Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə dekabrın 30-31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Ağdaş, Cəbrayıl, Ucar, Zərdab, Ağcabədi, Xocavənd, Ağsu, Şamaxı, Gəncə, Gədəbəy, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tanınmış jurnalist yazıçı Anara müraciət etdi: "Zirzəmidə yaşayıram, mənzil haqqım tapdanıb"

Azərbaycan Yazıçılar Birliyinin Sədri, cənab Anar Rzayevə, Azərbaycanın Xalq şairlərinə, Azərbaycanın Xalq yazıçılarına, Azərbaycanın ziyalılarına,  Azərbaycanın millət vəkillərinə             şair-publisist, jurnalist Rəhimli Xatirə Əziz qızı (XATİRƏ ƏZİZ) tərəfindən                        AÇIQ MƏKTUB Hörmətli cənablar!  Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, vicdanınız oyansın, vicdanınız yatmasın. Şair-jurnalist kimi, ədəbiyyat adamı kimi, ziyalı xanım kimi etdiyim bu müraciəti ölkə prezidenti cənab İlham Əliyevə çatdırın. Azərbaycan dövləti, milyonlar səltənəti olan dövlət olaraq VƏTƏNDAŞına, yəni mənə-şair-jurnalist Rəhimli Xatirə Əziz qızına sahib çıxın!  Şair-jurnalist kimi 10 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dəfələrlə yazılı olaraq müraciət edirəm və həmçinin Prezident Administrasiyasında hər il mənzil problemimlə bağlı məmurların qəbuluna gedirəm.  Amma çox-çox təəssüf olsun ki, məmurlar mənim ərizəmi, şikayətimi, müraciətimi ölkə prezidenti cənab İlham Əliyevə çatdırmırlar. Mənzilim yoxdur, Ailə üzvlərimlə birgə neçə illərdir 39 dəfə kirayə mənzillərə köçmüşük. Uzun illərdir ki, kirayələrdə, zirzəmilərdə, daxmalarda çərləyib çürüyürəm. Hələ də yarımzirzəmidə min-bir əzab içində yaşayırıq. Otaq suyun içindədir. Divarlardan qapqara kifli su axır. Zirzəminin döşəməsi daşdandı. Elə demək olar ki, hamımız xəstələnmişik bu şəraitsizlikdən. Hörmətli cənablar! Şair-jurnalist kimi düşünürəm ki, yəni bu məmləkətdə bütün ziyalıların, bütün Xalq şairlərinin, bütün Xalq yazıçılarının, bütün millət vəkillərinin vicdanı yatıbmı? Hanı sizlərin vicdanınız, cənablar. Ədəbiyyat adamı kimi vətəni üçün sağlamlığını itirən ziyalı bir xanımın həyatı zirzəmilərdə məhv olur, sizlər isə susursunuz. Hanı bəs sizlərdə olan vicdan, hanı? Yəni bu ölkədə bütün vəzifəli şəxslər, məmurlar vicdanını tamamilə itiribmi?  Vicdanınız yatıbsa, oyansın. Belə qəlbidaş olmayın, insafınız olsun bir qədər də olsa.  Sizlərə ədəbiyyat adamı kimi, bu VƏTƏN üçün şair-jurnalist kimi uzun illərdi cəbhə bölgələrinə, sərhəd bölgələrinə saysız-hesabsız səfərlər edən, ana Vətəni qoruyan əsgərlərin qarşısında Vətənpərvərlik mövzusunda saysız-hesabsız odlu-alovlu çıxışlar edən ziyalı xanım kimi müraciət edirəm. Bu dövlət üçün, bu Vətən üçün şair-jurnalist kimi böyük qürurla deyirəm ki, mənim çox yüksək əməyim var.  Xatırladım şair-jurnalist kimi neçə illərdir ki, hələ 44 günlük Vətən müharibəsindən əvvəl də, Qələbədən sonra da cəbhə bölgələrinə, sərhəd bölgələrinə səfərlər etmişəm.  Ədəbiyyat adamı kimi çox sevdiyim ana Vətənimə xidmət edirəm.  