Avropa liderləri Trampla danışdı: Ukrayna müzakirəsi...

Bu gün Fransa, Böyük Britaniya və Almaniya liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib. Onun sözlərinə görə, telefon danışığı 40 dəqiqə davam edib və Ukrayna məsələsi müzakirə edilib.

"İxtilafları kənara qoyub, sülhə doğru irəliləmək qərarı verilib" - Hikmət Hacıyev

"Azərbaycan və Ermənistan rəhbərlikləri ixtilafları kənara qoyub, sülhə doğru irəliləmək qərarı veriblər." Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews”a müsahibəsində deyib. O bildirib ki, Ermənistanla sülh prosesi qlobal münaqişələr və müharibələr kontekstində bir uğur hekayəsidir. Hikmət Hacıyev “iki ölkə arasında münaqişə fəslinin başa çatdığını” vurğulayıb.

Paşinyan Konstitusiyanı dəyişir: “Əminəm ki, xalqımız səs verəcək”

“Bizim strategiyamız Ermənistanın regionumuzda xarici yardım və dəstək olmadan yaşaya bilməsini təmin etməkdir”. Sozcu.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Berlində Almaniya Beynəlxalq Münasibətlər Assosiasiyasında keçirilən görüşdə Ermənistan konstitusiyasına dəyişiklik etməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab olaraq bildirib. Ermənistan konstitusiyası Azərbaycanla sülh müqaviləsinin imzalanmasına əsas maneə kimi görülür. "Məqsədimiz regional gündəliyimizi region ölkələri ilə müzakirə etmək və mümkün olan ən böyük harmoniya və həmrəylik atmosferi yaratmaqdır. Heç vaxt problem olmadığı bir vəziyyət yaşamayacağıq; problemlər hər yerdə, o cümlədən Avropada mövcuddur", - Baş nazir deyib Paşinyanın sözlərinə görə, Cənubi Qafqazda sülh mütləq şəkildə bərqərar olub və bunu praktikada görürük, lakin digər tərəfdən, bu, gündəlik diqqət tələb edir. Gündəlik diqqət və qayğı olmadan, sülh risk altında olacaq. O deyib ki, Vaşinqtonda imzalanmış Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin mətni bütün məsələləri əhatə edir. “Bu müqavilənin ilk maddəsində Ermənistan və Azərbaycanın Sovet dövrünün inzibati sərhədlərinin dövlət sərhədlərinə çevrildiyini nəzərə alaraq bir-birinin ərazi bütövlüyünü tanıdığı bir müddəa var. Buna əsaslanaraq, Ermənistan və Azərbaycanın bir-birinə qarşı heç bir ərazi iddiası yoxdur və gələcəkdə belə iddialar irəli sürməməyi öhdələrinə götürürlər. İmzalanmış bu müqavilədə tərəflərdən heç birinin bu müqaviləni pozmaq üçün daxili qanunvericiliyinə istinad etmək hüququna malik olmadığını bildirən başqa bir müddəa var. Bundan əlavə, Konstitusiyamızda ratifikasiya olunmuş beynəlxalq sənədlərin daxili qanunvericilikdən üstün hüquqi qüvvəyə malik olduğu bildirilən bir müddəa var. Təsəvvür edək ki, sülh müqaviləsi imzalanır və bundan sonra onu Konstitusiyamıza uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə təqdim etməliyik. Əgər Konstitusiya Məhkəməmiz onun Konstitusiyamıza tam uyğun olduğuna qərar verərsə, onun təsdiqlənməsi üçün heç bir maneə olmayacaq və təsdiqləndikdən sonra, Konstitusiyamıza uyğun olaraq, ölkəmizdə ən yüksək hüquqi qüvvəyə malik olacaq. Mən açıq şəkildə bildirmişəm ki, əgər Konstitusiya Məhkəməmiz onun Konstitusiyamıza uyğun olmadığına qərar verərsə, şəxsən mən Konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcəyəm", - deyə Paşinyan bildirib. O, Ermənistanın Azərbaycanın vermək istədiyi sualları cavablandırmağa, danışıqlar masasına oturmağa və detalları müzakirə etməyə hazır olduğunu bildirib: "Yeri gəlmişkən, bu sualın cavabını anlamaq üçün hətta beynəlxalq hüquqi araşdırma aparmaq ideyası da var idi. Digər tərəfdən, daha bir nüansı qeyd etməsəm, cavabım natamam olardı. 2018-ci ildən bəri yeni Konstitusiya qəbul etmək planımız var idi və bu yaxınlarda partiyamızın qurultayının bəyannaməsində 2026-cı il seçkilərində xalqımızdan yeni mandat aldıqdan sonra Ermənistan Respublikası üçün tamamilə yeni Konstitusiya qəbul etməyə başlayacağımızı bildirdik. Biz bu məsələni Azərbaycanla müzakirə etmirik, çünki bu, sırf daxili məsələdir, daxili problemimizdir. Bəli, əminəm ki, xalqımız yeni Konstitusiyaya səs verəcək, çünki bu, demokratiyamızın, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsi ilə bağlıdır və təbii ki, bunun müəyyən regional və beynəlxalq təsirləri də ola bilər”.

Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az müraciətin mətnini təqdim edir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i gündüzədək davam edəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə subasmanın, çaylarda qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"

Veteran və qazilərin məzuniyyət müddəti artırılır

Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün verilməlidir. Sozcu.az Trend-ə istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavininin sözlərinə görə, bu dəyişiklik dövlətin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır.

İtkin düşən balıqçıların adları açıqlandı

10:35 Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir. *** Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub. APA-nın məlumatına görə, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

Vəziyyət çox pisdir, ölkəni idarə etmək... – İranlı nazir

Vəziyyət çox pisdir. Son altı ayda ölkəni idarə etmək çox çətin olub. Aylıq subsidiyalar və əmək haqqı ödənişləri üçün pulu haradan əldə edəcəyimizlə bağlı çətinliklərimiz var. Sozcu.az xəbər verir ki, bunu İraın iqtisadiyyat naziri Əli Mədənizadə deyib. “Ölkədəki kiçik və orta sahibkarlıq ciddi şəkildə təsirlənib və yay fəslində ölkədəki işsizlərin sayı təxminən 650 min nəfər artıb”, - o əlavə edib.

Tramp Maduronun sayılı günləri qaldığını bildirib

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun siyasi həyatının sayılı günləri qaldığını bildirib. Sozcu.az xəbər verir ki, Tramp bu məsələyə “Politico”ya müsahibəsində toxunub. O, ABŞ qoşunlarının Venesuelaya daxil olub-olmayacağı ilə bağlı suala cavab vermək istəmədiyini deyib. “Mən bu barədə danışmıram. Venesuelada əməliyyat keçirib-keçirməyəcəyimizi deyə bilmərəm. Bunu deyə bilərəm ki, o, (Maduro) həbsxanalardan, narkotik tacirlərinin arasında və digər yerlərdən milyonlarla adam göndərib. O, bunu bizim IQ-su çox aşağı olan prezidentimizin vaxtında edib. Bilirsiniz, Bayden IQ-su çox aşağı olan bir adamdır, xüsusilə indilərdə. Yəni, o 30 il bundan əvvəl də IQ-su zəif olan adam idi, amma indi daha da pisləşib. Onun bizim ölkəmizin başına gətirdikləri heç yaxşı deyil”, - Tramp bildirib.

