“Ramiz Mehdiyev Akademiyadan milyonlar çırpışdırıb” - Firuz Mustafa

“Bu adam işlədiyi müddətdə ölkəyə regionçuluq kimi xəcalətverici bir “xəstəlik” gətirdi. Yalan, riya, dələduzluq daha çox bu adamın dövründə çiçəklədi. “Boz kardinal” ayaması ilə tanınan bu adam Parlamenti öz “boz adamlar”ı ilə doldurdu. Rüşvəti və talançılığı “qanuniləşdirdi”. Sozcu.az xəbər verir ki, bu sözləri dramaturq, filosof Firuz Mustafa öz sosial media hesabında yazıb. O, Ramiz Mehdiyev haqqında münasibət bildirərək qeyd edib: “Ramiz Mehdiyev 80-lərin sonunda Mərkəzi Komitədə “vurulandan” sonra indiki AMEA-ya göndərilmişdi. Açığını deyim ki, elə o vaxtlar da elm adamları onun adını eşidəndə üz-gözlərini turşudar, ünvanına xoş olmayan sözlər deyərdi. Yaşlı alimlərin dediyinə görə, Ramiz MK-da olarkən həmişə elmin inkişafına mane olmuş, öz mövqeyi olan institut rəhbərlərini sıxışdırmaqla məşğul olmuşdu. Bundan başqa, işdən çıxandan sonra qəzetlərə verdiyi müsahibələrdə özünü müdafiə tərifi ilə başqalarının ünvanına iftiralar deyir, onu irəli çəkən işıqlı simaları qaralayır, vaxtilə birlikdə “vuruşduqları” yaxın dostlarını “baqaja” qoyurdu”. Firuz Mustafa bildirib ki, Mehdiyevlə şəxsi tanışlığı olmayıb, lakin onun elm aləminə münasibəti heç vaxt müsbət qarşılanmayıb: “Xatırlayıram, onun təzə gələn vaxtları idi. Akademiyanın bir qrup gənci, aspirant və elmi işçiləri, elə foyedəcə qarşısını kəsib antimilli yazı və zərərli fikirlərinə görə onun “dərsini” verərkən, biz Mehdiyevlə üz-üzə gəldik. Mən cavanlardan xahiş etdim ki, onun “yaxasından” əl çəksinlər. O vaxt aspirantlara dərs deyirdim, məni tanıyırdılar, sağ olsunlar, Mehdiyevi “sərbəst” buraxdılar. Amma bu həngamə başa çatanda kənarda dayanıb bayaqdan söhbətimizi dinləyən yaşlı tarixçi alim tanışım yaxınlaşıb məndən soruşdu: “Müəllim, sən Ənvəroviçi tanıyırsan?” Dedim, yox. Dedi: “Yaxşı ki, tanımırsan. Tanısan bilərsən ki, yerin altında iki bu boyda Ramiz var”. Dramaturq əlavə edib ki, Mehdiyev tez-tez Fəlsəfə İnstitutunda keçirilən toplantılarda iştirak edirdi: “Ən çox Əfrand Daşdəmirov və Ramiz Rzayevlə görmək olurdu. Nə rusca düz-əməlli danışa bilirdi, nə də azərbaycanca. Pırpız qaşlarının altından vurnuxan qəzəbli gözləri hamıya şübhə ilə baxardı. Şimalın girovu olduğu hər kəlməsindən bilinirdi. Əlində həmişə qara rəngli iri bir portfel olardı. O, yol gedəndə həmin portfelin arxası və qara paltosunun ətəyi az qala yerlə sürünürdü”. Firuz Mustafa qeyd edib ki, Mehdiyev sonradan yenidən vəzifəyə qayıdıb və bu dönəmdə də ölkəyə zərər vurub: “Az sonra Ənvəroviç Şimaldakı dayaqlarının köməyi ilə yenidən vəzifəyə qayıtdı. Nələr elədiyinin çoxunuz, qiyabi də olsa şahidisiniz. Taleyin gərdişinə baxın ki, Ənvəroviç ikinci dəfə vəzifədən uzaqlaşdırılandan sonra yenə “elmə” qayıtdı. İndi onu silahlı cangüdənlər qoruyurdu. Sən demə, Ənvəroviç əvvəllər yığdığı ilə qane olmayıbmış. Az sonra mətbuat yazdı ki, o, Akademiyadan milyonlar çırpışdırıb. Bu da onun “elmə xidmətinin” son akkordları idi. O, ürəkdən nifrət etdiyi görkəmli elm adamlarının, istedadlı insanların son qəpiyinə də tamah salırdı”. O, həmçinin bildirib ki, Mehdiyev vəzifədən getdikdən sonra da Akademiyada fəaliyyətini davam etdirib: “İndi məlum olur ki, Ənvəroviç, Akademiya rəhbərliyindən uzaqlaşdırılandan sonra da orada “fəaliyyətini” davam etdirib. O, Rusiyadan gələn emissarları elə Akademiyadakı “keçmiş” bərbəzəkli kabinetində qəbul edirmiş. Deyirlər, Ənvəroviç 23 il ərzində 32 kitab yazıb. Xub. elə isə Ramiz müəllim heç olmasa həmin kitablardan birinin əlyazmasını göstərsin. Deyə bilərlər ki, kitabları bilgisayarda yazıb. Axı bu adam latın hərflərini düz-əməlli tanımır və kompyuterdən istifadə etmir”. Sonda filosof əlavə edib: “Yada düşmüşkən, orasını da deyim ki, akademik Ənvəroviç də öz dostu və kumiri akademik Primakov kimi “dənizçidir”. Yəni onlar ayrı-ayrı vaxtlarda Bakı Dənizçilik məktəbini bitiriblər. P.S. Əgər günlərin bir günü Ənvəroviçin məhkəməsində onun üzünə duranların hamısının öz “seçmə kadrı” olduğunu görsəniz, təəccüblənməyin”.