Qarabağın, Yuxarı Ağcakəndin, Aşağı Ağcakəndin, Toğanalının, Murovdağın o möhkəm soyuğunda, şaxtasında ciyərlərim sətəlcəm oldu, bronrxlarımda dəhşətli dərəcədə allergiya yarandı. Butün bunların da nəticəsində Bronxial Astma xəstəliyinə düçar oldum. Cənab yüksək vəzifəli şəxslər, məmurlar, mən, neft-qaz ölkəsi olan, dünyada milyonlar səltənəti kimi tanınan zəngin Azərbaycanın VƏTƏNDAŞıyam axı. Nə üçün mən zirzəmilərdə çərləyib çürüməliyəm? Axı mən şair-jurnalist kimi Vətənim üçün sağlamlığımı bir qədər itirmişəm. Mən müalicəylə yaşaya bilirəm.  Cənablar, bir ədəbiyyat adamının, şair-jurnalistin, ölkənin ziyalı xanımının uculub-dağılan daxmalarda, sopsoyuq  zirzəmilərdə həyatını cavan yaşda itirməsinə imkan verməyin. Cənablar, ola bilməz ki, sizin Allahınız olmasın. Ola bilməz ki, siz Allahı tamımayasınız. Ola bilməz ki, sizin Allahdan bir az da olsa qorxunuz olmasın. Ola bilməz ki, sizin hamınızın ürəyi qara daş olsun. Bu, mümkün ola bilməz axı.  Ola bilməz ki, dövlətin idarəçiliyində olan bütün yüksək vəzifəlilər və bütün məmurlar, insafsız, zalım, daşqəlbli olsun. Mən buna inanmaq istəmirəm.  Əgər mən uzun illərdi zülüm içində, dözülməz, əzablı günlərlə yaşadığım  zirzəmidə ağrı-acı içində bu dünyadan köçsəm, mənim də, bacılarımın da, ailə üzvlərimin də əllərimiz hər iki dünyada bu dövlətin idarəçiliyində olanların, yüksək vəzifəli şəxslərin, məmurların yaxasında olacaq. Cənablar, bu, Azərbaycan dövləti adına çox utancverici hal olar. Dövlət adına ayıb olar. Şair-jurnalist kimi, Azərbaycan VƏTƏNDAŞı kimi hələ də başa düşə bilmirəm ki, bu, necə DÖVLƏTdir?...  Dövlət belə olurmu yəni? Dövlət belə idarə olunmalıdırmı? Hər ay mütəmadi olaraq müalicə qəbul edirəm. Çünki müalicə olunmasam nəfəs ala bilmirəm, boğuluram, nəfəsim çatmır.  Zülüm içində ürəyim qubar ola-ola yaşadığım, çat-çat olan divarlarından qara su axan bu yarımzirzəminin qapısını heç bir məmur açmır.  Hər ay müalicəmin də vəsaitini ailə üzvlərim ödəyir. Xəstəlikdən əziyyət çəkən insan üçün çox əzablıdı uçuq-sökük soyuq zirzəmidə yaşamaq, əzablı ömür sürmək. 2000-ci ildən bugünə kimi yaradıcı şəxslərə Yazıçılar Birliyi tərəfindən bir neçə dəfə mənzil verilib. Yazıçılar Birliyinin Sədri  tərəfindən sonuncu dəfə 2023-cü ilin noyabrında 21 nəfər yaradıcı şəxsə mənzil verildi. Hamıya da məlum oldu ki, bu bölgü obyektiv şəkildə aparılmadı.  O da bilindi ki, hətta 1-2 yerdə evi-mənzili olanlara yenidən mənzil verildi. 25 ildir ki, jurnalist kimi mətbuat sahəsində çalışıram. Jurnalistlərə 3 yaşayış binası tikildi. 5 il ərzində o yaşayış binalarındakı mənzillər jurnalistlərə verildi.  Jurnalistlər üçün tikilmiş 3-cü yaşayış binasının isə bir neçə nəfərin ölkə prezidentinə etdiyi müraciətinə görə təynatı dəyişdirildi.  Hansı ki, o müraciəti imzalayanların fərdi yaşayış evləri, bağ evəri, hündürmərtəbəli yaşayış evində mənzilləri, hətta bəzilərinin villası da var.  Həmçinin o müraciətdə imzası olanların bir çoxu jurnalistlərə verilən 1-ci və 2-ci yaşayış binasında mənzillə təmin olunublar. Bir məsələni də vurğulayım ki, jurnalistlər binasında mənzilləri ola-ola yenidən dövlət tərəfindən mənzillə təmin olunanlar həmin artıq olan mənzillərini kirayə veriblər.  