Qızıl yenidən bahalaşdı

Dünya bazarında qızıl və gümüş yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, Nyu Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 90,3 dollar artaraq 4 979,8 dollar təşkil edib. Gümüş isə 0,18 dollar artaraq 76,9 dollara bərabər olub. Qeyd edək ki, 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti 19 yanvardan bəri ilk dəfə troya unsiyası üçün 4700 dollardan aşağı düşmüşdü.

Masallıda 9 kiloqram narkotik vasitə AŞKARLANDI

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sirkə turşusundan zəhərlənənkişi xəstəxanada öldü

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, 1997-ci il təvəllüdlü T.Quliyev evdə sirkə turşusu içərək zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, 29 yaşlı kişi həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan axtarışda olan caniləri Türkiyəyə təhvil verdi

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan "qırmızı bülleten"lə axtarışda olan 16 nəfəri Türkiyəyə ekstradisiya edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında paylaşıb. Ekstradisiya olunan şəxslər qəsdən adam öldürmə, sui-qəsdə cəhd, narkotik ticarəti, oğurluq və dələduzluq kimi cinayətlərdə ittiham olunurlar.

Təmirlə əlaqədar Bakı–Sumqayıt yolunda müvəqqəti məhdudiyyət tətbiq edildi

Hazırda Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər. Yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Sumqayıtda dəm qazından zəhərlənmə olub. Sozcu.az xəbər verir ki, hadisə şəhərinin 13-cü mikrorayonunda baş verib. Bir ailənin dörd üzvü xəstəxanaya çatdırılıb. Məlumata görə, hamam otağında yaranan qaz sızması səbəbindən 1991-ci il təvəllüdlü Vüsal Əliyev və 2001-ci il təvəllüdlü Natəvan Əliyeva zəhərlənərək Sumqayıt şəhər TTY xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir. Hadisə zamanı ailənin iki azyaşlı övladı — 2025-ci il təvəllüdlü Mələk Əliyeva və 2022-ci il təvəllüdlü Vüqar Əliyev də dəm qazından zərər çəkib. Uşaqlar Sumqayıt şəhər Uşaq Xəstəxanasına aparılıb, hazırda müalicələri davam etdirilir. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (Teleqraf.az)

İstanbulda 7 bal gücündə zəlzələ olacaq, qaçılmazdır! - Pampal

Ötən il konfransların birində çıxışım zamanı İstanbulda 6,5 – 7 bal gücündə zəlzələnin olacağını demişdim. İndi də eyni fikirdəyəm. Sozcu.az xəbər verir ki, bunu zəlzələ üzrə mütəxəssis Süleyman Pampal deyib. “Təəssüf ki, İstanbulda 7 bal gücündə zəlzələ olacaq. Bu fay xətti qırılacaq və proses başa çatacaq. Son illərdə bu, hətta Amerikanın "Nyu York Tayms" qəzetində də işıqlandırılıb. "Nature" jurnalında elmi məqalələr dərc olunub. İstanbulda zəlzələ riski olduqca yüksəkdir və qaçılmazdır, çünki onun təkrarlanma dövrü artıq keçib”, - mütəxəssis əlavə edib. “İstanbulla bağlı əvvəldən fikrim belə olub: Şimali Anadolu fayının şimal qolu, İstanbulun Avropa tərəfinin cənubundan, Silivri sahillərindən Təkirdağ və Qanoşa qədər sahilə paralel uzanır. 1912-ci ildə Qanoş fayı qırıldı və 7,3 bal gücündə zəlzələyə səbəb oldu. Daha sonra qırılmalar şərqə doğru davam etdi. 2009 və 2011-ci illərdə 5,5 və 5,9 bal gücündə zəlzələlər baş verdi. 23 aprel 2024-cü ildə 6,2 bal gücündə zəlzələ İstanbula çox yaxın oldu. 1766-cı ildə İstanbulu məhv edən iki zəlzələ də bu fay xətti üzərində baş verdi. Bu fay xəttinin şərqə, Böyükçəkməcə sahillərindən Əminönünə qədər uzanan qırılmamış bir hissəsi var. Bu, təxminən 30-35 kilometr uzunluğundadır. Su altında olduğundan qəti şəkildə danışa bilmərik, amma bu hissə qırılmayıb və nə vaxtsa qırılacaq”, - S.Pampal bildirib.

Çin narazıdır, Trampın səfəri təhlükədə...