Zelenski Putinlə hər yerdə görüşməyə hazırdır - Yermak

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə hər yerdə görüşməyə hazırdır, Rusiya və Belarus istisna olmaqla. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Axios”a müsahibəsində deyib. “Donald Trampla son söhbətlərinin birində Zelenski Rusiya və ya Belarusdan başqa dünyanın istənilən yerində, istənilən formatda Putinlə görüşməyə hazır olduğunu bildirib. Kreml lideri bu cür görüşləri rədd etməkdə davam edir”, - Yermak bildirib.

Berlindən Tramp-Putin görüşünə reaksiya: Alqışlayırıq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə gözlənilən görüşünü alqışlayırıq. Sozcu.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib. “Bütövlükdə, danışıqların davam edəcəyini yaxşı hal hesab edirəm”, - o bildirib. Almaniyalı nazir qeyd edib ki, Putinlə Trampın bu görüşünü Rusiya və Ukrayna arasında birbaşa danışıqlara gedən yolda ilkin mərhələ hesab edir: “Bu, aydın sülh danışıqlarının aparılması məqsədi ilə edilirsə, o zaman məqbuldur”.

Rusiyada azərbaycanlıların həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi bu ilin iyununda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) reydi zamanı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddətini uzadıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV-i Sverdlovsk vilayəti məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər yayıb. “Məhkəmənin 16 və 17 oktyabr 2025-ci il tarixli hökmləri ilə Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Onların hamısının həbsi dekabrın 29-dək davam edəcək”, – məhkəmədən bildirilib. İyunun 27-də Yekaterinburqda döyülmə və işgəncələrlə müşayiət olunan azərbaycanlıların kütləvi həbsləri baş verib. 50-dən çox adam polis bölməsinə aparılıb. Rusiya təhlükəsizlik qüvvələrinin basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb. Regional istintaq komitəsi iddia edib ki, “etnik cinayətkar qruplaşmaya daxil olan müttəhimlər Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər”.

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Oktyabrın 17-si saat 18:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 17-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Qəbələ, İsmayıllı, Altıağac, Quba, Xaçmaz, Şabran, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış, Şahdağda qar yağır. Bakıda və Abşeron yarımadasında isə çiskinli hava müşahidə olunur. Daşkəsən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Altıağac, Qusar, Qrız, Göyçayda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Rusiya öz təyyarəsini vurdu

Gecə Ukrayna Silahlı Qüvvələrinin Krıma hücumunu dəf edərkən ruslar təsadüfən öz təyyarələrini vurublar. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib. “Ukraynanın hücumlarını dəf edərkən, Krım üzərində öz təyyarələrini vurdular. Mübarizə davam edir. Hazırda Krımda bütün məlumatları toplanır”, - Pletençuk bildirib. Onun sözlərinə görə, Krıma son gecə hücumundan sonra rusların daha bir neft bazasında yanğın başlayıb.

AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır...

Mehdiyev AMEA-da olanda, hətta bağında oturanda parlamentə, ictimai, siyasi, media sahəsinə müdaxilə edə bilərdi, bunun üçün əlində, çox güman, rıçaqları var idi. Amma, ölkədə iqtisadi vəziyyətə müdaxilə imkanlarının olduğunu düşünmürəm. Məmləkətin makro-iqtisadi mənzərəsi isə, yumşaq desəm, ürək açan deyil. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib. “Azərbaycanda ÜDM artmır, 0,9% lik artım ciddi məsələ deyil, hətta ressesiya göstəricisidir, adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşmüşük, büdcəmizin gəlir hissəsi gələn il cəmi 67 mln. manat artacaq ki, bu da heç artım deyil. Bunlar azmış kimi, AYNA taksi xidmətini tam inhisara almağa cəhdlərini dayandırmır, taksi sayına mənasız və məzmunsuz limit qoymağı təklif edir, Nazirlər Kabineti bunu qəbul edir - nəticədə 30 min insan işsiz qalacaq, taksi qiymətləri isə kəskin bahalaşacaq. AYNA hava limaninda da taksi xidmətini inhisara alır, buna hətta Ombudsman Aparatı etiraz edir, amma heç nə dəyişmir. İndi təqaüd yaşını da artırmaq istəyirlər, Maliyyə Nazirliyi təklif hazırlayıb, təqaüd məsələsində yaş həddi vacib, amma ikinci dərəcəli məsələdir, həmişə qəsdən bunu qabardırlar ki, təqaüdlərin az olması müzakirədən kənar qalsın - halbuki, ən vacib məsələ budur, ölkədə 900 min təqaüdçü minimum təqaüd civarında ödəniş alır, ayıb olan, düzəldilməli olan məsələ budur. Yəni, iqtisadi komandanın işində qüsurlar var və bu məsələ tezliklə həll olunmalı, həm komanda, həm də aparılan iqtisadi siyasət kökündən dəyişdirilməlidir”, - o bildirib.

Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Səyyaf Orucov cinayət məsuliyyətinə cəlb olundu

Qanunsuz olaraq orden və medallar hazırlayaraq çoxsaylı şəxslərə təqdim etmiş qeyri-hökumət təşkilatlarının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları tərəfindən qanunsuz olaraq müxtəlif adda orden və medallar təsis edilərək ayrı-ayrı şəxslərə verilməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həyata keçirilən tədbirlərlə ayrı-ayrı qeyri-hökumət təşkilatları, o cümlədən “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Qarabağ Əlillərinə Qayğı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri, “Beynəlmiləlçi Əlil Döyüşçülər” və “Dədə Qorqud Xeyriyyə” Fondları, habelə digər qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərini aşmalarına əsaslı şübhələr müəyyən edilib. Belə ki, qanunvericiliyə, o cümlədən "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna uyğun olaraq orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olması, digər normativ hüquqi aktlarda orden və medalların (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis olunmasının qadağan olunması, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanuna uyğun olaraq isə qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməz olmasının təsbit edilməsinə baxmayaraq, sözügedən qeyri-hökümət təşkilatlarının vəzifəli şəxsləri vəzifə səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmaqla qanunsuz olaraq müxtəlif adda çoxsaylı orden, medal və döş nişanları təsis edib, həmin orden medal və döş nişanlarını şəxsi münasibətlərə görə, eləcə də, müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında çoxsaylı şəxslərə təqdim ediblər. Keçirilmiş axtarış və digər istintaq hərəkətləri ilə 1.518 ədəd orden və medal, 777 ədəd orden və medalların vəsiqələri, 7 ədəd kitabça, qeyd edilən orden və medalların müxtəlif vaxtlarda 8.069 nəfər şəxsə təqdim edilməsinə dair qeydlər və digər maddi sübutlar götürülüb. Toplanmış ilkin sübutlarla “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun sədri Səyyaf Orucov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevə Cinayət Məcəlləsinin 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Eyni zamanda oxşar xarakterli faktlarla bağlı prosessual hərəkətlər davam etdirilməklə, bu sahədə qanun pozuntularına yol vermiş qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunanlarla yanaşı, bu sahədə nəzarətin həyata keçirilməsini təmin etmək, qanun pozuntularından çəkindirmək, qanun pozuntularının və onları doğuran səbəb və şəraitin aradan qaldırılmasını təmin etmək məqsədilə prokuror təsir tədbirləri görülür. İbtidai istintaq davam etdirilir, nəticəsi barədə əlavə məlumat veriləcək.