Müstəntiqin yanında arvadını öldürmək istədi, məmurla əlbəyaxa oldu

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1986-cı il təvəllüdlü Dursun Qəmbərov qısqanclıq zəminində həyat yoldaşı Nailə Səttarovanın (adlar və soyadlar şərtidir) üzərinə çaydandan qaynar su töküb, sonra yerə yıxaraq balon qapağını bağlayan dəmir alətlə başına, sifətinə zərbələr vurub və bıçaqla xəsarət yetirib. Sozcu.az "Teleqraf"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin cinayət işi üzrə zəruri istintaq hərəkətləri Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı Nadir Tahirova tapşırılıb. Maraqlıdır ki, cütlüyün yaşayış evində ifadələr alınan zaman da ərlə arvad arasında yenidən mübahisə yaşanıb. Belə ki, zərərçəkmiş şəxs əri ilə birgə yaşamaq istəmədiyini bildirib və onun bu sözü Dursun Qəmbərovun əsəbiləşməsinə səbəb olub. Nəticədə Dursun evdən bıçağı götürərək həyətyanı sahədə müstəntiqin yanında arvadının üzərinə hücum çəkib və onu ölümlə hədələyib. Bundan sonra Nailə hadisə şahidi ilə müstəntiqin avtomobilinə əyləşərək qapını örtüb. Həmin vaxt Dursun arvadının oturduğu avtomobilin arxa qapısını açaraq onu ölümlə hədələməyə davam edib və əlində olan bıçağı qadına doğru istiqamətləndirib. Bu zaman ədliyyə kapitanı onu qolundan tutaraq kənara çəkib. Daha sonra isə yenidən təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açıb və həyat yoldaşına qarşı eyni hərəkətləri davam etdirib. N.Tahirov onu avtomobildən uzaqlaşdırdığı vaxt fürsətdən istifadə edən qadın maşından düşərək qonşu həyətə qaçmağa çalışıb. Bu zaman Dursun yenidən onun arxasınca qaçıb. Müstəntiq real təhlükəni görərək Dursunun sağ əlində olan bıçağı ondan almağa çalışıb və bu zaman təqsirləndirilən şəxs yaxınlıqda olan dəmir su qabının içərisinə yıxılıb. N.Tahirov sol əli ilə Dursunun bıçaq olan sağ əlini yerə sıxaraq onu zərərsizləşdirdikdə təqsirləndirilən şəxs onun qolunu dişləyib. Gərginliyin sonunda bıçağın dəstək hissəsi əyilərək qırılıb. Məlum olub ki, hadisədən sonra Dursun Qəmbərov özünü tövlədə asmaq istəyib. O özünü asmaq üçün tövlədə nərdivanı qoyub çıxmaq istəyəndə oğlunun - "ay ata, səni çağırırlar", - dediyini eşidib və fikrindən daşınıb. Hadisə nəticəsində Nailə Səttərova məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, sifətin, boyunun və döş qəfəsinin sol yarısının, sağ çiyinin ön səthinin, sağ ayağın IV barmağının I-II dərəcəli termiki yanıqları, sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası, sol gözün ağlı qişasının və sol yanağın selikli qişasının qansızmaları, sol gicgahın yumşaq toxumalarının əziyi xəsarətləri alıb. Qeyd edək ki, Dursun Qəmbərov hərbçi olub. O, hadisədən sonra ordu sıralarından tərxis edilib. Cütlüyün bu evlilikdən üç övladı dünyaya gəlib. Onlardan biri valideynlərin davası zamanı atasından anasını buraxmayacağı təqdirdə özünü ülgüclə doğrayacağını bildirib. Ailə münaqişəsində baş verən cinayət hadisəsinə Naxçıvan Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, D.Qəmbərovun azadlığı bir il müddətinə məhdudlaşdırılıb. Onu da əlavə edək ki, hadisəyə səbəb Nailənin telefonla başqa bir şəxslə danışması, bunun Dursun tərəfindən aşkarlanması olub. Dursun Nailədən telefonu alıb şifrəsini istəsə də, qadın inadla bunu deməyib və sonda yuxarıda qeyd olunan hadisə yaşanıb.

Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, rayon ərazisində "Toyota" və "VAZ 2105" markalı minik maşınları toqquşub. Qəzada 2005-ci il təvəllüdlü A.Əmrahova,1977-ci il təvəllüdlü S.Ələsova və 1995-ci il təvəllüdlü E.Hüseynova xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Namizəd Səfərov saxlanıldı

Hüquqşünas Namizəd Səfərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. APA

Bakıxanovda partlayış oldu - 2 nəfər xəsarət aldı

Bakıda evdə partlayış olub. Sozcu.az FHN-ə istinadla xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayışla əlaqədar Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub. TƏBİB-in məlumatına görə, həmin çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

“ƏDV geri al” bu xidmətlərə də şamil olunacaq

“ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Samuxda 16 yaşlı oğlan faciəvi şəkildə öldü

Samuxda 16 yaşlı oğlan dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Belə ki, V.Hacıyev yaşadığı evdə dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Bakıda qadın yıxıldı, başı daşa dəyib öldü

Bakıda 43 yaşlı qadın yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə dekabrın 8-də Sabunçu rayonunda baş verib. Yeni Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Nərgiz Məmmədova yıxılaraq başının daşa dəyməsi nəticəsində hadisə yerində ölüb. Araşdırma aparılır.