Bu da acı bir reallıqdır. Onu da deyim ki, istər Yazıçılar Birliyində, istərsə də jurnalistərə verilən mənzil bölgüsündə mənzili ola-ola mənim mənzil haqqıma girənləri heç vaxt, heç zaman  bağışlamayacağam.  Əlim hər iki dünyada mənzil haqqımı əzənlərin, məni daxmalarda, zirzəmilərdə çürüdənlərin, kirayələrdə ürəyimi qubar edənlərin yaxalarında olacaq.  Hörmətli Xalq yazıçısı Anar müəllim! Siz Yazıçılar Biriyinin katibləri ilə bağlı, eləcə də digər əməkdaşları ilə bağlı dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyevə onlara mənzil verilməsilə bağlı TƏQDİMAT göndərmisiniz. Onlar da fərdi qaydada ölkə prezidenti tərəfindən SİZin TƏQDİMATınıza əsasən mənzillə təmin olunublar. Anar müəllim, SİZdən xahiş edirəm ki, mənimlə bağlı da ölkə Prezidenti cənab İlham Əliyevə TƏQDİMAT göndərin, Prezident məni də mənzillə təmin etsin. Səhhətimdə çox-çox ciddi problem yaranıb. Divarı, döşəməsi su içində olan daxmalarda, zirzəmilərdə yaşaya bilmirəm daha. Canım dözmür, ürəyim qubar olur kirayələrdə... Yeri gəlmişkən onu da söyləyim ki, Yazıçılar Birliyində olduğu kimi jurnalistlərlə bağlı mənzil bölgüsü də qətiyyən düzgün həyata keçirilmədi. O yaşayış binalarında da, bir çox mənzilləri bir neçə yerdə mənzili olanlara verdilər. Çox böyük ədalətsizlik baş verdi. Bu ölkədə nə qədər ədalətsizlik baş verir ey Böyük Allah?  Rəbbim, məgər SƏN Azərbaycandakı ədalətsizlikləri, haqsızlıqları görmürsənmi?  Heç olmasa SƏN izin vermə ki, bu ölkənin məmurları ədalətsizlik, haqsızlıq etsin. Ey Böyük Allah, yoxsa SƏN də Azərbaycanın idarəçiliyində olan vəzifəli şəxslər kimi, məmurlar kimi bu XALQı unutmusan, yaddan çıxarmısan? Bir daha söyləyirəm, çox-çox təssüflər ki, mənə nə Yazıçılar Birliyi tərəfəfindən mənzil verilmədi, nə də ki, jurnalistlər üçün tikilmiş hündürmərtəbəli yaşayış evlərindəki mənzillərdən verilmədi. Azərbaycan adlı bu kiçik məmləkətdə o qədər böyük ədalətsizliklər, o qədər böyük haqsızlıqlar var ki, jurnalist kimi bilmirəm hansı birini deyim. Cənablar, haqq-ədalət belə olurmu? İdarəçilik belə aparılırmı? İnanın ki, belə haqq-ədalət olmaz. Bəlkə sizlər üçün haqq-ədalət bu cürdür? P. S. Bu məsələyə aidiyyatı olan dövlət qurumlarının rəhbərləri, ədalət tərəzisinin çəki daşlarını əllərinizlə niyə əyirsiniz? P.S.S. Unutmayın ki, Böyük Allah yer üzündə qara daşın üstündə qara qarışqanı da görür.  P. S.S.S. Onu da unutmayın, Yer üzünün də,  Göylərin də Sahibi var. Bu dünya belə qalmaz. P.S.S.S.S. Ziyalı bir xanıma qarşı, ədəbiyyat adamına qarşı, şair-jurnalistə qarşı bu qədər qanunsuzluq, bu qədər ədalətsizlik, bu qədər haqsızlıq olarmı cənablar? Yerlərin-Göylərin Sahibi olan Sahiblər Sahibinin nə vaxtsa bu ölkənin ədalətsizlik edən, haqsızlıq edən vəzifəli şəxslərinə, məmurlarına çox böyük qəzəbi tuta bilər... XATİRƏ ƏZİZ Rəhimli Şair-publisist, jurnalist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Bilyinin üzvü