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Azərbaycanın bəzi yerlərində oktyabrın 17-si saat 10:00-a olan məlumata əsasən hazırda leysan xarakterli yağış yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Astarada 15, Qubada 13, Zaqatalada 11, Şabranda 10, Oğuzda 7, Yardımlı, Lənkəran və Qusarda 5, Lerikdə 4, Xaltan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Xaçmaz, Qəbələ, Xızı, Şəki (Kişçay), Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır. Sumqayıt, Şəmkir, Xızı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilir.

Bakıda 87 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq öldü

Bakıda 87 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün Xətai rayonunun Gəncə prospektində baş verib. Əqli qüsurlu olduğu bildirilən 1938-ci il təvəllüdlü V.Rüstəmova yaşadığı binanın 6-cı mərtəbəsindəki evinin eyvanından yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda 43 yaşlı kişi faciəvi şəkildə öldü

Sumqayıtda 43 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib. Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Vüqar Söhrab oğlu Abbasov yıxılaraq başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırmalar aparılır.

DİN-dən Yasamaldakı silahlı insidentlə bağlı açıqlama

Oktyabrın 16-da Yasamal rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş iki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gizirlərin hərbi xidmət MÜDDƏTİ ARTIRILIR

Bir sıra gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır. Sozcu.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətin müddəti təqvim hesabı ilə 5 ildir. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər. Layihəyə əsasən, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətin müddəti təqvim hesabı ilə 5, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar üçün isə 10 il olacaq. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılacaq. Mövcud qanunvericiliyə əsasən, azı tam orta təhsilli və bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə bilərlər. Layihəyə əsasən, ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, habelə 19 yaşından 40 yaşınadək qadınlar gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə biləcəklər. Həmçinin, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə əyani təhsilalma müddəti öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək. Bundan əlavə, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddi 35, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 (hazırda 50 yaşdır) yaş olacaq. Mövcud qanunvericiliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hər dəfə 2 ayadək müddətə 5 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə 10 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla bilərlər. Təklif edilən dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hər dəfə 1 ayadək müddətə 10 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə 10 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə 5 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla biləcəklər. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, hərbi qulluqçular "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində də sərəncamda olacaqlar. Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Tovuzda qətlə yetirilən qadının atası: Dolanmırdılar...

"Bunlar küsülü idilər, bir-biri ilə danışmırdılar. Bu da xaricdə idi, gəlib hədələyib. İnanmazdım ki, belə bir hadisə baş verə bilər".  Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə əri tərəfindən qətlə yetirilən 26 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə bildirib. Onun sözlərinə görə, kürəkəni qızını xəyanətdə ittiham edirmiş. "Xəbər verdilər ki, belə bir hadisə olub. Evimə gəlib bıçaqlayıb qaçıb. Mənim həyatımı söndürdü. Qızım üç ay idi bizimlə qalırdı. Ər evinə getmirdi. Danışmırdılar. Qızımı götürüb qaçmışdı. Əvvəllər yaxşı idi. Sonra oyun qurdular, qatıb-qarışdırdılar. Kimsə bunun beynini doldururdu. Qızıma deyirdi ki, sən guya pis yoldasan". Qeyd edək ki, bu gün səhər saatlarında 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadəni bıçaqla qətlə yetirib. Axşam saatlarında isə Səbuhi Hacızadə kəndin yaxınlığında özünü asaraq intihar edib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Səbuhinin meyiti tapıldı

Tovuzda 29 yaşlı arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb. Sozcu.az bildirir ki, Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermada aşkarlanıb. İlkin məlumata görə, o, intihar edib. Meyit ağacdan asılı halda tapılıb.