Bakıya 2 gün leysan yağacaq - Xəbərdarlıq

Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var. Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

19:26 Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. Sozcu.az xəbər verir ki, görüşdə çıxış edən Slovakiya Prezidenti Peter Pelleqrini dedi: - Hörmətli cənab Prezident və Azərbaycanın nümayəndə heyəti. Sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi. Bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi. Mən çox minnətdaram ki, Siz hökumət üzvlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir: əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil, onların hələ də böyük inkişaf potensialı var. Biz çox sahələri nəzərdən keçirəcəyik. Təkbətək görüşdə çox səmimi müzakirəyə görə minnətdaram və bunu həqiqətən yüksək dəyərləndirirəm. Ümidvaram ki, ikitərəfli nahar və Bratislava Qəsrində dövlət ziyafəti zamanı bizim gündəliyə baxmaq üçün xeyli imkanımız olacaq. Bir daha qeyd edim ki, Siz dostlarınızın yanına gəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünki Sizinlə dəfələrlə görüşmək imkanımız olub. Çox məmnunam ki, Baş nazir qismində səfərim zamanı Sizinlə görüşdüyüm vaxtda, biz münasibətlərimizi gücləndirmək qərarına gəldik. Belə fikrə gəldik ki, Bakıda səfirliyimizi açsaq, əla olar. Hökumət olaraq, biz həmin qərarı qəbul etdik. Siz də eyni qərar qəbul etdiniz. Çox şadam ki, hazırda masa arxasında səfirlər də əyləşib - biri Bratislavadan, digəri Bakıdan. Düşünürəm ki, bu addım çox faydalı oldu. Biz, həmçinin ölkələrimiz arasında Komissiyanı yaratmaq qərarına gəldik. Sonuncu iclas 2024-cü ildə keçirilib. Növbəti iclas 2026-cı ildə nəzərdə tutulur. Bir sözlə, işlər gedir. Əlbəttə, mən hökumət üzvlərinin çoxsaylı səfərlərini də qeyd etməliyəm. Təkcə Prezident və Baş nazirlərin səfərləri deyil, digər səfərlər də olub. Çox məmnunam ki, müdafiə naziri mənə səfərinin uğurla keçdiyini bildirdi. O, həmçinin parada dəvət olundu. Mühüm milli gün qeyd edildi. O, mənə söylədi ki, onun sahəsi ilə bağlı əla görüşləri baş tutdu, çünki onun özü çox fəal nazirdir. Potensial böyükdür. İqtisadiyyat naziri də buradadır. Bu, bizim üçün indiki anda çox vacib mövzudur, çünki enerji təchizatına gəldikdə, Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb. Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər. Avropa İttifaqı Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib. Onlar bu qərarı 27 üzv adından qəbul ediblər. Müddət çox qısadır. Şirkətlərimizin rəhbərləri də buradadır. Çox şadam ki, Siz SOCAR-ın prezidentini də nümayəndə heyətinə daxil etmisiniz. Çox konkret söhbət apara bilərik. Azərbaycan enerji təchizatının şaxələndirilməsində rol oynaya bilər, çünki cənab Prezident, hazırda biz boru kəmərinin sonundayıq. Əslində Qərbi Avropa istiqamətində biz hər zaman əvvəldə olmuşuq. İndi isə boru kəmərinin sonundayıq. Təsəvvür edə bilərsiniz bu nəyə baha başa gəlir. Bir daha, cənab Prezident. xoş gəlmisiniz. Sizi burada qəbul etmək bizim üçün və bütün slovak xalqı üçün böyük şərəfdir. Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: - Təşəkkür edirəm. Xoş sözlərə görə çox sağ olun, cənab Prezident. Dəvətə və qonaqpərvərliyə görə minnətdaram. Çox şadam ki, biz Bratislavada görüşürük. İlk öncə Bakıdakı görüşümüz xatirimdədir. COP29 konfransında iştirak etdiyinizə görə Sizə bir daha öz təşəkkürümü bildirirəm. Sizinlə xeyli söhbət etmək imkanımız oldu. Siz Baş nazir kimi səfərinizi və səfirliyin açılmasını xatırlatdınız. Əslində, biz ikimiz Slovakiya ilə Azərbaycan arasında münasibətlərin fəal fazasını başlatdıq. Əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il biz əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıq. Həmçinin biz Baş nazirin müavini və müdafiə naziri cənab Kalinyakın ötən ay hərbi paradımızda iştirak etdiyinə görə çox minnətdarıq. Biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik. Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və bir çox sahələri əhatə edir. Siz energetikanı qeyd etdiniz. Ötən il biz Slovakiyaya qaz təchizatına başladıq. İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq. Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın gələcəkdə böyük potensialı var. Artıq vacib işlər görülüb, amma daha çox işlər də görülməlidir. Qarabağın yenidən qurulmasında fəal iştirak edən slovak şirkətlərinə dəstəyinə görə minnətdarıq. Slovakiya Prezidenti dövlətimizin başçısını Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş tarixi nailiyyət münasibətilə təbrik etdi. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Söhbət zamanı dost ölkə kimi Slovakiya şirkətlərinin işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndinin "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olundu, Azərbaycanla Slovakiya arasında enerji, nəqliyyat, müdafiə sənayesi sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Slovakiyanın ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi qeyd edildi. Dövlətimizin başçısı Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

