Qızıl qaçaqmalçısı BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Fevralın 20-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində) Azərbaycan Respublikasının dövlət sərhəddində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Səmədzadə Tural Akif oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib. Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir. Səmədzadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR

25 fevral saat 15:00-dan etibarən 2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Bu barədə Sozcu.az-a MÜTDA-dan məlumat verilib. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edəcək. Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Qeyd edək ki, 25 fevral 2026-ci il tarixindən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

Azərbaycanda evlənən və boşananların sayı azalıb

Azərbaycanda nikah və boşanmaların sayı azalıb. Sozcu.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48 min 546 nikaha daxilolma və 20 min 675 boşanma halları qeydə alınıb. Həmçinin qeyd olunub ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya birləşdirildi, yeni mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Sozcu.az-ın xəbərinə görə, Fərmana əsasən, Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxsin ona qoşulması yolu ilə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi publik hüquqi şəxs qismində yenidən təşkil edilir. Müəyyən edilib ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən, habelə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına (qurumlarına) təqdim edən publik hüquqi şəxsdir. “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxsdir. “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqları və öhdəlikləri, habelə əmlakı müvafiq olaraq Agentliyə və Mərkəzə keçir. Agentliyin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib: Azərbaycan Respublikasının Prezidentinə: - Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; - Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi; - Agentliyin ləğvi və yenidən təşkili; - nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi; - Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; Agentliyə: - Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi; - publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. Mərkəzin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: Azərbaycan Respublikasının Prezidentinə: - Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; - Mərkəzin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi; - Mərkəzin ləğvi və yenidən təşkili; - nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Mərkəzin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi; Nazirlər Kabinetinə: - Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi; - Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; - Mərkəzin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi; Mərkəzə: - inkişaf istiqamətlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi; - Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi. Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Agentliyin və Mərkəzin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Rusiya Qordonu öldürmək istəyib - Plan

Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə bir neçə ukraynalı ictimai şəxsə sui-qəsd hazırlayan cinayətkar qrup Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna hüquq mühafizə orqanları məlumat yayıb. Məlumata görə, sözügedən əməliyyata “Eniqma 2.0” adı verilib: “Rusiya tərəfi cinayətkar qrupa Moldova və Ukrayna vətəndaşlarını cəlb edib. Rusiyalı casuslar Ukraynaya gələrək orada potensial hədəflərinin yaşayış və iş yerləri, səyahət marşrutları, qalma yerləri haqqında məlumat toplayıb, həmçinin qətlin törədilməsinin mümkün üsullarını araşdırıb. Bundan sonra onlar Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqə saxlayan kuratordan təlimatlar gözləyiblər”. Qeyd edək ki, casusların siyahısında ukraynalı jurnalist Dmitri Qordon və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrеy Yusovun da adı olub.

İtkin şəhid xanım Sumqayıtda dəfn edildi

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Sozcu.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Mehriban Qarayevanın nəşinin qalıqları hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə dəfn olunub. Qeyd edək ki, Mehriban Qarayeva 1970-ci il martın 27-də Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə könüllü hərbi xidmətə gedib. Elə həmin il Sırxavənd (Ağdərə) kəndində itkin düşüb. Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra Ağdərə rayonundan kütləvi məzarlıqda müəyyən edilərək ailəsinə təhvil verilib.

Qadın doğuşdan sonra öldü

Bakıda qadın ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, 1998-ci il təvəllüdlü paytaxt sakini Sevda Məmmədovanın Kliniki Tibbi Mərkəzdə doğuşdan sonra ölüb.

ABŞ-a məxsus təyyarə Rusiya ərazisinə daxil oldu

ABŞ-a məxsus naməlum təyyarə Murmansk vilayətinin hava məkanından Rusiya ərazisinə daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, “Flightradar” xidməti təyyarənin nömrəsini və ya mənsubiyyətini göstərməyib. Moskva vaxtı ilə saat 09:10-da (Bakı vaxtı ilə saat 10:10) təyyarə artıq Qazaxıstanın hava məkanında olub.

Tramp zərbə endirmək əmri verəcək

ABŞ Prezidenti Donald Tramp Tehranı nüvə sazişini qəbul etməyə məcbur etmək üçün İrana məhdud hərbi zərbə endirməyi düşünür. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. “İlkin plan az sayda hərbi və ya dövlət obyektlərini hədəf alacaq. İran nüvə proqramını məhdudlaşdırmaqdan imtina edərsə, daha geniş hücumlar mümkündür”, - məlumatda bildirilib.

