“Şirməmməd Hüseynov dedi ki, kimin xöşu gəlmir getsin KQB-yə”

Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru, Müsavat Partiyasının üzvü Şirməmməd Hüseynovun vəfat etməsi cəmiyyətdə hüzünlə qarşılanıb.

Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində Şirməmməd Hüseynov haqda xatirələrini paylaşıb:

“Sevimli müəllimim Şirməmməd Hüseynov vəfat etdi.

Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ömər Faiq Nemanzadə və başqa mütəfəkkirlərimiz haqqında ilk tərifli sözləri ondan eşitmişəm. Hələ sovet imperiyasının davam etdiyi 80-ci illərin ortalarında universitet auditoriyasında burjua mətbuatının tənqidi mövzusundakı mühazirələrində çəkinmədən bu şəxsiyyətlərin böyük xidmətlərini təbliğ edirdi.

Bir dəfə tələbə yoldaşlarımızdan biri sual verdi:
– Siz elə danışırsız ki, sanki bu adamları təbliğ edirsiz.
– Bəli, mən təbliğ edirəm, kimin xoşu gəlmir, getsin KKB- yə məlumat versin, demişdi.

İndi belə davranış adi görünə bilər, amma o dövrdə bu böyük cəsarət tələb edirdi.

Şirməmməd Hüseynov cəmiyyətin dayaqlarından biri olan, ləyaqət kodeksinə daim əməl edən ziyalılarımızdan biri idi. Allah rəhmət eləsin”.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Şirməmməd Hüseynov haqda bunları yazıb:

“2019-cu il 24 iyunda Şirməmməd Hüseynov dünyasını dəyişdi. Bu il dekabrda 95 yaşı olacaqdı.
Şirməmməd müəllimlə saysız-hesabsız görüşlərimi xatırlayıram. İkilikdə, bir neçə ziyalının iştirak etdiyi söhbətlərdə, kiçik məclislərdə, böyük toplantılarda, toy və yas məclislərində…
Müsavat partiyasında Şirməmməd müəllimin 75 illik, 80 illik… yubileylərini qeyd etmişik..

Heç bir zaman özü haqda çıxışlara, ötəri mövzulara maraq göstərməyib. Təkidlə söhbəti Məhəmməd Əmin Rəsulzadə, Müsavat, Cümhuriyyət mövzularına yönəldib, bildiklərini cəmiyyətə, gənclərə, hamıya çatdırmağa çalışıb. Bildikləri isə dəyərinə görə xəzinə, nəhəngliyinə görə okean idi…
Çox böyük itkidir, Şirməmməd müəllimi heç kim əvəz edə bilməz.

Ancaq müsavatçılıq dəyərlərini öyrənməyə davam edən alimlər, ziyalılar, gənclər var və daim olacaq.

Müsavat yolunu davam edən fədakar insanlar, təşkilatlar, gənclik var və hər zaman olacaq. Tanrı ruhunu şad etsin”.

Basta

Facebook Comments