“Şəmsəddin Xanbabayev, sən Xaçmaz rayon icra hakimiyyətinin yox, icarə hakimiyyətinin başçısı olmusan!” – İTTİHAM

“ŞİMAL XƏBƏRLƏRİ”NİN BAŞ REDAKTORU MÜQƏDDƏS MEHDİYEV FEYSBUK SƏHİFƏSİNDƏ ŞƏMSƏDDİN XANBABAYEVİ AĞIR İTTİHAMLARA MƏRUZ QOYDU

“Məhz sayəmdə Xaçmazda və vəzifəndə qala bildin”

Əziz dostlarım və izləyicilərim! Son vaxtlar Xaçmaz rayon icra hakimiyyətinin sabiq başçısı, yerli YAP sədri Şəmsəddin Xanbabayev özünüreklam yığıncaqlarında bəzi adamları arxasınca qadın kimi dedi-qodu ilə məşğul olmaqda ittiham edir. Guya onun haqqında söylənənlər böhtandır. Ş. Xanbabayevlə bağlı açıqlama verənlərdən biri də mənəm. Bu gün də dediklərimin üstündə dururam. Yazdıqlarımın altında imzam da var. O, kimdir ki, üzünə söz deməkdən çəkinim? Sabiq icra başçısı layiq olduğu adı başqalarına qoymasın. Vəzifədən ötrü qadın kimi göz yaşı töküb yalvaranın kim olduğunu hamı yaxşı bilir. Bu gün də bir qrup başıpozuğu ətrafına yığıb özündən “lider” obrazı yaratmaq istəyir. Xaçmazda heç də hamı Nizami Həsənov, Teyyub Sultanov, Ələddin Qasımov, Bəxtiyar Osmanov kimi deyil. Bizlərdən palto tutan, qapı açan, yarınan, restoranlarda ayaq üstə sağlıq deyən, qeybət edən çıxmaz. Əyilən qocalanadək əyilir, qəddi düzəlmir. 82 yaşlı insan abır-həyasını qorumalıdır. Şəmsəddindən bu rayona ağsaqqal çıxmaz!!! Olsa-olsa, özü kimi üç-beş qadına yaşına yaraşmayan “anekdot”lar danışa bilər. Nə dediyimi yaxşı bilir! Onun yadına 2016-cı ilin yanvarını salıram. Həmin vaxt Siyəzəndə və Qubada aksiyalara start verilmişdi. Bir qrup xaçmazlı da rayon mərkəzində – Ş. Xanbabayevin evinin önündə toplaşmaq istəyirdi. Xəbərdarlıq kimi şəhərin girəcəyindəki “arko”nun qarşısındakı iki qədim əsgər heykəlindən birinə qadın paltarı geyindirmişdilər. Yaxşı ki, DTX əməkdaşları vaxtında bunu görüb yığışdırdılar. Həmin günlər kimin qadın kimi yalvarıb ağladığını rayonun vəzifəli şəxsləri yaxşı bilirlər… İkinci bir məsələ. Xaçmazda Ş. Xanbabayevin, avtovağzalın direktoru Sadıqın, polis rəisinin müavini Misirin və daha bir neçə nəfərin işdən və rayondan qovulması üçün iki yüzdən çox adam imza toplamışdı. Vəziyyət get-gedə gərginləşirdi. Məndən xahiş etdilər ki, problemə müdaxilə edim. Bəli, məhz sayəmdə sizlər Xaçmazda və vəzifələrinizdə qala bildiniz. Səhv və ya düz etdim, deyə bilmərəm. Mən camaatımın nahaq yerə həbsə girməsinə göz yuma bilməzdim. Bəzi radikal qüvvələrin vəziyyətdən sui-istifadə etməsinə biganə yanaşa bilməzdim. Ona görə də danışıqlarla problemi yoluna qoydum. Lap əslində isə qovulmağa layiq idin…

Şəmsəddin Xanbabayev, sən Xaçmaz rayon icra hakimiyyətinin yox, icarə hakimiyyətinin başçısı olmusan! Əməllərin, törətdiklərin göz qabağındadır. Mən Azərbaycan Prezidenti İlham Əliyevi anlayıram. Nə etsin ki? Sənə xatırlatdı ki, sabiq nazir Əli Nağıyevin müavini işləyəndə vəzifədən qovulmalı olmusan. Deyilənə görə, o vaxt da ağlayıb-sızlamısan. Sonda prezident bundan xəbər tutub Xaçmaza icra başçısı göndərib. Burada da işin-peşən adamlara “qardaş-qardaş” deyib başlarını tovlamaq oldu. Hakimiyyətin Xaçmazın tarixində qara ləkədir! Dövlət başçısı səni işdən azad edəndə ünvanına xoş sözlər dedi. Amma başa düşmədin, çünki siyasətdən və idarəçilikdən bixəbər adamsan. Yəqin prezident düşünüb ki, çəkilib bir qıraqda oturarsan. Amma sən əksini etdin. Yenə də vəzifə üçün ağlaşma qurdun və göz yaşları tökdün. Sənə rəhmləri gəldi, Xaçmaza YAP sədri təyin etdilər. Yenə də əməllərindən əl çəkmirsən. Ətrafında var-gəl edən beş-altı nəfərlə yeni idarəçilər haqqında şayiələr yayırsan, özünü rayonun lideri kimi təbliğ etdirirsən. Budur ağsaqqallığın? Əslində təəccübləmirəm, səndən başqa bir şey gözləmək də olmaz.

P.S. Bu statusu dünən gecə yazmışam. Bir neçə saat əvvəl saytlarda xəbər yayımlandı ki, Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavinləri rüşvət alarkən DTX əməkdaşları tərəfindən yaxalanıblar. Onun birinci müavini Ramiz Tatarov həm də YAP Ağstafa rayon şöbəsinin sədridir. Az sonra ikinci bir məlumat yayıldı. Məlum oldu ki, YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu narkotiklə həbs edilib… Belə-belə işlər… Görünür, iqtidar da bunlardan bezib… Mən də bir müraciət aldım. Telefon açan Xaçmaz ziyalısı xahiş etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət hazırlayım. Mətn də bundan ibarət olmalıdır ki, Şəmsəddin Xanbabayevin 15 illik fəaliyyətinin yoxlanılması üçün rayona xüsusi komissiya göndərilsin.

Fikirləşirəm…

Facebook Comments