Çalışdıqları şirkətdən 10 minlik oğurluq etdilər

Paytaxtın Yasamal rayonunda yerləşən özəl şirkətlərin birindən 10 000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb. Sozcu.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə qabaqcadan əlbir olaraq talama cinayətini törətməkdə şübhəli bilinənlər - 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər çalışdıqları şirkətin anbarından bir neçə ay ərzində hissə-hissə tikinti materialları oğurlayaraq satıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təqsirləndirilən şəxs: Məni həbs etməsəniz, özümü öldürəcəm

Bakıda qızına şillə vuran ata həbs olunub. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Əvvəllər məhkum olunmuş 41 yaşlı S.Cəfərov gecə saat 1 radələrində telefonla oynayan qızına irad bildirərək gedib yatmasını tapşırıb. Lakin qızı atasının sözlərini eşitməyib və telefon oynamaqda davam edib. Bundan əsəbiləşən Cəfərov sillə ilə qızının sifətinə zərbə vurub. Bu əməlinə görə S.Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanıb. Cəfərov ifadəsi zamanı əməlindən peşman olduğunu deyib. Amma daha qəribə tərəfi isə onun məhkəmədən özü barəsində həbs qərarı verilməsini xahiş etməkdir. Belə ki, təqsirləndirilən şəxs həbs olunmayacağı təqdirdə özünə qəsd edəcəyini bildirib. Zərərçəkən qız atasının tez-tez içki içdiyini və daim evdə mübahisələr yaratdığını deyib. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı da atası onu və anasını döyüb ki, şikayəti geri götürsünlər. Zərərçəkən həyatlarının təhlükədə olduğunu bildirib və məhkəmədən bunu nəzərə almağı istəyib. Məhkəmənin hökmü ilə S.Cəfərov 5 ay müddətinə həbs edilib.

Davudoğlu: Tabutumu azərbaycanlı gənclər daşısın...

Türkiyənin sabiq baş naziri və Gələcək Partiyasının lideri Əhməd Davudoğlu vəsiyyəti ilə bağlı diqqətçəkən açıqlama verib. Sozcu.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Cənazəmdə ikiüzlü siyasətçilərin iştirakını istəmirəm. Tabutumun azərbaycanlı, fələstinli, somalili və bosniyalı gənclərin çiyinlərində daşınmasını çox istərdim. Bu, mənim gənclərə vəsiyyətimdir”, - Davudoğlu bildirib.

Şəhid Şahin Kərimov Mingəçevirdə dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Şahin Heydər oğlu Kərimov Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Sozcu.az xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün yaşadığı Mingəçevir şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub. Sonra şəhidin nəşinin qalıqları Mingəçevir şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, deputat Aydın Mirzəzadə, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib. Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anasına verilib. Qeyd edək ki, Şahin Kərimov 1973-cü il dekabrın 16-da Mingəçevir şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 1993-cü ilin aprelində ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Kəlbəcər işğaldan azad edildikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

Ruslan Eyyubovun həbs müddəti uzadıldı

Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Qeyd edək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə saxlanılıb. Ötən ilin dekabr ayında barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub. Ruslan Eyyubov bir qədər əvvəl Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Həsən Eyyubovun qardaşıdır.

Bu ərazilərdə güclü külək əsir

Fevralın 19-u saat 16:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, bəzi rayonlarda yağıntlı və küləkli hava şəraiti müşahidə olunur. Şahbuz, Gədəbəy, Sarıbaşda (Qax) yağış, Qrız (Quba), Xınalıq, Daşkəsən və Şahdağda isə qar yağır. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtərdə 25, Lerikdə 23, Qəbələdə 22, Gəncə, Tovuz, Qobustan, Göyçayda 20, Mingəçevir, Ağdam, Balakəndə 18, Sabirabad, Bakıda və Abşeron yarımadasında 17, Şamaxıda 16, Şabran, Yevlaxda 15 m/s-dək güclənir. Göyçay, İmişli, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Britaniya kralı qardaşının həbsindən danışdı: narahatam

Böyük Britaniya Kralı III Çarlz qardaşı Endryunun həbsi ilə bağlı danışıb. Sozcu.az xəbər verir ki, o, qardaşının həbsindən dərin narahatlıq keçirdiyini bildirib. "Endryu ilə bağlı xəbərlərdən və dövlət vəzifəsində qanun pozuntuları iddialarından ən dərin narahatlıqla xəbər tutdum. İnanıram ki, bu məsələ ilə bağlı müvafiq qaydada və aidiyyəti orqanlar tərəfindən tam, ədalətli və düzgün araşdırma aparılacaq",- III Çarlz deyib. Xatırladaq ki, Jeffrey Epstein işi çərçivəsində aparılan araşdırmalarla əlaqədar keçmiş İngiltərə şahzadəsi Şahzadə Andrey vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.