“Bunun adı qrip deyil!” - Tanınmış həkim həyəcan təbili çaldı

“21 günlük qrip?.. Qrip üç həftə davam edə bilməz... Kəskin faza uzağı bir həftəyə keçməlidir... üç həftə insan qızdırırsa, bunun adı qrip olmayacaq...” Sozcu.az xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev hazırda Azərbaycanda müşahidə olunan xəstəlik barədə bildirib. “Camaatı panikaya salmayaq, amma qripdi, boş verin demək də düzgün deyil...”, - həkim əlavə edib. V.Qarayevin sözlərinə görə, uşaqlarda pnevmoniya sıxlaşıb. “İndiki viruslar uşaqlarda 3-5 günə pnevmoniya verir”,- deyə o xəbərdarlıq edib. Pediatrın sözlərinə görə, vaxtında həkimə müraciət edilsə, pnevmoniyadan "qaçmaq" mümkündür....

Bakıda kişi dərmandan zəhərlənərək öldü

Yasamalda kişi dərmandan zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Asif Bəhmən oğlu Allahverdiyev yaşadığı M.Xiyabani küçəsi ev 13 mənzil 25-dən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayararaq A. Allahverdiyev ölüb. Araşdırma aparılır.

Hərbçimiz yol qəzasında həlak oldu

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, hadisə zamanı 2003-cü il təvəllüdlü Səbuhi Əliyev həyatını itirib. S.Əliyev MAXE idi və işğaldan azad olunmuş ərazilərdə xidmət edirdi. Qeyd edək ki, mərhum bu gün Qazax rayon Qaymaqlı kəndində torpağa tapşırılıb.

Faktiki hava: 12 dərəcə şaxta olub

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib. Yağan qarın hündürlüyü Qax, Şahbuzda 22, Qusarda 16, Qubada 14, Gədəbəydə 12, Şəkidə (Kişçay) 11, Xaltanda 6, Ordubadda 5, Qobustanda 4, Altıağac, Şərurda 3, Culfa, Sədərək, Qusarda 2 sm -dir. Düşən yağıntının miqdarı Şamaxı, Astarada 6, Oğuzda 5, Cocuq-mərcanlı, Qəbələ, Altıağac, Lənkəran, Lerikdə 4, Culfa, İsmayıllı, Şəki, Şabran, Yardımlıda 3, Zaqatala, Qax, Neftçalada 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Naxçıvan, Balakən, Tərtər, Kürdəmir, Sabirabad, Beyləqan, Biləsuvarda 1 mm-dir. Daşkəsən, Qəbələ, Şəki, Qobustan, Şamaxı, Qusar, Qrız, Göyçay, Kürdəmir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Naxçıvan MR-da 10, Aran rayonlarında 5, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Qaz limiti bu tarixdə sıfırlanacaq - Rəsmi

İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır. Sozcu.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt.az-a açıqlamasında hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğacların dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcəyini bildirib. “Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”, - qurum rəsmisi əlavə edib. E.Vəliyev qeyd edib ki, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir: “Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir”. O qeyd edib ki, yanvarın 6-7-dən sonra abonentlər alacaqları qazı 1200 kubmertlik limitlə əldə edəcəklər: “Bu isə 12,5 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12,5 qəpik ödəyirlər. Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 22 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 30 qəpikdən hesablanır".

Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox - "Traktor"un sahibi

Təbrizin "Traktor" futbol klubunun sahibi Məhəmmədrza Zunuzi televiziya kanallarının birində canlı yayımda çıxışı zamanı türklərə qarşı təhqirlərə sərt reaksiya verib. Sozcu.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. O bildirib ki, şəxsi təhqirlərə dözə bilər, lakin Azərbaycan xalqına qarşı hörmətsizliyə heç vaxt göz yummayacaq. Zunuzi qeyd edib ki, etnik təhqirlər davam edərsə, komandanın oyunlara çıxmasına icazə verməyəcək: "Futbolda başımızı da kəssələr, türklərə qarşı təhqir qarşısında geri çəkilməyəcəyik. Xalqın qeyrəti "Traktor"dan da önəmlidir".

Milli Qəhrəmanın anası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anası Şərqiyə Həmidova 86 yaşında dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, mərhum uzun müddət şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkib. Şərqiyə Həmidova bu gün Sumqayıt şəhərində dəfn olunub. Allah rəhmət eləsin.