Paşinyan özünə müşavir təyin etdi

Ermənistan Baş naziri Nikol Paşinyan özünə yeni müşavir təyin edib. Sozcu.az bu barədə erməni mətbuatına istinadən xəbər verir. Qərara əsasən, Angela Kjdryan baş nazirin qeyri-kommersiya müşaviri təyin olunub.

Şabranda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ EDİLDİ

Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Starə Tariхazər Şabran rayonunun Əmirxanlı qəsəbəsi yaxınlığında, Dəvəçiçay çayının sahilində inkişaf etmiş sürüşmələr üzrə monitorinq aparıb. Sozcu.az-ın məlumatına görə, İnstitutdan bildirilib ki, sürüşmələr bir neçə yaşayış tikilisini dağıdıb, bir sıra evlər isə uçma təhlükəsi ilə üzləşib. Aparılmış monitorinq nəticəsində müəyyən edilib ki, vadinin quruluş xüsusiyyətləri, sürüşmələrin yayılma spesifikliyi və inkişaf şəraiti bu proseslərin Dəvəçiçay çayının aşağı axınında hələ də davam etdiyini göstərir. Sürüşmə proseslərindən zədələnmiş sahələr çayın məcrası boyunca uzanaraq, bəzi yerlərdə onun subasar sahələrini və birinci terraslarını əhatə edir. Bu ərazilər yeraltı suların qalxması və daşqınlarla müşayiət olunan nəmlənməyə məruz qalır ki, bu da sürüşmə proseslərini daha da aktivləşdirir: “Məlumdur ki, Dəvəçiçay vadisində sürüşmələrin aktivləşməsinin əsas səbəbləri təbii amillərlə bağlıdır. Bunlar atmosfer yağıntıları, çayın su sərfi və axın sürəti, zəif və dayanıqsız torpaqlar, onların yüksək rütubətliyi, suyu keçirməyən layların və elastik-plastik layların mövcudluğu, həmçinin torpağın kifayət qədər sıxlaşmaması, torpaqdakı çatlar, yamacların su axınları tərəfindən yuyulması və süni yaradılmış torpaq örtüyüdür. Bununla yanaşı, antropogen təsirlər texnogen yüklənmənin artdığı şəraitdə həlledici amilə çevrilir. Sürüşmələr həmçinin Dəvəçiçay üzərində yerləşən körpü keçidi sahəsində də müəyyən edilib. Mümkün nəticələr arasında çay məcrasının qismən bağlanması da var ki, bu öz növbəsində yaxın ərazilərin su basmasına və yamacların deqradasiyasının sürətlənməsinə səbəb ola bilər. Nəticə etibarilə bu, əlavə yaşayış tikililərinin də dağılması ilə nəticələnəcək”, - məlumatda qeyd olunub.

Zelenski Londonda Avropa liderləri ilə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski Londona səfər edib. Sozcu.az xəbər verir ki, Zelenski səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə görüşüb. Həmçinin Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzlə video-formatda danışıqlar aparıb. Görüşdən sonra mətbuata açıqlama verilməyib.