İcra başçısı bir gündə 14 vəzifəli şəxsi işdən ÇIXARDI

Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Rövşən Bağırov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin aşağıda adları çəkilən əməkdaşları vəzifələrini itiriblər: 1. İntiqam Əhmadov - Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 2. Əhməd Hüseynov - Ağsu RİH başçısının Kalva kənd inzibati ərazi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 3. Elxan Quliyev - Ağsu RİH başçısının Gəgəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 4. Yusif Xalıqov - Ağsu RİH başçısının Bozavand kənd inzibati ərazi da üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi. 5. Sail Baloğlanov - Ağsu RİH başçısının Kəndoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 6. Elmir Məmmədov - Ağsu RİH başçısının Ərəbsarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 7. Elşən Məhərrəmov - Ağsu RİH başçısının Ləngəbiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 8. Elnur Səlimov - Ağsu RİH başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 9. Cahangir Babaxanov - Ağsu RİH başçısının Rəhimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 10. Teymur Əliyev - Ağsu RİH başçısının Ərəbmehdibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi; 11. Fuad Kərimli - Ağsu RİH başçısının Padar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 12. Taryel Qasımov - Ağsu RİH başçısının Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 13. Rəvan Ziyazadə - Ağsu RİH başçısının Muradlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 14. Fəxrəddin Rüstəmov - Ağsu RİH başçısının Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi Məlumata görə, adıçəkilən şəxslər tutduqları vəzifədən azad edilib, başqa işlə təmin edilməyiblər. (Oxu.az)

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Sozcu.az-a fonddan məlumat verilib.  Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Qeyd edək ki, 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

28 yaşlı şəxs binadan yıxılıb öldü

Bakıda 28 yaşlı kişi evin 4-cü mərtəbəsindəki eyvanından yıxılıb. Sozcu.az xəbər verir ki, hadisə 1998-ci il təvəllüdlü Azər İsmayılov yaşadığı Bakıxanov qəsəbəsində olub. Sabunçu Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma aparılır.

Bakıda sərnişin avtobusunda ölüm...

Bakıda 72 yaşlı kişi avtobusda ölüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Məlumata görə, 65 saylı xətt avtobusunda 1954-cü il təvəllüdlü İzzət İsgəndərov ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırma aparılır.

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 19-dan 20-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunudan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.

On minlər bu torpaq üçün öldü, verə bilmərik

Ukraynada heç kim ərazilərin verilməsini dəstəkləməyəcək, çünki on minlərlə ukraynalı bu torpağı müdafiə edərkən həlak olub. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Biz Donbası tərk edə bilmərik. Bu, mümkün deyil. Bu, bizim ərazimizdir. Əlbəttə ki, hazırda işğal altında olan hissələr də bizim ərazimizdir”, - Zelenski bildirib. Qeyd edək ki, sülh danışıqları çərçivəsində Ukrayna ordusunun Donbasdan geri çəkilməsinin müzakirə edildiyi bildirilir.

Zirzəmidən Allaha açıq məktub!

