Cahangir Hacıyevin intihara cəhd xəbəri ilə bağlı açıqlama

“Cahangir Hacıyev heç vaxt özünə xəsarət yetirmək istəməyib”.
Sozcu.az xəbər verir ki, bunu BBC Azərbaycanca-ya açıqlamasında Cahangir Hacıyevin vəkili Aqil Layıc söyləyib.

Yerli mətbuatda Cahangir Hacıyevin bir neçə il əvvəl təcridxana rəhbərliyindən kamerasının dəyişdirilməsini tələb etdiyi, əks təqdirdə özünə xəsarət yetirəcəyini söylədiyi, eləcə də Penitensiar Xidmətin işçilərinə pul təklif etməklə əlavə telefon danışığı imtiyazı almaq istədiyi haqda iddialar yer alıb.

Aqil Layıc deyib ki, o, bu məsələ ilə bağlı Cahangir Hacıyevlə danışıb, cənab Hacıyev isə iddiaları rədd edərək “cəfəngiyat” adlandırıb.

“Mətbuatda məlumat yayılıb ki, guya Cahangir Hacıyev özünə xəsarət edəcək, buna cəhd edib və ya kiməsə vəd verib. Bu tipli məlumatlar ancaq qulaqdandolma məlumatlardır və reallığı əks etdirmir”.

Cənab Layıc deyir ki, müvəkkili “məhrumiyyətə məruz qalıb” və sual edir ki, “bu halda olan insan necə pul qarşılığında imtiyaz əldə edə bilər?”

“Nəinki imtiyazlı danışıq vaxtı, axı Cahangir Hacıyevin telefonla danışıq hüququ ümumiyyətlə əlindən alınıb. O, bu günədək ailə üzvləri ilə nə telefonla danışa, nə də görüşə bilir. Azərbaycanda bu günədək həbs olunan heç kəsə bu qədər məhdudiyyət qoyulmayıb. İstər siyasi məhbuslar, istər keçmiş dövlət məmurları, istərsə də bank sədrləri, heç kimə qarşı bu dərəcədə sərt tədbirlər həyata keçirilməyib”.

Penitensiar Xidmətdən isə Cahangir Hacıyevə qarşı məhdudiyyətin olmadığı bildirilib. “Onun görüşlərinin və telefon danışıqlarının təmin olunması qanunvericiliyə uyğun qaydada və sayda həyata keçirilir”, – Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov söyləyib.

Vəkil məhdudiyyətlərlə bağlı Penitensiar Xidmətə və məhkəməyə müraciət etdiyini, lakin onlardan “cavab ala bilmədiyini” deyir.

O əlavə edib ki, indiyədək mütəlif vaxtlarda Cahangir Hacıyevə şəxsi əşyaların ötürülməsində və vəkilləri ilə görüşməsində də məhdudiyyətlər qoyulub.

Facebook Comments