“Klassik Vəzirovçulara tələsik cavab…” – ELDAR SABİROĞLU

Eldar Sabiroğlu

Təzə xəbər tutdum ki, birisi 28 oktyabr 2019 cu il tarixində onun barəsində faktoloji yazılarıma cavab olaraq simasına çəkilmiş çirkabı təmizləmək üçün ağlı kəsdiyi formada uzun bir statusla ürəyini boşaldıb. Ancaq adımı çəkməyib. Görünür, ya alicənablığı buna imkan verməyib, ya da şəxsinə uyğun saymayıb. Hörmət əlaməti olaraq mən də onun ismini hallandırmağı istəmədim.

Siyasi avanturistdən tutmuş dövlət adamlarına ləkə atmağa qədər, hətta hakimiyyətdə təmsil olunmaq ücün dəridən-qabıqdan guya çıxdığına qədər hər şeydən danışıb bu hər şeyşünas. Sən demə, hökumət adamlarına böhtan atmaqla məşğul oluram. Tarixçilərin bəzən uydurmaları olur, lakin sənin təki yalanları özü üçün siyasi mübarizədə həyat amalına çevirən ikinci bir MDU-nun yetişdirməsi olan tələbənin bu sayaq Donki Xotluğuna inamım gəlmir. Hələ rus dilini 3 ballıq səviyyədə bilən gənc Vəzirovçunun bu elmi məbəddə necə dissertasiya müdafiə etməsini təsəvvürdə belə canlandıra bilmirəm.

Əmin ol ki, bəzi mətləbləri deyib qanını qaralamaq fikrim yoxdur. Ancaq Həzrət Əlinin adı haqqı vəzifə-zad xəyalımdan keçmir. Əgər razılaşsan mətbuata çıxmadan Malakan bağında görüşüb vaxtı ilə Heydər Əliyevə qarşı Kremlin tapşırıqları əsasında hücum kampaniyasını başladan və müdafiəsinə qalxdığın satqın Vəzirovun əleyhinə 1989 -90 -cı illərdə qələmə aldığım yazıları oxuyum, bəlkə ürəyindən asılmış daşları yerə tökə bildim. Daşın bu mənasız inadkarlıqdan.

Bir tarixi faktla bağlı sənədlərlə də səni tanış edərdim. Ləkəli imzanı atdığın zaman mən Bakı Ali Partiya Məktəbində oxuyurdum. Vəzirov hakimiyyətinə etiraz olaraq tələbə yoldaşlarım Mehman Cavadoğlu, Fəxrəddin Abbasla birlikdə məktəbdə tətil komitəsini yaratdıq və üç günlük tətilin baş tutmasına nail olduq. Mərkəzi Komitədə bir – birinə dəymişdilər. Tətil Komitəsinin bəyanatını yaydıq. Ermənilər komitənin toplantısından imtina etdilər, gürcülər isə həmrəylik göstərdilər. Partkomun kabinetində Oktay müəllim və indiki deputat Rasim Musabəyov bizimlə xeyli söhbət apardılar. Lakin mövqeyimizdən geri durmadıq. İnsafən deyim ki, müəllimlərimizdən heç bir basqı və təzyiq də görmədik. Sağ olsunlar! Sən isə o vaxt klassik Vəzirovçu kimi anti- Heydər Əliyev mövqeyində dayanmışdın. Nə oldusa Heydər Əliyevlə birlikdə təyyarə ilə Naxçıvana gəldin və bunu etiraf etməliyik. Bir neçə aydan sonra yox oldun və Ukraynada Quskanın şirkətində qapançılıq vəzifəsinə təyin olundun. Bu əhvalatı rəhmətlik Heydər Əliyev Prezident Aparatında sənin gözlərinin içinə dedi.Ona qədər sənin bəzi əməllərindən xəbərsiz idim.

Klassik Vəzirovçu, bir həqiqəti qulağından sırğa elə as. Heydər Əliyev siyasətinin uzunömürlülüyünün mənim təfəkküründəki yeri və əhəmiyyəti dəyişməzdir. Bu bağlılığın məntiqini dərk etmək sənlik deyil. Xain həmişə xoflu olar. Sən qəbildən olan dövlət və hökumət məmurlarını tənqid etməkdən çəkinməyəcəyəm. Statusunda utanıb-qızarmadan özünə elə təriflər vermisən ki, oxuyan sənin mahiyyətini dərhal müəyyən edə bilər. Trollara güvənəndən artıq nə gözləmək olar!?

Facebook Comments