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Ukrayna rus xüsusi təyinatlılarını darmadağın etdi

Ukrayna ordusu Donetsk vilayətinin Berdyansk yaşayış məntəqəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin komanda məntəqəsinə və xüsusi təyinatlıların toplanış mərkəzinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin PUA komandiri Robert Brovdi (Madyar) məlumat verib. Məlumata görə, zərbələr nəticəsində 51 nəfər öldürülüb, 74 nəfər yaralanıb, xeyli sayda hərbçi isə itkin düşüb. Ümumilikdə, Rusiya Baş Kəşfiyyat İdarəsinin 14-cü Xüsusi Təyinatlı Briqadasının 120-dən çox əsgəri zərərsizləşdirilib.

Suriyada etiraz aksiyaları: ölən və yaralananlar var

Suriyanın Tartus, Latakiya və Hüms şəhərlərində etiraz aksiyaları keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. Məlumata görə, etirazçılar mülki əhalinin qorunması və vətəndaş hüquqlarının pozulmasına son qoyulması tələbi ilə şüarlar səsləndiriblər. Qarşıdurmalar nəticəsində bir neçə ölən və xəsarət alanların olduğu bildirilir.

Faciəvi şəkildə ölən iki bacının FOTOsu

Xəbər verdiyimiz kimi, dünən Biləsuvar rayonunda dəhşətli qəza baş verib. Sozcu.az bildirir ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb. Onların fotolarını təqdim edirik:  (Sfera.az)

Kəlbəcərdə qarın hündürlüyü 35 santimetri keçdi

Dekabrın 28-də saat 03.00-dan başlayaraq Kəlbəcər rayonuna qar yağmağa başlayıb. Sozcu.az xəbər verir ki, Kəlbəcər şəhərinə qarın hündürlüyü 15, yüksək dağlıq ərazilərdə isə 35 santimetri keçib. Havanın temperaturu - 2°-dir.

Tərtərdə ağır qəza: yaralılar var

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan "Mersedes" və "Mitsubişi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

General Rusiyanı məğlub etməyin yeganə yolunu açıqladı

Ukraynanın qələbəsini təmin etmək üçün biz Rusiya təcavüzkarının iqtisadiyyatını sarsıtmağa diqqət yetirməliyik. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, general Ben Hoces deyib. "Düşünürəm ki, Ukraynanın qələbə nəzəriyyəsi Rusiyanın neft və qaz infrastrukturunun məhv edilməsində, neft və qaz ixrac etmək imkanlarının pozulmasındadır. Ukrayna Rusiyanı belə məğlub edə bilər", - deyə o bildirib. O vurğulayıb ki, Rusiya Çin, Hindistan, Türkiyə və digər müştərilərə neft və qaz ixracından əldə etdiyi gəliri itirərsə, hücumlarını maliyyələşdirə bilməyəcək. Bundan əlavə, neft və qaz sektoruna hücumlar Rusiyanın daxili bazarında, xüsusən də hərbi sektorda müəyyən yanacaq çatışmazlığı yaradacaq.

Goranboyda ər-arvad dəm qazından zəhərləndi

Goranboyda ər-arvad dəm qazından zəhərlənib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, 1975-ci il təvəllüdlü Aqşin Qəribov və 1982-ci il təvəllüdlü Aynurə Qəribova dəm qazından zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, ər-arvad yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1404-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 204 510 hərbçi, 11 469 ədəd tank, 23 831 ədəd zirehli döyüş maşını, 35 557 ədəd artilleriya sistemi, 1 581 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 264 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 71 778 ədəd avtomobil texnikası, 96 227 ədəd PUA, 4 136 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 029 xüsusi avadanlıq itirib.

Zelenski Trampdan öncə Avropa liderləri ilə danışıb

Ukrayna Prezidcenti Vladimir Zelenski ABŞ Prezidenti Trampla görüşdən əvvəl Avropa liderləri ilə danışıb. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat verib. “Hazırkı diplomatik irəliləyişimizi müzakirə etdik. Ukrayna bütün dəstəyə görə minnətdardır. Prezident Trampla görüşümüzdən sonra sabah söhbətimizi davam etdirəcəyik”, - Zelenski bildirib. Qeyd edək ki, bu gün Floridada ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçiriləcək.

