Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər

Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması (desalinasiya) layihəsinə 270 milyon ABŞ dollarınadək sərmayə yatıra bilər. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) İsrailin suyun duzsuzlaşdırılması üzrə IDE şirkətində 30%-lik payın planlaşdırılan satın alınması ərəfəsində ətraflı yoxlama (due diligence) aparır. Qeyd edək ki, IDE İsraildə ən böyük desalinasiya şirkətidir. Şirkət İsraildə desalinasiya olunmuş suyun 45%-nə cavabdehdir. Əgər sövdələşmə baş tutarsa, bu, Azərbaycanın İsraildə ikinci böyük dövlət investisiyası olacaq. Birinci belə investisiya 2025-ci ilin yayında SOCAR tərəfindən Tamar qaz yatağının 10%-lik payının 1,25 milyard dollara alınması olub.

Türkiyədə hərbi tenderlərdə korrupsiya aşkar edildi

Ankara Prokurorluğu Quru Qoşunları Komandanlığında korrupsiya cinayəti faktı üzrə cinayət işi qaldırıb. Sozcu.az Cumhuriyet-ə istinadla xəbər verir ki, Quru Qoşunları Komandanlığına aid hərbi yük və sərnişin daşımaları üzrə tenderlərdə təxminən 23 milyon 578 min TL (təxminən 930 min manat) dövlətə zərər dəydiyi ehtimal olunur. 2019-2024-cü illərdə keçirilmiş 18 tenderin araşdırıldığı istintaqda, rüşvət və tenderdə saxtakarlıq ittihamları ilə 6 hərbçi və 14 mülki şəxs olmaqla, cəmi 20 şübhəli saxlanılıb.

Fələstin Prezidenti təcili xəstəxanaya yerləşdirildi

Fələstin Prezidenti Mahmud Abbas təcili olaraq xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, hadisənin səbəbləri və prezidentin vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.

Şamaxıdakı zəlzələ Bakıda ola bilər? - Qurban Yetirmişli açıqladı

Şamaxıda qeydə alınan zəlzələlər əhali arasında narahatlıq yaradıb. Belə ki, ayın 10-da baş verən 3,8 bal gücündə zəlzələ hiss edilsə də, dağıntı qeydə alınmayıb. Bu gün isə 3 bal gücündə növbəti zəlzələ baş verib, lakin yeraltı təkan hiss olunmayıb. Vətəndaşlar Bakıda və ətraf bölgələrdə təkanların ola biləcəyindən narahtdırlar. Bəs bu tip ardıcıl zəlzələlər daha güclü yeraltı təkanların xəbərçisi sayıla bilərmi? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, hazırkı vəziyyət narahatlıq doğurmur: "Azərbaycanda hər gün müxtəlif sayda yeraltı təkanlar qeydə alınır. Bu təkanların bəziləri hiss olunsa da, ümumiyyətlə qorxuya əsas yoxdur. Dünən axşamdan bu gün səhər saat 9-a qədər 32 yeraltı təkan baş verib. Onların heç biri hiss olunmayıb. Yaxın günlər üçün də güclü, dağıdıcı zəlzələ ehtimalı gözlənilmir".

Peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı

11:12 Gəncədə yeniyetmənin meyiti tapılıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb. Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır. *** Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bu gün Röyal Vüqar oğlu Bayramov səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb: "Hadisə dərhal qeydə alınıb, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq".