Putinlə Tramp danışıqlara başladı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Görüşün nə qədər davam edəcəyi hələlik məlum deyil.

Fidan və Rubio Qəzzanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Qəzzada atəşkəsin qorunması və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması üçün atılacaq addımlar müzakirə edilib. Həmçinin, Şarm əl-Şeyxdə imzalanmış Niyyət Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə olunub. Bundan başqa, Suriyadakı proseslər, İranın nüvə proqramı ilə bağlı danışıqlara dair məsələlər, Rusiya ilə Ukrayna arasında müharibənin gedişi ilə bağlı da fikir mübadiləsi aparılıb.

İlham Haqverdiyev həbs edildi

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsində verilib. Həbs qətimkan tədbirinin müddəti 2 ay 20 gündür. Qeyd edək ki, İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.

“Tomahavk” gəlir: Rusiyada 2 min hərbi obyekt vurulacaq!

ABŞ Ukraynaya “Tomahavk” qanadlı raketlərini verməyi qərara alsa, onları idarə edənlər ukraynalılar deyil, amerikalılar olacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri məlumat yayıb. Qərb hərbi rəsmisinin sözlərinə görə, raketlər kifayət qədər qısa müddətdə, amerikalı podratçıların iştirakı ilə Ukraynaya göndərilə bilər. Onlar raketlərin istifadəsində köməklik göstərəcək, bu isə Vaşinqtona hədəflərə nəzarəti saxlamağa və ukraynalı hərbçilərin uzunmüddətli təlimini istisna etməyə imkan verəcək. Eyni zamanda, NATO dairələrində hesab edilir ki, Moskva bu addımı ABŞ-ın münaqişəyə birbaşa müdaxiləsi kimi qiymətləndirə bilər. Alyans rəsmilərindən biri bildirib ki, Rusiya nüvə şantajı elementləri ilə məsuliyyətsiz ritorika nümayiş etdirə və Ukraynaya daha genişmiqyaslı zərbələr endirə bilər. Bununla belə, ekspertlər hesab edirlər ki, bu qərar oyunun qaydalarını köklü şəkildə dəyişməyəcək və “Tomahavk” raketləri sadəcə Ukraynanın uzaqmənzilli PUA zərbələrinə əlavə kimi xidmət edəcək. Analitiklərin hesablamalarına görə, ABŞ bu raketləri Ukraynaya təhvil versə, onların atəş məsafəsinə Rusiyanın təxminən 1950 hərbi obyekti, o cümlədən 76 aviabazası daxil olacaq.

Yasamalda güllələnənlərin son durumu

Bakının Yasamal rayonunda oktyabrın 16-sı səhər saatlarında silahlı insidentdə yaralananlardan birinin vəziyyəti stabil, digərininki isə orta ağırdır. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, oktybarın 16-sı saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, istintaq başladılıb.

Ramiz Mehdiyevin halı PİSLƏŞDİ

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı yeni xəbər var. Sozcu.az xəbər verir ki, Mehdiyevə yaxın çevrədən Modern.az-a daxil olan məlumata görə, media və sosial şəbəkələrin gündəmi olan akademikin halı dünən axşam saatlarında pisləşib. Hətta onun üstünə həkim çağırıblar. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stress səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi bildirilir. Verilən məlumata görə, 87 yaşlı R.Mehdiyevi qəzəbləndirən əsas məsələlərdən biri vaxtilə vəzifəyə irəli çəkdiyi, deputat mandatı verdiyi, mövqe bəxş etdiyi bəzi insanların indi onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumuna ciddi təsir göstərdiyi xüsusi vurğulanır. Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində Ramiz Mehdiyevə cinayət işi başladılıb. O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib. Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib. O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir. R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.