ABŞ Prezidenti Donald Trampın Çinə apreldə nəzərdə tutulan səfəri Tayvana 20 milyard dollarlıq yeni silah satışı ilə bağlı qeyri-müəyyənliklə üzləşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb. Qeyd olunur ki, ABŞ-ın Tayvana yeni silah satışı Çin tərəfinin narazılığına səbəb olub və Prezident Donald Trampın aprel ayında Çinə planlaşdırılan səfəri təhlükə altında qala bilər. Agentlik bildirib ki, silah satışı ötən ilin dekabrında elan edilən 11 milyard dollarlıq müqaviləyə əlavə olacaq. Silahlara “Patriot” və NASAMS raketləri, dron və artilleriya sistemləri daxil olacaq. Bu, Tayvan üçün indiyə qədər ən böyük satınalmalardan biri olacaq. Hələlik ABŞ Müdafiə Nazirliyi, Dövlət Departamenti və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib. Qeyd edək ki, fevralın 4-də Çin Sədri Si Szinpinin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı olub. Çinlə ticarət, nadir torpaq elementləri, Tayvan və digər məsələlərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışan Donald Tramp aprel ayında Çinə səfər edəcəyini bildirib.

Sabah hava bu insanlar üçün əlverişli olacaq

Fevralın 8-nə olan tibbi-meteoroloji proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müharibəni Rusiya bitirməlidir - Zelenski

Bu müharibəni biz başlamamışıq, və onu bitirməli olan Rusiyadır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O qeyd edib ki, sülhə nail olmağın ən vacib detallarından biri təhlükəsizlik təminatlarıdır. Zelenski sülh danışıqlarında daha çox irəliləyişə ehtiyac var.

Bakıda kişi evində faciəvi şəkildə öldü

Bakıda kişi dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə dünən Nəsimi rayonunda baş verib. Belə ki, Anar Dadaşov yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək

ABŞ bir neçə aylıq fasilədən sonra yaxın gələcəkdə BMT büdcəsinə ödəniş edəcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib. 2025-ci ilin noyabr ayında Uolts ABŞ administrasiyasının təşkilatda islahatları gözlənildiyi üçün BMT-yə ödənişləri dayandırdığını bildirmişdi. ABŞ-ın daimi nümayəndəsi “Reuters” agentliyinə son müsahibəsində bildirib: “Mən ilk vəsait tranşının çox tezliklə köçürüləcəyini gözləyirəm. Düşünmürəm ki, son məbləğ müəyyən edilib, amma bu, bir neçə həftə ərzində ediləcək”. Fevralın əvvəlinə olan məlumata görə, ABŞ-ın BMT-nin büdcəsinə töhfələr borcu təxminən 2,19 milyard dollar təşkil edib ki, bu da bütün BMT ölkələrinin ümumi borclarının 95 faizini təşkil edir.

Qızıl və gümüşün qiyməti yenidən artdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. Sozcu.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,85% artaraq 4 979,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 0,24% artaraq 76,895 ABŞ dolları olub.

Azərbaycan nefti bahalaşdı

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,93 ABŞ dolları və ya 1,33 faiz artaraq bir barel üçün 70,70 ABŞ dolları təşkil edib. Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,92 dollar və ya 1,37 faiz bahalaşaraq 68,19 dollar olub. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,03 dollar və ya 2,62 faiz artaraq bir barel üçün 40,27 dollara çatıb. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,7 dollar və ya 2,44 faiz artaraq bir barel üçün 71,40 dollara çatıb. Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Sozcu.az xəbər verir ki, M. İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində xidmətə başlayıb. O, öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir M. İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin bir neçə əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.

Müəllimini güllələyən şagird liseyə silahla belə daxil olub - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən İdrak Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Sozcu.az xəbər verir ki, 10-cu sinif şagirdi Ə.Ş-nin çiynində çanta ilə liseyə daxil olduğu görüntülər yayılıb. Videoda görünür ki, şagird çiynində idman çantası ilə gəlir, buraxılışda şagird vəsiqəsini vurub məktəbə daxil olur. Qeyd edək ki, sözügedən görüntüləri Musteqil.az saytı yayıb. 

Xırdalanda yeniyetmə döyüldü

Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Sozcu.az-a bildirib ki, zərərçəkən şəxs valideynləri ilə birgə Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Qeyd edək ki, Xırdalanda bir qrup məktəblinin dalaşması ilə bağlı sosial şəbəkədə videogörüntü yayılıb.

10 günün əsgəri vəfat etdi - Foto

Azərbaycan Ordusunun əsgəri vəfat edib. Sozcu.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Quru Qoşunlarında xidmət edən Coşqun Zülfüqar oğlu Sadıqov fevralın 4-də dünyasını dəyişib. O, dəfn edilib. Qeyd edək ki, mərhum vəfatından 10 gün əvvəl – yanvarın 26-da hərbi xidmətə gedibmiş.