İranda etiraz aksiyalarında ölənlərin sayı şok etdi

İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib. Sozcu.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRNA) məlumat yayıb. Bildirilib ki, etirazlar zamanı ən azı 544 nəfər ölüb. Agentlik həmçinin daha 579 ölüm hadisəsi barədə məlumat aldığını və bununla da ölənlərin sayının 1123-ə çatdığını qeyd edib. Qurbanların əksəriyyətinin əsasən yaxın məsafədən aşılan atəşlə öldürüldüyü vurğulanıb. Dövlət televiziyası Tehranın məhkəmə ekspertizası binasının qarşısında yerdə uzanan onlarla cəsəd torbasını göstərərək, qurbanların "silahlı terrorçular" tərəfindən təşkil edilən tədbirlərin qurbanları olduğunu iddia edib, eləcə də paytaxtın Kəhrizak məhkəmə ekspertizası mərkəzinin qarşısında toplaşaraq cəsədlərin şəxsiyyətinin müəyyən edilməsini gözləyən insanların görüntülərini yayımlayıb. BBC-nin məlumatına görə, Rəşt şəhərindəki Pursina Xəstəxanasının morqu öldürülən iranlı etirazçıların cəsədləri ilə doludur. Qurbanların qohumlarına cəsədlərin dəfn edilməsinin təxminən 7000 dollara başa gələcəyi deyilib. CNN Tehranın bir neçə xəstəxanasında "tamamilə xaos" vəziyyətinin yarandığını bildirir. Kanalın məlumatına görə, ölənlərin cəsədləri üst-üstə yığılıb və tibb müəssisələri ölüm axınının öhdəsindən gələ bilmir.

Bakıda məşhur restoranın tavanı çökdü: yaralılar var

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən "Bonte" restoranında tavan çöküb. Sozcu.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində restoranda çalışan işçilər xəsarət alıblar. Yaralanan əməkdaşlar xəstəxanaya çatdırılıblar. Bildirilir ki, həmin işçilərin başına tikiş qoyulub. Faktla bağlı araşdırmalara başlanılıb. Özünü restoranın administratoru kimi təqdim edən Sani Quliyev faktı təsdiq edib. O deyib ki, hadisə zamanı bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Prezident təsdiqlədi: onların hərbi xidmət müddəti azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. Sozcu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Beləliklə, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılaraq 1 il (hazırda həmin müddət 1 il 6 aydır) müəyyən ediləcək. Eyni zamanda, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rübəsi veriləcək.

Xalqı dinləməyə və islahatlar aparmağa hazıram - Pezeşkian

"İran hökuməti qanuni etirazlarla iğtişaşları bir-birindən fərqləndirir və bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır". Sozcu.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian xalqa televiziya ilə müraciətində bildirib. "Biz xalqın səsini dinləməyə hazırıq və iqtisadi islahatları davam etdirmək əzmindəyik. Biz iranlıları tələblərini aydın şəkildə ifadə etmək üçün küçələrə çıxmağa və iğtişaşların qızışdırıcılarının mövcud etirazların səbəblərini təhrif etməsinə imkan verməməyə çağırırıq", - deyə o bildirib. Pezeşkian etirazçıların pisləşən iqtisadi vəziyyətlə bağlı narazılıqlarını ifadə etdiklərini, lakin bazarları yandırmadıqlarını və ya cinayət əməlləri törətmədiklərini iddia edib: "İrandakı iğtişaşlar Amerika və İsrail tərəfindən təşkil olunur və onlar öz agentlərinə vəziyyəti sabitsizləşdirmək əmri verirlər".

Konqresmen orduya çağırış etdi: Trampın əmrinə tabe olmayın!

Əgər Donald Tramp Qrenlandiyaya hücum əmri versə, amerikalı hərbçilər onun əmrinə tabe olmamalıdır. Sozcu.az xəbər verir ki, bunu amerikalı demokrat konqresmen Ted Lieu özünün X səhifəsində yazıb. "Hörmətli ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, ABŞ ordusu və ABŞ Dəniz Piyadaları Korpusu: Qrenlandiya NATO müttəfiqi olan Danimarkanın bir hissəsidir. Əgər Tramp Konqresin təsdiqi olmadan Qrenlandiyaya hərbi hücum əmri verərsə, bu, qanunsuz bir əmr olardı. Siz bu qanunsuz əmrə tabe olmayacaqsınız. Siz Trampa deyil, Konstitusiyaya and içmisiniz", - konqresmen bildirib. Qeyd edək ki, "Deyli Meyl” qəzeti mənbələrə istinadla Trampın ABŞ ordusuna Qrenlandiyanı işğal etmək planı hazırlamağı tapşırdığını bildirmişdi.