Azərbaycanda körpə uşaqlar niyə ölür? – Komitə səbəblərini açıqlayıb

Ölkədə 1 yaşadək uşaqlar arasında ölüm hallarının sayı və səbəbləri açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Açıqlanan məlumata görə, 2024-cü ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı 1 420 nəfər olub. Bu o deməkdir ki, doğulan hər 10 min körpədən 276-sı 1 yaşına çatmadan vəfat edib. Ölüm hallarının sayı oğlan uşaqları arasında daha çoxdur. Belə ki, 804 oğlan uşağı 1 yaşına çatmadan həyatını itirib. Nəticədə, diri doğulan hər 10 min oğlan uşağından 148-i 1 yaşına çatmadan ölüb. Qız uşaqları arasında isə bu göstərici 128 olub. Ötən il diri doğulan 616 qız uşağı 1 yaşına çatmadan həyatını itirib. Ölümün əsas səbəbləri arasında perinatal dövrdə (doğuş zamanı və doğulduqdan sonrakı ilk günlər) meydana çıxan hallar birinci yerdədir. Bildirilir ki, 735 uşaq bu səbəbdən həyatını itirib. Körpə ölümlərinə səbəb olan sonrakı əsas səbəblər tənəffüs sistemi xəstəlikləri (178 ölüm), anadangəlmə anomaliyalar (inkişaf qüsurları) və xromosom pozuntuları (101 ölüm), sinir sistemi xəstəlikləri (32 ölüm), həzm sistemi xəstəlikləri (10 ölüm) və bəzi infeksion xəstəliklər (47 ölüm) olub. Bunlardan başqa, il ərzində travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirindən 12, digər səbəblərdən isə 305 uşaq 1 yaşına çatmadan həyatını itirib.

Ramiz Mehdiyevə cinayət işi açılması xəbərini ilk yayan vəkil danışdı

“Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqda ilk xəbəri mən yaymışam. Ancaq bununla bağlı məlumatın mənə necə gəldiyini və mənbəni açıqlaya bilmərəm”. Bunu “Yeni Sabah”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Pərviz Məmmədov deyib. O bildirib ki, R.Mehdiyevin işində vəkil kimi iştirak etmir.  “Jurnalist olmadığım üçün həmin xəbərin mənə istinad olunmadan paylaşılmasına iradım yoxdur. Peşəkar jurnalist deyiləm ki, mənim xəbərimə istinad verilməsini tələb edim. Sosial şəbəkədə öz profilimdə paylaşdım. Əsas odur ki, vətəndaşlarımızın bu barədə məlumatı oldu. Sözügedən xəbəri paylaşan saytları təqib etməmişəm və bunun üçün kimin istinad verib-vermədiyindən xəbərdar deyiləm”, - vəkil vurğulayıb.  Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

"Tomahawk": Trampın yeni təzyiq aləti və Putinin kabusu" - "The Times"

