Coşqun Əliyev: “Ən böyük Elçibəy, başqa böyük yox!” şüarının müəllifi mənəm

Milli Azadlıq Hərəkatının lideri, eks-prezident, AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyin vəfatından 19 il keçir. Hər il olduğu kimi bu il də Əbülfəz Elçibəyin tərəfdarları Fəxri Xiyabanda gedərək,  anım tədbirləri keçirir, Bəy haqqında xatirələrini bölüşürlər.

Sozcu.az-ın bügunki müsahibi siyasi düşərgədə “Əbülfəz Elçibəyin gəncləri” kimi tanınan,  Əbülfəz bəyin Kələkidə olduğu zaman onun töfsiyyəsi ilə yaradılan Bütöv Azərbaycan Gənclər Təşkilatının (BAGT) qurucularından biri  və “Ən böyük Elçibəy, başqa böyük yox!” şüarının müəllifi olduğunu bildirən Coşqun Əliyevdir.

– Coşqun bəy, sosial şəbəkədə yazdığınız statusda ilk dəfə “Ən böyük Elçibəy, başqa böyük yox!” – şüarının sizin tərəfinizdən səsləndirildiyini bildirmisiniz. Mümkünsə bununla bağlı məlumat verin. İlk dəfə bu şüar harda səsləndirilib?

– Mərhum prezident Əbülfəz Elçibəyin Heydər Əliyevlə bağlı səsləndirdiyi fikirlər səbəbi ilə Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verildiyi zaman məhkəmə zalına buraxılmasaq da, binanın qarşısında böyük bir izdiham yaratmışdıq. Demək olar ki, ora toplaşan gənclərin sayı qədər də, ətrafa polis yerləşdirilmişdir. O zaman Nazim Nağıyev Səbail rayonunun polis rəisinin müavini idi. “Lider” TV-nin iki nəfər müxbiri məhkəmə binasının yaxınlığında Nazim Nağıyevdən müsahibə alırdı. O da özünə məxsus təkəbbürlə sualları cavablandırırdı. Xanım müxbir rəisə belə bir sual ünvanladı: “Nazim müəllim, sizə elə gəlmirmi ki, məhkəmə prosesini bu şəkildə mühafizə etməklə Əbülfəz Elçibəyi elə siz özünüz dağın başına qaldırırsınız?” . Yenə də Nazim Nağıyev özünə məxsus şəkildə: “Yox xanım, qanun hamı üçün qanundur və bizim vəzifəmiz əsayişi bərpa etməkdir” – deyə cavab verdiyi vaxt, mən əlimlə Nazim Nağıyevi göstərərək, uca səslə xanıma dedim ki, xanım, bu kimdir ki, Bəyi dağ başına qaldırsın?!

Nazim Nağıyevin müsahibəsinə imkan vermədik, dostlarım da mənim polisə aparılmağıma imkan vermədilər. O zaman belə deyildi, polislərin bizi polis bölməsinə aparmaları o qədər də asan olmurdu. Bu vaxt baş verən qarşıdurma zamanı, uca səslə, “ƏN BÖYÜK ELÇİBƏY, BAŞQA BÖYÜK YOX!” – deyərək, düz rəisin üzünə qışqırdım. O gün bizim həbsimiz mümkün olmasa da, səhəri gün bizi tək-tək həbs edib Səbail polisinin məhşur 9-cu polis bölməsinə apardılar.

 – Coşqun bəy, Əbülfəz Elçibəyin vəfatından sonra cəmiyyət olaraq itirdiyimizin böyüklüyünü fərq etdikmi?

Bilirsinizmi, dağa yaxından baxanda onun böyüklüyünü görmək mümkün olmur. O zaman Bəyin ətrafında özlərini lider hesab edənlər və hətta mitinqlərdə ona çıxış üçün vaxt məhdudiyyəti tətbiq edənlər də,  Bəyin vəfatından sonra zamanında dağın kölgəsində olduqlarını anladılar. Heyif ki, artıq gecdir…

– Bəyin zamanında olan ictimai fəal gənclərlə, indiki gənclər arasında hansı fərqləri görürsünüz?

Fərqlər təbii ki, çoxdur. Biz sınmamışdıq. Bizi sındıra bilmədilər. Məsələn,hansısa bir aksiyamız olacağı duyurulan kimi Bakı şəhər polisi həyəcan təbili çalırdı. Ən azı 2 general bizim aksiyamızı dağıtmağa başçılıq edirdi.  Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin özü və ya müavini Yaşar Əliyev aksiyanın dağıdılmasına bir başa rəhbərlik edirdilər. İndiki gənclik isə elə deyil. Çünki mübarizə ruhu yoxdur. Gənclərin əksəriyyəti ya fərdləşib, ya da belə demək mümkünsə liberallaşıb.

BAGT-ni güclü edən əsas 3 amil idi: Güclü lider, ideya və təşkilat. Bizim keçirdiyimiz aksiyaların ən kiçiyini belə, bu günki bütöv müxaıifət cəbhəsi edə bilməyib.  Biz o zaman geri çəkilmirdik, indi bu mümkündürmü?

–  Bəydən sonra BAB-ın fəaliyyəti dayandırıldı, milli -ideoloji təşkilatların fəaliyyətləri zəiflədi, mübarizə əsasən ölkə daxili sosial problemlərə yönləndirildi. Bəydən sonra İran səfirliyinin qarşısında da ciddi bir aksiyalar keçirilmədi, Güney müstəqil Azərbaycan tərəfindən sanki kimsəsiz buraxıldı. Buna sizcə səbəb nə oldu?

–  Güneylə bağllı məsələlərə gəlincə, biz hər gün, hər saat güneylə yaşayırdıq.  Adımız çəkilən kimi İran səfirliyi üzük qaşı kimi mühasirəyə alınırdı.  Sizə bir hadisəni xatırladım, 1999-cı il də, adi bir gün idi. O vaxtkı “Bakı soveti” metrosundan çıxıb, İstiqlaliyyət küçəsi ilə Fəvvarələr meydanına  tərəf gedirdim. Qəfildən 6 nəfər polis əməkdaşı mənə hücum çəkdi. (Təbii ki, müqəvimətsiz məni öz maşınlarına mindirə bilmədilər) Dönə-dönə soruşdular ki, qalanları hardadır? bir neçə dəqiqədən sonra bütöv bir polis ordusu başıma yığıldı. Mən dəfələrlə izah etdim ki, mən də bu ölkənin vətəndaşı olaraq gəzməyə çıxmışam.  Polislər bilirdilər ki, biz aksiya keçirmək istətiriksə, mütləq aksiyanı keçirəcəyik. Müqavimət göstərsələr də, qətnaməmizi oxumadan dönməzdik.

Təşkilata gəlincə, Bəhrəm bəyin xidmətlərini unutmaq olmaz. O zamanlar hərəkatda olanlar gözəl bilirlər ki, BAGT ölkədə ən güclü təşkilat idi. Kiçik bir aksiyaya 1000-dən artıq gənc toplaya bilirdik. Yeri gəlmişkən, Bakı polisinə ilk dəfə dəbilqə, qalxan geyinməyə, onları kütlə ilə hesablaşmağa məcbur edən də bizlər olduq.

Elşən Əlisoy

 

 

Facebook Comments