Müsavatdakı debatda aparıcının adı məlum oldu

Müsavat Partiyasının qurultayı ərəfəsində partiyanın təşkil edəcəyi debatda aparıcının adı məlum olub. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Müsavat başqanlığına namizədlər müstəqil jurnalist İzolda Ağayevanın moderator olması məsələsində ortaq məxrəcə gəliblər.

Azərbaycanda ilk dəfə olaraq partiya tərəfindən təşkil olunan bu debat 9 oktyabr saat 15:00-a təyin edilib.

Debat KİV orqanları üçün açıq keçiriləcək, istənilən media orqanı müzakirəni canlı olaraq yayımlaya biləcək. Hər 3 namizədin razılığı ilə tərəfsiz jurnalistlərdən biri müzakirələrə moderatorluq edəcək.Qeyd edək ki, Müsavat Partiyasının 9-cuqurultayı oktyabrın 12-də keçiriləcək. Qurultayda partiyanın başqanı vəzifəsinə, eləcə də MNTK və sərbəst Məclis üzvlüyünə seçkilər keçiriləcək. Partiyanın başqanlığına indiyədək 3 nəfər Tofiq Yaqublu, Yadigar Sadıqlı və Arif Hacılı namizədliyini irəli sürüblər.

MSDM-in sədri İsa Qəmbər Təşkilat Komitəsinin debatla bağlı qərarını “Azərbaycanımızda demokratiyanın bərqərar olması naminə növbəti addım” kimi qiymətləndirib.

“…Əlbəttə indiyə qədər də Azərbaycanda müxtəlif formatlı debatlar olub. Amma ilk dəfədir ki, bir partiyanın daxili seçkilərində bütün tv və jurnalistlərin iştirakı ilə debat keçiriləcək. Yalnız müsavatçıların səs verəcəyi, lakin geniş ictimaiyyəti maraqlandıran başqan seçkilərində Müsavat Partiyası azad və ədalətli seçki istiqamətində növbəti addımlar atmaq niyyətindədir. Bu debat da Azərbaycanın demokratiya tarixində bir ilk olacaq” – deyə İsa Qəmbər özünün feysbuk səhifəsində yazıb.

Sozcu.az

Facebook Comments