"ABŞ-ın köhnə, amma hələ də ölümcül raketləri Ukrayna savaşında oyun qaydalarını dəyişə bilər..." ABŞ prezidenti Donald Trampın Ukraynaya uzaqmənzilli "Tomahawk" qırıcı qanadlı raketlərinin verilməsi barədə istəklər və işarələr son günlərin əsas beynəlxalq gündəmi olub. Sozcu.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb. Nəşr qeyd edir ki, Trampın bu məsələni prezident Vladimir Zelenski ilə yaxın günlərdə müzakirə edəcəyi bildirilir. Həm Vaşinqtondakı görüş, həm də Trampın açıqlamaları dünya siyasətində gərginliyi artırıb.  "Tomahawk" nədir və nə üçün önəmlidir? "Tomahawk" ABŞ-ın uzaqmənzilli qanadlı raketlərindən biridir: onlar aşağı hündürlükdə uçub hədəfi dəqiq vura bilir, son modifikasiyalarda zirehə nüfuz edən başlıq və yüzlərlə kilometr mənzil əldə olunub. Bu raketlər dərin strateji zərbələr üçün uyğundur - komanda-mərkəzləri, yüksək dəyərli hərbi infrastrukturlar və mühüm sənaye obyektləri hədəf ola bilər. Buna görə də onların kütləvi çatdırılması qarşı tərəfin hava müdafiə şəbəkəsini "çəkməyə" məcbur edə və əməliyyat imkanlarını xeyli genişləndirə bilər. Təhdid, hədiyyə, yoxsa manevr? Tramp mətbuat qarşısında Zelenski ilə görüşdə "Tomahawk" mövzusunu müzakirə edəcəyini, ABŞ-in böyük ehtiyatı olduğunu bildirib və mövzunu həm təzyiq, həm də danışıqlar aləti kimi səciyyələndirib. Nüfuzlu nəşrlər yazır ki, Tramp bu vasitəni həm Putinə təzyiq vasitəsi kimi, həm də NATO və Avropa müttəfiqlərinə "hərəkətə keçin" siqnalı olaraq istifadə etmək istəyir. Bununla belə, rəsmi qərar verilincə nə qədər raketin təqdim olunacağı və hansı şərtlərlə veriləcəyi suallar açıq qalır.  Ukraynanın real imkanları: atəşə hazırdırmı? Məqalələr və ekspert rəyləri göstərir ki, "Tomahawk"ların istifadə olunması üçün yalnız raketlərin özü kifayət deyil, onların işə düşməsi üçün uyğun sistemlər, təhlükəsiz saxlanma və əməliyyat dəstəyi tələb olunur. Həmçinin bəziləri vurğulayır ki, Ukraynada dəniz və ya yerüstü müvafiq platformalar məhduddur. ABŞ-ın bəzi sistemləri (məsələn, "Typhon" tipli qurğular) və ya ABŞ əməliyyat dəstəyi lazım ola bilər ki, bu da Vaşinqtonun Rusiyaya daha yaxın qarşıdurmaya girməsi riski deməkdir.  Effektivlik üçün nə qədər raket lazımdır? Ukraynalı rəsmilər və ekspertlər hesab edir ki, simvolik sayda raket yetərli olmayacaq - əhəmiyyətli təsir üçün yüzlərlə raketin lazım olacağı vurğulanır. Məsələn, bəzi rəy sahibləri hesab edir ki, təsirli əməliyyatlar üçün ayda doza-doza, ümumilikdə isə iki yüzə yaxın raketdən danışmaq lazımdır. Daha məhdud say isə yalnız məhdud, simvolik təsir göstərə bilər. Bu isə maddi və logistika baxımından ciddi çağırışlar doğurur.  Moskva və digər reaksiyalar Kreml və Rusiyanın yaxın dairələri "Tomahawk" tədarükünün vəziyyəti "yeni mərhələ" sayacağı barədə xəbərdarlıq edir və mümkün eskalasiyanın gətirə biləcəyi təhlükələri qeyd edirlər. Həmçinin Belarus rəhbərliyi və bəzi rusiyapərəst rəsmilər belə tədarüklərin gərginliyi kəskin artıracağını və cavab tədbirlərinə yol aça biləcəyini bildiriblər. Bu tip xəbərdarlıqlar transatlantik siyasətdə risk hesablamalarını daha da mürəkkəbləşdirir.  Nə dəyişə bilər - strateji nəticələr - Müharibə dinamikası: Əgər böyük sayda "Tomahawk" Ukraynaya ötürülərsə, bu Rusiyanın dərin arxa zolaqlarına təzyiq tətbiq etməyə imkan verə və yerli hava müdafiəsini yoraraq taktiki üstünlük verə bilər. - Eskalasiya riski: Eyni zamanda belə bir addım Moskva ilə birbaşa qarşıdurma riskini artırar və Rusiyanın cavab reaksiyasını sərtləşdirə bilər. - Beynəlxalq koordinasiya: Trampın yanaşması NATO ölkələrini və Avropanı daha fəal maliyyələşdirici-tədarükçü roluna təhrik edə bilər, habelə, bu cür addımların miqyası ABŞ ehtiyatları, istehsal tempi və müttəfiq öhdəlikləri ilə məhdudlaşır. "Tomahawk"ların Ukraynaya verilməsi barədə debat təkcə raketlərdən ibarət deyil, bu, strateji seçim, logistika, beynəlxalq siyasət və eskalasiya riski ilə bağlı mürəkkəb siyasət paketidir. Hər bir addımın həm qısa müddətli döyüş meydanı təsiri, həm də uzun müddətli siyasi nəticələri var. Vaşinqtonun qərarı, həmçinin Avropa müttəfiqlərinin reaksiyası və Moskvanın cavab strategiyası bu məsələni gələcək həftələrin ən kritik geosiyasi mövzularından birinə çevirəcək.