Pakistanda dəhşətli faciə: bəy və gəlin öldü

Pakistanın paytaxtı İslamabadda toy şənliyi zamanı qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, 12 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Məlumata görə, şənlik keçirilən şəxsi evdə baş verən partlayışda bəy və gəlin də ölüb. Yaralılar ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Bu hadisə ilə bağlı araşdırma başlanılıb.

Linkolndan bəri ABŞ Zelenski kimisini görməyib - Kelloq

Zelenski çox möhkəm insandır. Mən Ukraynaya gedəndə bir dəfə Prezident Trampa "Cənab, o sizə çox oxşayır" dediyimi xatırlayıram. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib. “Mən Zelenskinin cəsarətli bir lider olduğunu dedim. Administrasiyadakı insanlara da dedim ki, Avram Linkolndan bəri ABŞ-da onun kimi bir lider görməmişik. Demək istədiyim budur ki, heç kim öz torpağında onun kimi ekzistensial mübarizə aparmaq məcburiyyətində qalmayıb. Və biz bunu qəbul etməliyik. Onun haradan gəldiyini başa düşməliyik. O, Ukraynanı müdafiə edir. O, fikrini ifadə etməkdən çəkinmir. Mediadan necə istifadə edəcəyini bilir”, - Kelloq bildirib. Kelloqun sözlərinə görə, Zelenski barədə bu açıqlaması Trampın xoşuna gəlməyib: “O bununla razılaşmadı”.

Xaçmazda 59 yaşlı kişini qatar vurub öldürdü

Xaçmaz rayonunun Qaraqurtlu kəndi yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Qaraqurtlu kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladov dəmir yolunu keçmək istəyərkən qatar onu vurub. O, ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Daha Kubaya neft və pul getməyəcək - Tramp

Kuba uzun illər Venesueladan aldığı külli miqdarda neft və pullarla yaşayıb. Bunun müqabilində Kuba son iki Venesuela diktatoru üçün "təhlükəsizlik xidmətləri" təmin edib, amma artıq yox! Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb. “Bu kubalıların əksəriyyəti ötən həftə ABŞ-ın hücumunda ölüb və Venesuelanın artıq onları illərdir girov saxlayan quldurlardan və şantajçılardan qorunmağa ehtiyacı yoxdur. İndi Venesuelanın onları qorumaq üçün dünyanın ən güclü ordusu olan ABŞ var və biz onları qoruyacağıq”, - Tramp bildirib.

ABŞ hərbçiləri Venesuelada dəhşətli silahdan istifadə edib

Amerika hərbçiləri Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün əməliyyat zamanı naməlum, güclü bir silahdan istifadə ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti Venesuela liderinin təhlükəsizlik xidmətinin əməkdaşının ifadəsinə istinadla məlumat yayıb. “ABŞ əsgərləri venesuelalıların radar sistemlərini söndürməklə, müqavimət mərkəzlərini basmaqla və dronlarla mövqelərini atəşə tutmaqla onları asanlıqla kor edə biliblər. Birdən bütün radar sistemlərimiz heç bir izahat olmadan qaraldı. Növbəti gördüyümüz şey mövqelərimizin üzərindən uçan çoxsaylı dronlar oldu. Necə reaksiya verəcəyimizi bilmirdik”, - məlumatda qeyd olunub. Onun sözlərinə görə, bundan sonra səmada Amerika xüsusi təyinatlılarını daşıyan helikopterlər peyda olub: “Onlar odlu silahlardan daha güclü silahlarla silahlanıblar. Bir anda onlar güclü səs dalğası yaradaraq nəsə atıblar və başımın içəridən partladığını hiss etdim. Ətrafdakıların burunlarından qan açıldı və qan qusmağa başladılar. Bu, onları heç kimin ayağa qalxa bilməyəcəyi vəziyyətdə qoydu”. Qeyd edək ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Silia Floreslə birlikdə ələ keçirilərək Nyu Yorka aparılıb.

