“Putin özünü dövlət başçısı kimi təsdiqləmək üçün İrəvana səfərə möhtac qalıb…”

“Amma belə görünür ki, Paşinyan hökuməti Putinin, Rusiyanın planlarında iştirak etməyə o qədər də meyilli deyil…”

“Putinin KTMT sammiti çərçivəsində İrəvana səfərinin bir neçə motivi var. Motivlərdən biri onun düşdüyü mövcud vəziyyətlə bağlıdır. Hazırda Rusiyanın, demək olar ki, bütün müttəfiqləri bu dövlətlə Putin səviyyəsində kontaktlardan imtina ediblər. Bu da faktiki olaraq Putinin dövlət başçısı kimi boykot vəziyyətinə düşməsinə gətirib çıxarıb. Bunun nəticəsində Rusiya lideri özünü dövlət başçısı kimi təsdiqləmək üçün İrəvana səfərə möhtac qalıbdır. Yəni Putinin Ermənistana səfərinin birinci səbəbi budur”.

Bu fikirləri Moderator.az-a açıqlamasında işğalçı Rusiya prezidenti Putinin KTMT sammitindəki iştirak üçün Ermənistan paytaxtına səfərini şərh edən siyasi təhlükəsizılik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.

“Rusiya liderini İrəvana gətirən ikinci səbəb Ermənistanı yenidən siyasi mənada Kremlin təsir dairəsinə qaytarmaqdır. Bununla eyni zamanda İrəvanın xidmətlərindən Azərbaycana təzyiq vasitəsi kimi yararlanmaq nəzərdə tutulur. Burada isə problem düşündüyümüzdən daha dərindir. Məsələ burasındadır ki, hazırda Rusiya özünün “sülhməramlı”larının nəzarətində olan Qarabağın dağlıq hissəsində sürətlə yerdəyişmələr etməyə çalışır. Və əslində həmin proses bu saat gedir. Həmçinin Putin rejimi sözügedən Azərbaycan ərazilərinə göndərdiyi Ruben Vardanyanı separatçıların onsuz da tanınmayan və oyundankənar durumda qalmış “hökuməti”nin liderinə çevirməyə cəhd edir. Amma məsələ burasındadır ki, hətta Rusiya bunu etsə belə, İrəvanın dəstəyi olmadan Qarabağ separatçılarından Azərbaycana qarşı istifadə etmənin heç bir perspektivi yoxdur. Bu, uzaqbaşı, bölgədə yeni bir hərbi qarşıdurmaya gətirib çıxara bilər. Və bu halda da İrəvan konfliktə getməyəcəkdir. Biz Putinin, Lukaşenkonun daha açıq şəkildə verdikləri bəyanatlardan görürük ki, KTMT-nin özünün mövcudluğu artıq sual altındadır. Belə görünür ki, Paşinyan hökuməti Putinin, Rusiyanın planlarında iştirak etməyə o qədər də meyilli deyil. Və Putinin əsas niyyətlərindən biri, dediyim kimi, Qarabağda möhkəmləndirməyə çalışdığı separatçılara İrəvanın dəstəyini qazandırmaqdır. Paşinyan isə yaxşı anlayır ki, Rusiyanın bölgə ilə bağlı ümumi planları yalnız Azərbaycana deyil, Ermənistana da təhdidlər yaradır. Və bu mənada çalışır ki, Moskvadan maksimal dərəcədə məsafələşsin. Və yalnız Rusiyadan deyil, həm də onun alətinə çevrilmiş Qarabağ separatçılarından… Bax, belə bir mürəkkəb vəziyyətdir. Və Putin bu cür təhdidlərlə, yəni Ermənistanı yenidən Qarabağdakı proseslərə cəlb etmək cəhdi ilə, İrəvanın separatçılara dəstəyini təmin etməklə və Ermənistan-Azərbaycan münasibətlərini bir qədər də gərginləşdirməklə Bakını şantaj etməyə çalışır”-deyə ekspert əlavə edib.

Ərəstun Oruclu hesab edir ki, İrəvanla Moskva arasında digər məsələlərdə də ziddiyyətlər var və bu səbəbdən Putin rejimi regionla bağlı öz planlarını həyata keçirməkdə çətinlik çəkir.

“Putini İrəvana gətirən üçüncü əsas səbəb, niyyət isə Ermənistandakı 102-ci Rusiya bazasını gücləndirməkdir. Ancaq həmin bazanı gücləndirmək, onun kontingentinin və silahlarının sayını artırmaq üçün hətta bu barədə müvafiq müqavilələr olsa da, İrəvanın razılığı lazımdır. Çünki, bildiyimə görə, həmin müavilələrdə çox konkret olaraq kontingentin və silahların çeşidi də göstərilib. Amma biz bu yaxınlarda eşitdik ki, Rusiya bəhs edilən bazanı modernləşdirməyə qərar verib. Belə çıxır ki, Kreml orada hərbi kontingentin və silah-sursatın sayını artırmağa çalışır. Və bu da anlaşılandır. Çünki dəfələrlə dediyim kimi, Rusiyanın əsas niyyəti cənuba, Yaxın Şərqə çıxmaqdır. Bunun üçün də Ermənistandakı hərbi baza hökmən gücləndirilməlidir. Hələlik görünən budur ki, İrəvanla Moskva arasında elə bu dediyimiz məsələyə dair də ciddi ziddiyyətlər var”-deyə ekspert vurğulayıb.

Facebook Comments