Liseydə müəllimin güllələnməsi: Nəticəsi ağır olacaq…

Uşaq rahatlıqla evdən odlu silah götürüb məktəbdə insident törədirsə, məsələnin günahkarı birmənalı olaraq valideyndir. İstər məktəbdə, istər küçədə hər bir uşaq evinin güzgüsüdür. Ola bilsin ki, valideyn hüquq-mühafizə orqanlarında işləyir, üzərində odlu silah gəzdirir, yaxud evdə ov silahı var. Lakin uşaq evdə odlu silah olduğunu bilməməlidir. Ən azından, valideyn güllə və patronları gizlətməlidir. Bu sözləri təhsil eksperti Ramin Nurəliyev Axar.az-a açıqlamasında “İdrak” liseyində 29 yaşlı müəllimin 10-cu sinif şagirdi tərəfindən güllələnməsiylə bağlı danışarkən deyib. Onun sözlərinə görə, əgər uşağın müəyyən psixoloji problem var idisə, bu tipli şagirdlərlə məktəb psixoloqu, sinif rəhbəri mütəmadi görüşlər keçirməlidir: “Bu məktəbə az ödəniş ödənilmir. Məktəbin giriş hissəsində xüsusi təhlükəsizlik cihazları qoyulsa, daha yaxşı olardı. Uşağın psixoloji durumu hansı səviyyəyə gəlib ki uşaq bu hadisəni törədib?! Yəqin ki, bunu hüquq-mühafizə orqanları araşdıracaq. Əlbəttə ki, hüquqi qiyməti onlar verəcək. Müəllim şagirdə nə deyib, necə olub, bunlar araşdırılacaq. Lakin müəllim uşağa nə deyir desin, uşaq hansı psixi təsirə məruz qalırsa qalsın, bu hadisəni törətməməlidir. O zaman hansısa müəllim uşağa söz deyəndə, yaxud aşağı qiymət yazanda uşaq evindən silah gətirib müəllimə xəsarət yetirməlidir?! Belə anlayış olmamalıdır. Bu məsələdə günahkarlar mütləq cəzalandırılmalıdır. Səbəbi nə olursa olsun, orta ümumtəhsil mərkəzlərində müəllimə qarşı bu cür hərəkət yolverilməzdir”. Ekspert bildirir ki, müəllim şagirdə fiziki, yaxud psixoloji təzyiq göstərirsə, uşaq müvafiq orqanlara şikayət etməlidir: “Bunlar şagirdlərin öz hüquq və vəzifələrini bilməməyindən qaynaqlanır. Acı həqiqətdir ki, təhsil verənlər də öz hüquqlarını bilmirlər. Bu hadisə cəmiyyətdə iz buraxan dərin yaralardan biri oldu”.

82 yaşlı kişi sobanın üzərinə düşdü, yanaraq öldü

Tovuzda yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Qovlar kəndində 1942-ci il təvəllüdlü Cəmil Kazımov yanan sobanın üzərinə düşüb və yanaraq ölüb. Alov evin bir hissəsinə də keçib, amma tikili tam yanmayıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

ABŞ vitse-prezidenti regiona gəlir - İrəvanda hazırlıq

ABŞ-dan olan nümayəndə heyəti bir neçə gün əvvəl Ermənistana gəlib. Onların gəlişi ABŞ-ın vitse-prezidenti Ceyms Vensin regiona səfərinə hazırlıqla əlaqəli olduğu bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Qeyri-rəsmi məlumatlara görə, nümayəndə heyəti üçün Armenia Marriott otelinin ayrıca mərtəbəsi ayrılıb. ABŞ vitse-prezidenti C.D.Vensin İrəvana səfərinin 9 fevrala planlaşdırıldığı bildirlib. Onun daha sonra Bakıya səfər edəcəyi gözlənilir.

“İdrak” liseyində faciə - Bu məşhurların övladları orada oxuyur

Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin şagirdi müəllimi güllələyib. Şagird atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Güllə yarası alan müəllim xəstəxanaya yerləşdirilib.  Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. “İdrak” liseyi Azərbaycanda ödənişli təhsil verən məktəblərdən biridir və şagirdlər burada illik 10000 - 16500 AZN arası təhsil haqqı ödəyirlər. Sozcu.az xəbər verir ki, lisey həmçinin bir sıra məşhur simaların övladlarına da təhsil verib və verməkdə davam edir. Onların arasında: Aparıcılar Zaur və Günay Baxşəliyevanın qızı Dilavər Əməkdar artist Aqşin Abdullayevin oğlu Akif Rəqqasə Fatimə Fətəliyevanın oğlu Hüseyn (Əvvəl təhsil alıb) Müğənni Nazənin Salayevanın oğlu Orxan Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir Dərya (yenisabah)

“İmişli”ni İmişlidə, “Araz-Naxçıvan”ı Naxçıvanda görənə mükafat veriləcək!