Cəsarətiniz Tramp tərəfindən tanınıb - Senator

Uzun kabusunuz tezliklə bitəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrehem İrandakı etirazlar barədə yazıb. "Zülmə son qoymaq üçün cəsarətiniz və qətiyyətiniz Tramp və azadlığı sevən hər kəs tərəfindən tanınıb", - o bildirib. Qeyd edək ki, İranda inflyasiya və iqtisadi gərginlik səbəbindən kütləvi aksiyalar keçirilir.

İranda son 48 saatda 2 mindən çox etirazçı öldürülüb

Son 48 saat ərzində İranda ən azı 2000 etirazçı öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Londonda yayımlanan “İran İnternational” kanalı məlumat yayıb. Qeyd edək ki, iki həftədir İranda etiraz aksiyaları davam edir.

Bu rayonlara qar yağdı – Faktiki hava

Yanvarın 11-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, yanvarın 11-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır. Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 27, Qaxda 15, Qubada 11, Qusarda 8, Gədəbəydə 4, Sədərəkdə 3, Şahdağ, Daşkəsəndə 2, Xaltan, Şəkidə (Kişçay) 1 sm-dir. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Mingəçevirdə 18, Qobustanda 16 m/s-dək güclənir. Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Balakən, Qax, Zaqatala, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşacağı gözlənilir.

ABŞ vətəndaşlarını bu ölkədən çıxmağa çağırdı

ABŞ vətəndaşlarına Venesuelanı dərhal tərk etmələri və ölkəyə səyahət etməmələri tövsiyə olunur. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub. “Venesuelada təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır. Beynəlxalq uçuşların bərpa olunması ilə əlaqədar olaraq, Venesueladakı ABŞ vətəndaşlarına ölkəni dərhal tərk etmələri tövsiyə olunur”, - bəyanatda bildirilib. Departamentdən vurğulanıb ki, ABŞ vətəndaşları Venesuelanı tərk etməzdən əvvəl ayıq olmalı və ətrafdakılara diqqət yetirməlidirlər.

Naxçıvanda qatı duman: yollarda çətinliklər yarandı

Naxçıvan şəhərində səhər saatlarından qatı duman müşahidə olunur. Sozcu.az Report-a istinadla xəbər verir ki, duman görmə məsafəsini məhdudlaşdırdığı üçün avtomobil və piyadaların hərəkətində çətinliklər yaradır. Mövcud hava şəraiti yol hərəkəti iştirakçıları üçün gediş-gəliş zamanı nişanlara uyğun daha diqqətli və məsuliyyətli olmağı zəruri edir.

Bəlkə də İran heç vaxt olmadığı qədər... - Tramp

Bəlkə də İran heç vaxt olmadığı qədər azadlığa can atır. Kömək etməyə hazırıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, daha öncə Donald Tramp dəfələrlə çıxışında İranda etiraz aksiyalarının iştirakçılarının öldürüləcəyi təqdirdə İrana zərbə endirəcəkləri xəbərdarlığını edib.

Rusiyanın neft və dron anbarlarına güclü zərbə endirildi

Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki neft anbarına, eləcə də işğal altında olan ərazilərdəki bir neçə hədəfə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya ordusunun hücum imkanlarını azaltmaq tədbirləri çərçivəsində yanvarın 9-dan 10-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Volqoqrad vilayətinin “Jutovskaya” neft anbarına zərbə endirib. Baş Qərargah Rusiya ordusunun bölmələrini yanacaqla təmin edən hədəfin vurulduğunu və zərərin miqyasının müəyyən olunduğunu qeyd edib. Həmçinin vurğulanıb ki, Zaporojye bölgəsində Rusiya ordusunun 19-cu motoatıcı diviziyasının bölməsinə məxsus dron anbarına və Donetsk vilayətinin Pokrovsk rayonunun yaxınlığındakı dronları idarəetmə məntəqəsinə zərbələr endirilib.

