“Mülki-hüquqi müqavilələrlə işləyənə ağır sosial sığorta və vergi yükü var”

Ekspert Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri şərh edir

Azərbaycanın Vergi Məsəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliklə bağlı layihədə içkilər və tütün məmulatları ilə bağlı vergi dərəcələrinin artırılması nəzərdə tutulur.

Başqa bir müddəada isə deyilir ki, Azərbaycanda vergi ödəyicilərinin mərkəzləşdirilmiş qaydada uçota alınması üçün tələblər konkretləşib. Hazırda bu yalnız iri vergi ödəyicilərinə və xüsusi vergi rejimli müəssisələrə aiddir.

Məcəlləyə təklif edilən digər dəyişiklik transmilli şirkətlərlə bağlıdır. 2020-ci ildən illik gəliri 750 milyon avrodan çox olan transmilli şirkətlərin Azərbaycandakı törəmələri qarşısına vergi orqanlarına hesabat vermə öhdəliyi qoyulacaq.

Daha bir dəyişikliyə görə, bina tikintisi ilə məşğul olan şəxslər dövlətə müəyyən hissə təqdim etdikdə, həmin əmlakın satışından əldə olunan gəlirlər vergiyə cəlb olunmayacaq.

Bundan əlavə, sənaye və texnologiya parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddəti artırılır. Onlar 10 il müddətinə gəlir vergisindən azad ediləcək. Hazırkı qanunvericilikdə bu müddət 7 ildir.

“Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlərin sığorta və vergi yükü yüngülləşdirilməlidir”

İqtisadçı Rövşən Ağayev deyir ki, ötən 1 ildə keçmiş Vergilər Nazirliyi vətəndaş cəmiyyətini təmsil edən müxtəlif iqtisadçılarla, həmçinin peşəkar mühasiblərlə dəyirmi masa formatında müzakirələr keçirib. Həmin görüşlərdə təşkilatları adından bir neçə təklif səsləndiriblər, lakin onlardan heç biri nəzərə alınmayıb:

“Əvvəla, təklif etmişdik ki, fərdi sahibkar kimi uçota alınmayan, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlərin ağır sosial sığorta və vergi yükü yüngülləşdirilsin. Burda söhbət nədən gedir? İxtiyari bir şəxs müqavilə əsasında hansısa başqa səxsə il ərzində davamlı olmayan (fasilələrlə ilin 3-5 ayı) xidmət göstərir. Davamlı işi yoxdur. 3 aylıq müqaviləsi var sadəcə. Sonra bir 6 ay işsiz qalacaq. Belə şəxslər niyə fərdi sahibkar kimi qeydiyyatdan keçməlidir?”

“Mülki-hüquqi müqavilələrlə işləyənə ağır sosial sığorta və vergi yükü var”

İqtisadçı deyir ki, ancaq Azərbaycanda belə insanlar fərdi sahibkar kimi qeydiyyatdan keçirlər. Çünki bunu etməyən, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənə ağır sosial sığorta və vergi yükü nəzərdə tutulur. Onlar müqavilədə nəzərdə tutulmuş məbləğin 25%-i qədər sosial sığorta, 14%-i qədər ödəmə mənbəyində vergi ödəmələdirlər:

“Şərti olaraq, 10 000 manat qazancınız olubsa, 39 faiz və ya 3900 manat vergi yükünüz olacaq. Amma fərdi sahibkar kimi qeydiyyatda olsanız, həmin qazancdan heç bir xərciniz olmasa, 500 manat gəlir vergisi (5 faiz), indiki ayırma məbləğilə 250 manat sosial sığorta haqqı (5 y ayX50 manat) ödəyəcəksiniz. Yəni vergi yükünüz olacaq 750 manat və ya 7.5 faiz. Fərq 5 dəfədən çoxdur”.

Bu fərqi niyə aradan qaldırmaq lazım idi?

Rövşən Ağayev deyir ki, bu fərqi ona görə aradan qaldırmaq vacibdir ki, gerçəkdən sahibkar olmayan insanlar sahibkar kimi uçota durmasın, hər rüb hesabat verməsin, elektron vergi ilə bürokratik yazışmalar məcburiyyətində qalmasın:

“Bunun üçün fərdi sahibkar kimi uçota alınmayan, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün maksimum 10 faiz sosial sığorta yükü, 5 faiz vergi yükü müəyyənləşdirmək yaxşı olardı. Bu halda, xidmət göstərən şəxs deyil, xidməti alan şəxs ödəmə mənbəyində sığortanı və vergini tutub ödəyəcək, qarşı tərəfin isə vergi ödəyicisi kimi uçota düşməsinə ehtiyac qalmayacaqdı”.

“Gərəksiz yerə vergi ödəyicilərinin sayı artır”

İqtisadçı deyir ki, bu islahatdan vergi orqanlarının da böyük uduşu var: gərəksiz yerə vergi ödəyicilərinin sayı artmayacaqdı, onların bürokratik iş yükü yüngülləşəcəkdi:

“Bugünkü kimi 900 min deyil, tutaq ki, 100 min fərdi sahubkar uçotda olacaqdı”.

“Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq. Qəbul ediləcəyi halda, 2020-ci ildə qüvvəyə minəcək.

Sozcu.az

Facebook Comments