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri alqışlayır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabındakı paylaşımında bildirilib. Bildirilib ki, Yəməndə mövcud vəziyyət təmkinli davranmağın, kollektiv fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verməyin zəruriliyini önə çıxarır: "Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir və ölkədə davamlı sülh, rifah və inkişafın əldə olunması məqsədilə yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün təşəbbüsləri yüksək qiymətləndirir".

Binədə əqli pozuntuları olan kişi elektrik sobasında yandı

Bakıda 53 yaşlı kişi sobanın üzərinə yıxılıb. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verib. Qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli pozuntuları olan Elşad Sadıqov yaşadığı evdə elektrik sobasının üzərinə yıxılıb. Hadisə nəticəsində o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ABŞ və Ukrayna prezidentləri beş məsələni müzakirə edəcəklər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşdə Rusiya ilə müharibənin dayandırılması üzrə beş məsələni müzakirə edəcək. Sozcu.az xəbər verir ki, bu barədə o, ABŞ-yə səfərindən əvvəl jurnalistlərə deyib. Dövlət başçısı bildirib ki, dekabrın 28-də amerikalı həmkarı ilə keçiriləcək danışıqlarda bu məsələlər müzakirə olunacaq: ABŞ-dən Ukraynaya təhlükəsizlik zəmanəti, Avropadan təhlükəsizlik zəmanəti, hərbi komponent, Ukraynanın rifahı və bərpası planı, planın mərhələli icrası - hər planın necə işləyəcəyinə dair təkliflər. Kiyev və Vaşinqton ardıcıl fəaliyyət planını da nəzərdən keçirəcək. Zelenskinin sözlərinə görə, bütün maddələr müzakirə edildikdən sonra ABŞ əldə olunan razılaşmaların nəticələrini Rusiya tərəfinə təqdim edəcək.

Ucqar bölgələrdə ana ölümü səviyyəsi 43.4-ə yüksəldi - NƏ BAŞ VERİR?

2010-cu illə müqayisədə 2024-cü ildə ölkə üzrə ana ölümü səviyyəsi 12.6 bənd artaraq hər 100 min diri doğulana görə 28.3 nəfərə yüksəlib. Göstərilən dövrdə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 26 nəfərdən 29 nəfərə çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, 2010-cu illə müqayisədə 2024-cü ildə ana ölümü səviyyəsi kənd yerlərində 9.5-dən 43.4-ə yüksəlib, şəhər yerlərində isə 22-dən 12.2-yə enib. 2024-cü ildə ana ölümü hallarının 6-sı şəhər, 23-ü isə kənd yerlərinin payına düşüb. 2024-cü ildə ana ölümü hallarının sayı Lənkəran-Astara və Mil-Muğan iqtisadi rayonlarında hərəsində 5, Qarabağ iqtisadi rayonunda 4, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında 3, Dağlıq Şirvan, Qazax-Tovuz və Quba-Xaçmaz iqtisadi rayonlarında isə hərəsində 2 hal olaraq qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonlarında isə hərəsində 1 ana ölümü faktı qeydə alınıb. Bakı şəhəri, Şəki-Zaqatala və Şirvan-Salyan iqtisadi rayonlarında ana ölümü halları müşahidə edilməyib. Ana ölümü anlayışı hamiləliyin müddətindən və harada baş verməsindən asılı olmayaraq, hamiləliyin ağırlaşması və ya düzgün aparılmaması nəticəsində (bədbəxt hadisə və ya təsadüfi səbəblər istisna olmaqla) hamiləlik dövründə, doğuş zamanı və ya hamiləliyin başa çatmasından sonra ilk 42 gün ərzində qadının vəfat etməsi halını ifadə edir.

Müəllim dəhşətli qəza törətdi: ölü və yaralılar var

Biləsuvar rayonunun Nəsimikənd ərazisində avtomobil kanala düşüb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, qəza "Leksus" markalı, 90 EU 111 nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Məlumata görə, qəzanı Biləsuvar rayon Telekomnukasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəlliməsi Fidan Rüstəmova törədib. Avtomobildə sürücüdən əlavə bir neçə qadın sərnişinin olduğu, onlardan birinin öldüyü bildirilir. Qeyd edək ki, bir neçə gün əvvəl də Biləsuvarda avtomobilin kanala düşməsi nəticəsində 5 nəfər ölmüşdü.