Abseron magistral kanalında təmizlik işləri aparılır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, son illər Abşeronda kənd təsərrüfatının inkişafı istiqamətində xeyli işlər görülüb. Hər il artan meyvə bağlarının və digər kənd təsərrüfatı bitkilərinin suvarılması Abşeron Suvarma Sistemləri İdarəsi tərəfindən fasiləsiz olaraq yerinə yetirilir. Hazırda idarənin texnikaları vasitəsi ilə suvarmada önəmli yerə malik olan Abşeron magistral kanalında lildən və yosunlardan təmizləmə işləri həyata keçirilir.

Kanalın uzunluğu ümumilikdə 103 km təşkil edir. Abşeron Magistral Kanalında və paylayıcı beton üzlüklü kanallarda 13 min kvadrat metr sahə əl ilə kol-kosdan, 70 min kub metr sahə isə lildən təmizlənib. Bundan başqa magistral kanalın ətrafı və içərisi məişət tullantıları və yad cisimlərdən təmizlənərək kənar ərazilərə daşınıb.

Abşeron Suvrama Sistemləri İdarəsi bu ilin əvvəlindən suvarma mövsümünə hazırlıq və suvarmanın gedişi dövründə balansda olan nasos stansiyalarında 23 ədəd aqreqatın mexaniki və elektrik avadanlıqlarında cari təmir işlərini apararaq saz vəziyyətə gətirib. Bu işlər çərçivəsində Zabrat nasos stansiyasında istismara yararsız 2 ədəd OV tipli şaquli nasos aqreqatı yeni müasir nasoslarla əvəzlənib. Zabrat-1 nasos stansiyasında isə 1 ədəd yeni tipli aqreqat quraşdırılaraq istifadəyə verilib. Bununla yanaşı həcmi 400 kub metr olan su anbarında əl ilə 334 kub metr lildən və çöküntülərdən təmizləmə işləri yerinə yetirilib.

Qeyd edək ki, idarə tərəfindən meliorativ tədbirlər çərçivəsində əkin sahələrini və heyvandarlıq təsərrüfatlarını suvarma suyu ilə təmin edən müxtəlif diametrli boru xətlərinin qəzalı hissələri təmir edilərək istismara yararlı vəziyyətə gətirilib. Onu da qeyd edək ki, Abşeron Suvarma Sistemləri İdarəsi tərəfindən hədəf olaraq gələcəkdə suvarılan torpaqların sahəsinin 22 min hektara çatdırılması planlaşdırılır.

Facebook Comments