı – AÇIQLAMA

“PAŞA Bank” məşhur reperin həbsi ilə bağlı açıqlama yayıb.
Sozcu.az xəbər verir ki, bankın açıqlamasında qeyd olunur: “Son günlər bəzi media yayım vasitələrində şou biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə “PAŞA Bank” ASC-nin adı hallandırılır. “PAŞA Bank” ASC adı hallanan şəxsin saxlanması ilə əlaqədar xəbərlərin ümumiyyətlə həqiqətə uyğun olub olmamasına dair məlumatlara malik deyil, şəxsin Bankımızla hər hansı bir bağlılığı və ya əlaqəsinin olmadığını bildirməklə, şəxsin saxlanılması ilə bağlı Bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik.

Bankımızın adının bu cür qeyri-dəqiq, bankın işgüzar nüfuzuna xələl gətirə biləcək xəbərlərdə səsləndirilməsinin izləyicilərdə çaşqınlıq yaratmaması və əlavə şayiələrin qarşısını almaq məqsədilə bu rəsmi açıqlamanı paylaşmaq qərarına gəldik.

Kütləvi İnformasiya Vasitələrini, istənilən təşkilatın reputasiyasına və biznes nüfuzuna xələl gətirə biləcək, məlumatlarda adı çəkilən tərəflərin rəsmi mövqeyi sorğulanmadan, bu cür qeyri dəqiq məlumatların və ya şaiyələrin dərc edilərək paylaşılması məsələlərində daha diqqətli və həssas olmağa səsləyirik” – deyə bankın açıqlamasında qeyd olunur.
Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin (Paster) saxlanılması ilə bağlı açıqlama yaymışdı.

FED.az xəbər verir ki,açıqlamada qeyd olunub ki, P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib. Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Facebook Comments