Qonaqlıqda qan töküldü: Qayınatasını bıçaqladı – Məhkəmə

Gəncə Ağır Cinayətlər Məhkəməsində üzərinə balta ilə hücum edən qayınatasını bıçaqlayan 1997-ci il təvəllüdlü Mehmandar Ağayevə (soyadlar şərtidir) hökm oxunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Sozcu.az xəbər verir ki, hadisə bu ilin fevalın 24-də Gəncədə baş verib. Məlum olub ki, hadisə günü Əkbər Nuriyev kürəkəni Mehmandara zəng edərək süfrə açdığını və araq içəcəklərini deyərək onu qonaq çağırıb. Bir qədər keçmiş qudası Mahnur, qızı Mətanət və kürəkəni Mehmandar nəvələri ilə birlikdə onlara qonaq gəlib. Qonaqlıqdan sonra Əkbər kiçik nəvəsini qucağına götürüb oynadarkən nəvəsi ehtiyatsızlıqdan əlindən yerə düşüb və ağlamağa başlayıb. Bu vaxt Mehmandarın anası Mahnur qışqıraraq “korsan, bir yavaş da” deyərək səs-küy yaradıb. Qızı Mətanət və Mahnur tez uşağı götürüb sakitləşdirməyə çalışıb, Mətanət nəvəsini Mahnurdan götürüb qucağına alıb sakitləşdirməyə çalışdığına görə Mahnur acıq edib evin qapısını çırparaq gedib.

Mehmandar da hadisədən sonra yoldaşı Mətanətə “hazırlaş, gedirik” deyib. Mətanət buna etiraz etdikdə o, Mətanətə şillə vuraraq onun saçında tutub təhqir etməyə və vurmağa başlayıb. Bunu görən Əkbər Mehmandara “sən bu qədər qudurubsan ki, mənim qızımı gözümün qabağında döyürsən?” deyib və üzərinə gedərək onu yumruqla vurub. Bu vaxt Mehmandar şalvarının cibindən bıçaq çıxararaq onun üstünə gedib. Belə olan halda Mətanət və Rahilə kürəkəni Mehmandarı evdən çölə çıxardıb qonşuluqda yaşayan Etibarın həyətinə aparıb və qapını kilidləyiblər. Əkbər də həyətindən balta götürərək Mehmandarın arxasınca çölə çıxıb. O, Etibargilin qapısını bir neçə dəfə döyüb Mehmandarı səsləsə də, qapını açmayıblar. Bir müddət səssizlik olduqdan sonra qapı açılıb və o, balta ilə həyətə daxil olub. Balta ilə Mehmandarın üzərinə hücum etdikdə Mehmandar baltanın sapından tutub digər əli ilə onun bədəninə bir neçə dəfə bıçaq zərbəsi vurub və ərazidən uzaqlaşıb.

Zərərçəkmiş şəxs məhkəməyə ifadəsində bildirib ki, hadisənin baş verməsinə şəraiti qudası Mahnur yaradıb. Belə ki, Mahnur davanı başladıb evdən gedib, o, geri qayıdarkən Mehmandarın onun qızını döydüyünü gördüyünə görə Mehmandarı yumruqla vurub. Mehmandarla barışdığını, ondan şikayət və tələbi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə Ağayev Mehmandara bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Facebook Comments