Dəhşətli qəzanın təfərrüatı: Ailə məhv oldu... - Video

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda “Leksus” markalı avtomobilin su kanalına düşməsi nəticəsində 5 nəfər həyatını itirib. Sozcu.az xəbər verir ki, hadisədə ölənlərin yaxınları danışıblar. Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib: “Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı var idi. Deyirlər, maşını 150 km/saat sürətlə sürüb, idarə edə bilməyib. Gənclərə tövsiyəm odur ki, ehtiyatlı olun, bala”. Həlak olanlardan biri – 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib: “Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun iki oğlu və mənim oğlum – üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular”. Daha ətraflı Baku TV-nin süjetində:

Zaqatalada yarımtikilidə meyit aşkarlandı

Hadisə Zaqatalanın Əliabad qəsəbəsində baş verib. Sozcu.az xəbər verir ki, Əliabad qəsəbə sakini, 71 yaşlı İsmayıl Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə tapılıb. Meyit ailə üzvləri tərəfindən aşkar olunan kimi müvafiq orqanlar məlumatlandırılıb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verib. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma başlanılıb.

“Hər 5 müəllimdən 1-i peşəkar tələblərə cavab verir” – NAZİR

Nəzarətlər və təhlillər göstərir ki, təhsilin keyfiyyəti ilə bağlı məsələlərin kökündə dayanan əsas amillərdən biri müəllim faktorudur. Tədris resursları, dərsliklərin sayı və keyfiyyəti nə qədər önəmli olsa da, bu sistemdə ən vacib müəllimdir. Təcrübə göstərir ki, uğurlu təhsil sistemlərinin əsasında keyfiyyətli müəllimlər dayanır. Sozcu.az “Modern.az”a istinadən xəbər verir ki, bunu Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, son illərdə apardığımız araşdırmalarda və diaqnostik qiymətləndirmələrdə məlum olub ki, sistemdə müəllim adı daşıyanların bir hissəsi bu statusa real olaraq uyğun gəlmir. Təxminən 4500-5000 nəfər müəllim arasında aparılan qiymətləndirmə göstərib ki, onların yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir. Bu, göstərir ki, müəllim statusu daşıyanların bir çoxu faktiki olaraq müvafiq səviyyəyə malik deyil. “Buna görə də müəllimlərin ilkin hazırlığı əsas prioritetlərdən biridir. Xüsusilə ibtidai siniflərdə dərs deyən müəllimlərin təhsili və bacarığı uşaqların gələcək inkişafına bilavasitə təsir edir. Əgər müəllimin özündə tədris bacarıqları zəifdirsə, bu, növbəti mərhələlərdə də təhsilin keyfiyyətinə mənfi təsir göstərir”. Nazir qeyd edib ki, ali məktəblər üçün müasir dərsliklər hazırlanır. Amma orta məktəblər üçün təməl dərsliklər daha da təkmilləşdirilməlidir. Bu dərsliklər sadəcə məlumat ötürən deyil, düşüncə formaladıran, inkişaf etdirən vasitə olmalıdır. “Bunun nəticəsində dil dərslikləri müasir tələblərə cavab vermir, dərindən tədqiq olunmuş və praktikaya əsaslanan dərsliklər çatışmır. Məsələn, bəzi dərsliklər müəllifin şəxsi yanaşmasına əsaslanır, lakin ümumi metodoloji və nəzəri əsasları zəifdir. Bu səbəbdən, standartlara uyğun, öyrədici və qiymətləndirməyə əsaslanan dərsliklərin hazırlanması vacibdir”. Onun sözlərinə görə, bu məsələdə dəqiq qiymətləndirmə də önəmlidir: “Biz nəyə nail olduğumuzu və nəyi edə biləcəyimizi ölçmək üçün dəqiq və nəticəyönümlü qiymətləndirmə mexanizmləri qurmalıyıq. Bu sistemlər yalnız formal yanaşmalarla deyil, real nəticələrlə işləməlidir. Qiymətləndirmə qaydaları şəffaf və obyektiv olmalı, nəticələri ölçən vasitələrlə təmin edilməlidir”. “Azərbaycanın yeni texnoloji məzun bazasının formalaşdırılmasıdır. Təkcə humanitar sahələrdə deyil, texnologiya üzrə ixtisaslaşan məzunların sayı da artmalıdır. Bu, ölkənin inkişafı və gələcək strateji məqsədləri üçün olduqca vacibdir” – o vurğulayıb.

Sabah Bakıya leysan yağacaq

Bakı və Abşeronda dekabrın 9-da leysan xarakterli yağış yağacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Mülayim şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.