İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İyul ayının 27-də saat 20:40-da Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından (İİR) Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamanı yerə ataraq havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar.

Həmin ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada təxmini çəkisi 5025 qram narkotik vasitə “tiryək”ə bənzər maddə və 1 ədəd “PULSAR HELİON 2” markalı termal gecəgörmə cihazı aşkar olunaraq götürülmüşdür.

Avqust ayının 5-də saat 22:30-da Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, ərazi qapadılaraq sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılmışdır.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 23:00 radələrində Astara rayonu­nun Qapıçıməhəllə kəndi ərzisində“Mersedes-Benz” markalı 10 UD 091 dövlət nömrə nişanlı avtomobilin mühəndis texniki çəpərinin yaxınlığında dayanması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmış 1 ədəd bağlamanı götürməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxs ərazidən bağlamanı götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışdır.

Saxlanılan şəxsin əvvəllər məhkum olunmuş Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Mamedov İlqar Boran oğlu olduğu müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 5780 qram psixotrop tərkibli “metamfetamin” həbləri və 695 qram “marixuana”ya bənzər narkotik maddə aşkar olunaraq götürülmüşdür. İlqar Mamedovun saxlanılmasını görən avtomobilin sürücüsü sərhəd naryadının qanuni tələblərinə tabesizlik göstərərək yüksək surətlə ərazidən uzaqlaşmışdır.

Hadisə yerindən qaçmış avtomobilin saxlanılması ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə məlumat verilmiş, nəticədə Masallı rayonu ərazisində DİN BDYP əməkdaşları tərəfindən avtomobilin sürücüsü saxlanılmışdır. Onun 1980-ci il təvəllüdlü əvvəllər narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə məhkum olunmuş Xocavənd rayon sakini Aslanov Anar Yavər oğlu olması müəyyənləşdirilmişdir.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Facebook Comments