Bayırda at oynadan, “içəridə” çavuşa yaltaqlanan generallar…

Həbsxanada nəzarətçi işləyən bir tanışım var. Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev həbs olunana kimi kasıb həyat yaşayırdı. Demək yaxşı çıxmır, amma real vəziyyəti təsvir etmək üçün yazıram: Bəzən avtobusa verməyə pul tapmırdı. Bir-iki dəfə işə gedəndə mən 1 manat vermişəm…

Sağlığına qismət, indi ikimərtəbəli evi, Hövsanda bağı, altında BMW-si var. Hər il yay tətilini Antalyada keçirir. Siqaret çəkməsə də, cibində həmişə “Marlboro” olur. Məclislərdə dost-tanışa təklif edir. Çəkən olmayanda isə qutunu çıxarıb masanın üzərinə atır.

2017-ci ilin söhbətidir. Martın 15-də Cahangir Hacıyevin qaldığı kamerada birlikdə çay içirmişlər. Söhbət əsnasında Cahangir müəllim deyib ki, ay Əsəd, (ad şərtidir – S.V) Allah səndən razı olsun, burada mənə çox dəstək oldun. Bu yaxşılığını heç bir zaman unutmayacağam.

Təəccüblə soruşub: “Cahangir müəllim, nə olub? Başqa həbsxanaya köçürsünüz?”

Sabiq bankirin cavabı belə olub: “Yox e, üç gün sonra əfv fərmanı imzalanacaq. Deyirlər, siyahıda mənim də adım var. İnşallah, tezliklə bu xarabadan canım qurtulacaq”.

Çay adamın boğazında qalır. Bir müddət dili söz tutmur. Özünə gələndə güclə eşidiləcək səslə belə deyir: “Allah eləməsin müəllim, hələ evin “krışa”sını vurdurmamışam”.

Bu hadisəni elə-belə xatırlamadım. Səhər işə gələndə eşitdim ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov saxlanılıb. Bəkir Orucovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılan neçənci general olduğunu dəqiq bilmirəm. Bildiyim odur ki, bundan əvvəl gömrüyün 3-4 generalını damlayıblar. Deyilənə görə, FHN-ni şəxsi əyləncə mərkəzinə keçirən polkovnik Zaur Mirzəyev də arxasınca bir-iki generalı aparacaq.

Mən başqalarının faciəsinə üzülən adam olsam da, bu cür xəbərləri eşitdikdə qətiyyən məyus olmuram. Bu həbslər İlahi ədalətin təntənəsidir. Məzlumun ahı zalımda qalmır, yedikləri haram pullar irin olub burunlarından tökülür. Və bu, başqa rüşvətxorlara, haramxorlara da dərs olur.

Məni sevindirən başqa məqamlar da var. Bəlkə də yazının ruhundan anladınız. Azərbaycanda həbsxana işçilərinin, xüsusilə “nadzor”ların maaşı yüksək deyil. Bəlkə də yüzlərlə “nadzor” hələ evinin damını vurdurmayıb. Bəlkə də çoxunun heç evi də yoxdur. Dəqiq bilirəm ki, üçünə-dördünə keçmiş nazir Fərhad Əliyev, üçünə-dördünə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov ev tikdirib. Son vaxtlar həbs olunan generallar da belə əliaçıq olarsa – hansı ki, dörd divar arasında əliaçıq olamamaq mümkün deyil – Azərbaycanda evsiz “nadzor” qalmayacaq.

Hamının, o cümlədən, az maaş alan o həbsxana nəzarətçilərinin də evi olmalıdır. Bu generallar, indi məhbəsdə mələyən və məhbəsə düşmək üçün bayırda növbə gözləyən keçmiş və indiki rüşvətxor məmurlar olmasaydı, hamımızın çoxdan evi olardı.

Bunun adı İlahi Ədalətdir. Xalqın pulu, nəhayət, xalqa qayıdır.

Nə dəxli var, harada və hansı yolla qayıdır. Əsas odur ki, qayıdır…

Seymur VERDİZADƏ

Facebook Comments