Ey Yerin və Göyün Sahibi olan Uca Allah! Bu məktub sadəcə bir dua deyil - bu, zülmə qarşı yazılmış ittiham aktıdır. Bu sətirlər mürəkkəblə yox, sındırılmış ümidlə, tapdanmış ləyaqətlə, boğazda düyünlənmiş harayla yazılıb. Mən, bu məktubu SƏNə yazıram, çünki bu ölkədə məmur kabinetləri səs keçirmir, amma SƏNin DƏRGAHın heç vaxt lal olmayıb. Bu yazı bir nəfərin şəxsi dərdi deyil. Bu, minlərlə evsiz insanın, zirzəmilərdə çürüyən talelərin, kirayə evlərdə - həyatda nəfəsi kəsilən ailələrin ümumiləşmiş fəryadıdır. Bu, susdurulmuş XALQın adından ürək ağrısıyla yazılmış açıq məktubdur. Allahım! Bu ölkə artıq sosial uçurumun adıdır. Bu ölkədə bur tərəfdə villalar GÖYlə yarışır, o biri tərəfdə isə zirzəmilər insanı torpaqla üz-üzə qoyur. Azərbaycan adlı bu məmləkətdə saraylar işıq içindədir, amma XALQ qaranlıq içində, əzab-əziyyətlə dolu günlərlə baş-başa qalıb. Bu ölkənin torpağında məmur üçün hər şey var: - vəzifə kreslosu var, - villa var, - pul-para var, - toxunulmazlıq var,- susdurulmuş qanun var.  XALQ üçün isə yalnız bunlar qalıb: - səbr, - qorxu, - dözüm, - susmaq məcburiyyəti. Bu, artıq idarəçilik deyil, Allahım. Bu, XALQ üzərində qurulmuş soyuq sistemdir. Bu zirzəminin divarları daşdan hörülməyib, Allahım. Bu divarlar rüşvətlə, haram pulla, yeyilmiş haqla hörülüb. Bu tavanın alçaqlığı yoxsulluqdan deyil -  ədalətsizlikdəndir. Bu zirzəminin divarından axan qara kifli su nəmlik deyil, sistemin çürümüşlüyüdür. XALQın haqqı yeyilərək tikilən saraylar gec-tez sahiblərinə qəbir qədər dar olacaq.  Çünki ah-nalə üzərində qurulan heç bir bina uzunömürlü olmur.  Biz, dilənçi olmaq üçün yaradılmadıq. Biz, zirzəmidə yaşamaq üçün doğulmadıq. Biz, insan kmi yaşamaq haqqı ilə doğulduq - amma bu haqq əlimizdən alındı. Ey Böyük Yaradan! Bu ölkədə dövlətlə XALQ arasında dərin bir boşluq yaradılıb. Bu boşluğun adı vicdansızlıqdır. Məmurlar XALQa yox, kresloya sədaqət göstərir. Qanun XALQ üçün sərt, vəzifəli üçün elastikdir. Vəzifə bu torpaqda xidmət anlamını itirib, Allahım. O, imtiyaz alətinə, toxunulmazlıq qalxanına çevrilib. XALQ isə yalnız seçkidən seçkiyə xatırlanan yükdür. Amma SƏN Yer üzündə hər şeyi - qara daşın üstündəki qarışqanı da görürsən. Və bu, bizim son təsəllimizdir. Rəbbim! Zirzəmi insanı tədricən öldürür. Əvvəl bədəni, sonra ruhu. Yarıqaranlıq zirzəmidə ömür sürüb nəfəs almaq çox ağırdır, yaşamaq isə əzaba çevrilir. Bu, sosial siyasətin iflasının canlı sübutudur. Divarlardan axan qara su bədənə yox, birbaşa ürəyə işləyir. Soyuq döşəmələrdə illər yox olur, sağlamlıq əriyir. Günahı olmayanlara verilmiş səssiz cəza budur. Ey Uca Allah!  Bu yazı təkcə yalvarış deyil. Bu yazı açıq  ittihamdır. Mən SƏNdən möcüzə istəyirəm, çünki insanlar möcüzəsiz qalıb. Mən ailə üzvlərimlə birlikdə ömür yaşamaq üçün EV istəyirəm. Bu, insanın yaşamaq hüququdur. Damı-evi olmayanın DUAsı ağır, ahı təhlükəlidir. Bu XALQa ağ günlər ver, İlahi! Bu torpaqda - bu məmləkətdə uşaqlar zirzəmidə yox, gün işığında böyüsün!  Bu ölkədə məmur saraylarından çox, XALQ evləri tikilsin. Bu dövlətdə ədalət kağız üzərində yox, həyatın içində olsun. Ey Xudavənd!  SƏN hər şeyə qadirsən axı! Mənim də doğma VƏTƏNimdə mənzilim olsun. Bu, tək bir insanın arzusu deyil - bu, əzilmiş bir XALQın haqqıdır. Bu kitabça SƏNə ünvanlanmış açıq məktubdur. Bu məktubun cavabı ya ədalətdə olacaq, ya da ki, tarixdə.  SƏNi sevən, SƏNə sığınan bəndən. Ey sevimli, rəhmli Allah! SƏNin iradənlə, SƏNin isminlə yazdım bu məktubu. İnsana mümkün olmayan, Sahiblər Sahibi olan Böyük Allaha mümkündür!  Mərhəmətli, sevgi dolu Allah! Nə istədiyimi SƏNin əllərinə verirəm.  XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Azərbaycanda bu idarələr LƏĞV OLUNDU

Azərbaycanda meliorasiya sahəsində fəaliyyət göstərən daha bir neçə idarə ləğv olunduğunu elan edib. Sozcu.az xəbər verir ki, bunlar Kürdəmir, Sabirabad, Sumqayıt və Lənkəran Melioservis İdarələridir. Xatırladaq ki, daha əvvəl isə Salyan Melioservis İdarəsi, Qazax Melioservis İdarəsi və Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi Neftçala Melioservis İdarəsi, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi, Ucar Melioservis İdarəsi, Yevlax Melioservis İdarəsi və Bərdə Melioservis İdarəsi ləğv olunduğunu elan edib.(İqtisadiyyat.az)