Şahdağ Milli Parkında yanğın: helikopterlər cəlb olundu

Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

Sozcu.az xəbər verir ki, rayonun Tıkanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Yanğının söndürülməsi üçün əraziyə Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.

O bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:

“Hazırda ETSN və FHN əməkdaşları yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində baş verən yanğınla bağlı açıqlama verib.

Nazirlikdən bildirilib ki, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov isə bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur:

“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

***

Fövqəladə Hallar Nazirliyinə (FHN) Şabran rayonunun Xəlfələr kəndi və Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğınların daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə hər iki əraziyə Fövqəladə Hallar Nazirliyindən əlavə qüvvələr, o cümlədən Aviasiya dəstəsinin iki helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Facebook Comments