Rəşad Ergün Əksəriyyətimiz, hətta hamımız həmişə “bölgələr Azərbaycan Premyer Liqasında komanda ilə təmsil olunmalıdır” tələb-istəyindəyik. AFFA cari mövsüm başlamazdan əvvəl təqdir olunacaq iki addım atdı: legioner limitini ləğv etdi və Premyer Liqada komanda sayı 12-yə qaldırıldı. Əla! Super! Amma vəziyyət necədir? “Araz-Naxçıvan” təmsil etdiyi Naxçıvanda oynayır? “Kəpəz” ev oyunlarını Gəncədə keçirir? Bəlkə, imişlilər “İmişli”ni bu mövsüm doğma rayonlarında görüblər? “Turan Tovuz” da Tovuzdakı stadionunda yaranan problemlər səbəbindən Bakıya üz tutub. Bircə “Qəbələ” ilə “Şamaxı” adlarını daşıdıqları şəhərlərdə ev oyunlarını keçirir. Vəssalam, şüttamam. Yaxşı, bunun harası “bölgələrin Azərbaycanın futbol elitasında təmsilçiliyi” oldu? Naxçıvanlılar “Araz-Naxçıvan”ı Naxçıvanda görməyəcəksə, bu komandanın Muxtar Respublikanın adını daşımasının nə mənası var? “İmişli” bütün mövsüm ərzində ev oyunlarını orda-burda, indi də Qubada keçirəcəkdisə, İmişlinin adını niyə daşıyır? Bilmirsən, bütün bu biabırçılığı “faciə” ilə təsnifləndirəsən, ya “komediya” ilə. “Qarabağ” isə bütün bu həngamənin içindən çıxıb Çempionlar Liqasında “Nyukasl”la oyunlar keçirməlidir. Keyfiyyətsiz süni örtüklü meydançalardan, “İmişli”nin rəqiblərini aparıb saldığı palçığın içindən – Qubadakı “stadion”dan sağ-salamat çıxmalıdır. “Qarabağ”ın Çempionlar Liqasında qarşılaşdığı “Benfika”, “Kopenhagen”, “Ayntraxt” keyfiyyətsiz süni örtüklü meydançalarımızı, Qubadakı “stadion”u görsəydilər, “kül bizim başımıza, gör kimə uduzmuşuq” deyərdilər. Deyərdilər, mütləq deyərdilər. Amma yaxşı ki, onların gördüyü təkcə “Qarabağ”ın özüdür…(Komanda.az)

“İdrak” liseyi ilə bağlı ŞOK FAKTLAR - Qayınata-gəlin davası, kriminal hadisələr...

Xəbər verdiyimiz kimi, bu gün Bakıda fəaliyyət göstərən “İdrak” liseyində şagird müəllimi güllələyib. Gündəm olan bu xəbərdən sonra liseylə bağlı “Yeni Sabah”a maraqlı məlumatlar daxil olub. Bildirilib ki, əslində, bu tədris mərkəzində əvvəllər də oxşar kriminal hadisələr baş verib. Məsələn, təxminən 2 il əvvəl “İdrak”da şagirdlər bir-birini bıçaqlayıb. Lakin lisey rəhbərliyi məsələni gizlədib, ictimailəşməsinə imkan verməyib. Bundan başqa, “İdrak”ın rəhbərliyi haqda da maraqlı məlumatlar var. Belə ki, liseyin təsisçisi Möhsüm Ədil oğlu Alışovdur. Lakin hüquqi olaraq “İdrak”ın direktoru Möhsüm Alışovun gəlini Natavan Alışovadır. Eyni zamanda məktəbdə əsas söz sahibi Möhsüm Alışovun nazirliklərin birində yüksək vəzifə tutan oğlu İdris Alışovdur. İdris Alışovun qardaşının dinin fəaliyyəti ilə bağlı da maraqlı xəbərlər mövcuddur. Məlumata görə, lisey ilk olaraq Sumqayıtda fəaliyyətə başlayıb, sonradan Bakıda da eyni məktəb yaradılıb. Məktəbin idarəçiliyi ilə bağlı zaman-zaman ata-oğul, qayınata-gəlin arasında problemlər yaranıb. İdrislə Natəvan cütlüyünün qızları isə İngiltərədə təhsil alır. Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Yaralı müəllim xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.