Ekspertdən sensasion şərh: Məmur dedi ki…

Azərbaycanda qeydə alının yol-nəqliyyat hadisələrindən 60 faizindən çoxu piyadaların vurulmasının payına düşür. Dəhşətli statistika göstərir ki, 2016-cı ildə respublika üzrə yol-nəqliyyat hadisələrinin 62, 2017-ci ildə 69, 2018-ci ildə isə 65 faizini piyadaların vurulması təşkil edib.

İndi isə mütləq göstəricilərə nəzər salaq. Ötən il ölkədə piyadaların vurulması ilə bağlı 863 fakt qeydə alınıb. Onlardan 104-ü məhz piyadaların səhvinə görə baş verib.

Hər il piyadaların vurulmasına görə 100-ə qədər insan həlak olur, təxminən 200 insan şikəst qalır. Bununla belə daha bir maraqlı statistikaya nəzər salmaq gərəkdir: hər il təxminən 300 sürücü piyadaların vurulmasına görə məsuliyyətə cəlb olunur. Belə çıxır ki, faciəvi nəticələri olan bütün bu 300 halda yalnız sürücülər günahkardır? Bəs bu məsələdə heç də az günahkar olmayan piyadalar necə? Nəyə görə biz heç vaxt piyadanın vurulmasına görə onun özünün günahkar olduğunu eşitməmişik?

Axar.az bu sualları avtomobil və nəqliyyat sahəsində tanınmış ekspert, azərbaycanlı bloger Ramin Musayevə ünvanlayıb.

Onun sözlərinə görə, yollarda piyadalar ucbatından baş verən ölüm halları narahatedicidir.

“Məsələ burasındadır ki, əksər hallarda günahkar tənbəllik və cahillik ucbatından yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalar olur. Piyadaların keçidlərin üzərində vurulmasına dair faktlar da var. Bizim qanunvericiliyə əsasən, tərəflərin günahından asılı olmayaraq, məsuliyyət hər zaman nəqliyyat vasitəsinin sürücüsünə yüklənir”, – ekspert bildirib.

Musayevin sözlərinə görə, sürücülərin məsuliyyəti məsələsi uzun müddətdir müzakirə olunur.

“Bu yaxınlarda məsələnin yüksəkçinli məmurla müzakirəsi zamanı çox maraqlı bir cavab aldım. Belə ki, əgər qanunda dəyişiklik edilsə, daha böyük problemlər meydana gələ bilər. Çünki bu zaman sürücülər bilərəkdən yollarına çıxan piyadaların üzərinə sürə bilər. Bu cavabdan sonra düşündüm: haradasa haqlıdır. Çox tez-tez yollarda sürücülərin əsəbi vəziyyətini müşahidə etmək olur. Bu zaman onlar siqnal verir, tələsir, qəzəblənir, kiçik şeylərə görə deyinir və digərlərinə yol vermək istəmirlər. Təsəvvür edin, bu cür adekvat olmayan vəziyyətdə sürücünün qarşısında yolu keçid üçün müəyyən edilməmiş ərazidən keçən piyada peyda olur. Özündən başqa hər kəsdə günah görən qəzəbli sürücü ona bəraət qazandırılacağını biləndə piyadanı vurmamaq üçün heç bir tədbir görməyəcək, hətta əksinə, qəsdən onu vura da bilər. Nəticədə bizim daha çox problemimiz olacaq”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, məsələnin həllinə əvvəlcə piyadalardan başlamaq lazımdır:

“Dəfələrlə piyadaların eskalatorlarla təchiz edilmiş keçidlərin yaxınlığından yolu keçdiyinin şahidi olmuşam. Polisin piyadalara cərimə yazmasına baxmayaraq, yenə də təhlükəli yerlərdən yol keçməyə davam edirlər. Digər problem keçidlərdir. Onlar əvvəlki kimi yetərli sayda deyil, xüsusən də sürət həddinin yuxarı olduğu yollarda bunu görmək mümkündür. Bundan əlavə, piyada keçidlərinin qaranlıqda sürücülərin onu tez görə bilməsi üçün yüksək intensivliyə malik, işığı əks etdirən boyalarla rənglənməsi yaxşı olardı. Məktəblərdə və müəssisələrdə media vasitəsilə maarifləndirmə işləri aparılmalıdır. Bundan sonra isə sürücüləri qoruyan qanun da qəbul etmək mümkündür”.

Sozcu.az

Facebook Comments