Arif Hacılı: Güney Azərbaycan həlledici mərhələyə daxil olur

İranda etirazlar Güney Azərbaycan şəhərlərinə yayılıb: dinc mübarizə üçün real imkanlar yaranır Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı yazır: İranda davam edən etiraz dalğası artıq Güney Azərbaycan şəhərlərinə də çatıb. Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Həmədan və digər Azərbaycan şəhərlərində sosial və siyasi şüarlarla etiraz aksiyaları keçirilir. Mövcud məlumatlara görə, hələlik bu şəhərlərdə yanğınlar, dağıntılar və insan tələfatı qeydə alınmayıb. Bu isə onu deməyə əsas verir ki, hazırkı mərhələdə dinc mübarizə üsulları ilə hədəflərə çatmaq və real nəticələr əldə etmək imkanları daha real görünür. Məhəmməd Əmin Rəsulzadənin “Yalnız insan haqlarını tanıyan və onları müdafiə edən millətlər qalib gələcəkdir” fikri bu gün İranda baş verən proseslər fonunda xüsusi aktuallıq kəsb edir. “İnsanlara hürriyyət, millətlərə istiqlal” prinsipi mövcud şəraitdə ən doğru konseptual yanaşma kimi ön plana çıxır. Hazırkı mərhələdə əsas vəzifə vahid milli iradənin formalaşdırılması üçün ortaq istinad nöqtələrinin müəyyənləşdirilməsidir. Vaxtilə irəli sürülmüş “Azadlıq, Ədalət, Milli hökumət” şüarı və bu əsasda milli hüquq və azadlıqların təminini nəzərdə tutan ümummilli manifest — indiki terminologiya ilə desək, yol xəritəsi — ümummilli hərəkat üçün real baza ola bilər. Eyni zamanda, Abbas Lisani və digər milli fəalların azadlığa buraxılması, mühacirətdə olan siyasi liderlərin ölkəyə qayıtmasına şərait yaradılması kimi ilkin tələblər ümummilli hərəkatın başlanması üçün əsas istinad nöqtələri hesab edilə bilər. İran çoxmillətli ölkə olsa da, azərbaycanlılar bu ölkənin ən böyük və dominant etnik qrupudur. Güney Azərbaycanın hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımız, xüsusilə Tehran və Kərəc şəhərlərində məskunlaşmış 6 milyondan artıq azərbaycanlı ölkənin ictimai-siyasi taleyində həlledici rola malikdir. Bu baxımdan, İranın gələcəyi Azərbaycan türklərinin milli iradəsi, eləcə də Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin regional maraqları nəzərə alınmadan müəyyən edilə bilməz. Bu reallıq ümummilli ideya kimi ictimai şüurda möhkəmlənməli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

İranın baş prokuroru etirazçıları ölümlə hədələdi

İranın Baş prokuroru Məhəmməd Mövəhhedi Azad ölkədə artıq iki həftədir davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, baş prokuror etirazçıları “Allahın düşməni” adlandırıb. "Bütün etirazçılar "Allahın düşmənləri" ("mühareb") kimi günahlandırılır. Bu cinayətə görə ölüm cəzası olacaq. Bu, əmlaka ziyan vuran və təhlükəsizliyi pozan üsyançılara, terrorçulara, eləcə də onlara kömək edənlərə tətbiq ediləcək", - o bildirib. Həmçinin əlavə edib ki, prokurorlar məhkəmə proseslərini tez hazırlamalı, mərhəmət və şəfqət göstərməməlidirlər. Tehran prokuroru Əli Salehi də bir gün əvvəl etirazçıların "mühareb" ittihamı ilə üzləşə biləcəyini bildirmişdi.