Tiflisdə nə baş verir: kimlər qurban gedəcək? – Vasadze

Qavrilovla bağlı baş verən son hadisələrdən sonra İrakli Kobaxidzenin istefası mümkündür.

Bu sözləri Axar.az-a gürcü politoloq Gela Vasadze Gürcüstanda baş verən son parlament insidentini şərh edərkən deyib. Politoloq baş verənlərin müəyyən mənada provokasiya xarakteri daşıdığını deyib:

“Son baş verənlərin (Rusiyalı deputat Sergey Qavrilovun parlamentin spikerinin yerində oturması – red.) təşkilatçıların səhvi, yoxsa provokasiya olduğunu dəqiq bilmirəm. Bir tərəfdən də Qavrilovun Gürcüstana gətirilməsinin özü elə provokasiyadır. Başa düşürəm ki, parlamentlərarası əlaqə qrupu-filan var, amma burada 1992-1993-cü illərdə Abxaziyada hərbi əməliyyatlarda iştirak edən adamdan söhbət gedir. Bunun özü provokasiya idi. Belə bir adamın parlamentdə spikerin yerini tutması artıq insanların, o cümlədən deputatların səbrini daşırdan son damla oldu”.

Hakim partiyanın deputatlarının parlamentdə yaranan skandalla bağlı daha aktiv etiraz mövqeyi tutmasını şərh edən ekspert Gürcü Arzusu Partiyasının cəmiyyətin böyük hissəsində narazılığın kifayət qədər güclü olduğunu gözəl anladığını və ona görə də bundan yaxasını qurtarmağa çalışdığını bildirib:

“Onlar sadəcə çalışırlar ki, əhali bunu onların etdiyini düşünməsin. Məsələ ondadır ki, hakim partiya və hökumət hər bir halda baş verənlərə görə məsuliyyət daşıyır. Bu gün Gürcüstan spikerinin kreslosunda Gürcüstanın ərazi bütövlüyünü tanımayan Rusiya Dumasının deputatının əyləşməsinə görə məsuliyyət ayrıca deputatlar yox, bütün hakim partiyanın üzərinə düşür”.

“Bu skandal hazırda Bakıda səfərdə olan Kobaxidzenin qurban verilməsiylə nəticələnəcəkmi” sualına isə Vasadze deyib:

“Hər şey mümkündür. Əslində Kobaxidzenin istefası məsələsi bir tərəfdən İvanişlidən asılıdır. Məncə, Kobaxidzenin istefası mümkündür. Onun hazırda Bakıda olmasının bununla əlaqəsi yoxdur. Belə ki, o, parlamentlərarası assambleyanın iclasının ilk günündə iştirak edib və orada Qavrilovun özü də olub. Digər tərəfdən isə bu assambleyanı parlament təşkil edib, yəni bu işə görə həm də parlament sədri məsuliyyət daşıyır. Hər şey İvanişvilinin qərarından asılıdır. Əgər İvanişvili Kobaxidzeni qurban vermək haqqında qərar qəbul etsə, o zaman o, istefaya göndəriləcək. Hələlik hadisələr yüksələn xətlə inkişaf edir. Təkcə siyasətçilər yox, həm də cəmiyyət qəzəblənib”.

Qeyd edək ki, dünən Tiflisdə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasında insident yaşanıb. İnsidentə səbəb Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilov olub. Deputatın Gürcüstan parlamentinin spikerinin yerində oturaraq sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi müxalifətin kəskin etirazına səbəb olub. Bundan sonra deputatlar Qavrilovun təcili parlament zalını tərk etməsini tələb edib. Müxalif partiyalar – Vahid Milli Hərəkat və Avropa Gürcüstanı Partiyalarının deputatları isə tribunanı ələ keçirərək assambleyanın iclasının dayanmasına səbəb olublar.

Parlament zalındakı etirazla bərabər parlamentin binası önündə aksiyalar başlayıb. Aksiyalar zamanı Putinin fotoları yandırılıb. Axşam saatlarında isə vəziyyət xeyli qəlizləşib. Etirazçılar İrakli Kobaxidze, Daxili İşlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin istefasını tələb ediblər. Bundan sonra parlamentin binasına yürüş başlayıb. Polis etirazçıların qarşısını kəsib.

İvanişvili də məsələyə reaksiya verib. Boz kardinal xalqın yanında olduğunu və assambleyanın iclasının dərhal dayandırılmasını istəyib.

Sozcu.az

Facebook Comments