Həm sənin, həm sənin olmayan Şuşa…

Vaqif poeziya günlərinə – 2-3 gün öncə – Yazıçılar Birliyi məni də Şuşaya dəvət etdi. Sağ olsunlar. Lakin aylar əvvəl də belə bir dəvət olmuşdu, Birlik adımı siyahıya salmış, prezident aparatından çıxarmışdılar. QHT-lər gedəndə də adımı siyahıdan çıxardılar.
Bu dəfə təklifi eşidəndə maraqlı gəldi, üçüncü cəhd… və mən ölkədə deyiləm. Olsam da gedə biləcəyimdən əmin deyiləm. Prezident aparatının başbilənləri yerində durur, zatən. Mənim Şuşaya getməyim orada kimlərinsə kefinə bağlıdır. Mənim Şuşa iznim mənə düşmən olanların əlindəymiş… düşmənçiliyin hər üzünü görmüşdüm, bircə bu qalmışdı…
Eybi yox… Şuşa bizdə olsun təki… məni də ora buraxmayın. Amma bizdə olsun. Gerçəkdən bizdə olsun, Şuşa camaatı evində olsun. Mən Şuşada olmasam da olar, zatən Şuşa məndədi. Şuşanı öpüb gözlərimin üstünə qoymuşam. Bu, mənə yetər… hələlik yetər…
Mən Şuşaya Şuşada qalmaq üçün, köçüb babalarımın dikəltdiyi o Qalada yaşamaq üçün getmək istəyirdim. Bir kitabxanada, muzeydə, redaksiyada çalışmaq üçün, Şuşanın mədəni mühitini dirçəltmək üçün getmək istəyirdim. Amma nə mədəni mühit… para, para… vəssalam.

Şuşanın mədəni mühitini bərpa etmək üçün bir az Pənah xan, bir az İbrahim xan, Xanqızı Gövhər ağa, Xurşudbanu bəyim, Həmidə xanım olmalısan… bir az Cavanşir qanı daşımalısan… qanı daşımasan da qutsal yükü daşımalısan…
Umduğumuz olmadı…
Olmadı… yaxın vaxtda da olacağını zənn etmirəm. Şuşa şuşalıların əlindən alınmış kimi görünür…
Başqa bir üzüntüm də var…
Əslində Şuşaya bu kimi gedişlərin özü bir üzüntüdür…
2-3 ay əvvəl Tərtərdə idim, qohumlarıma dedim, gəlin Şuşaya gedək. Dedilər, yollar bağlıdı, Şuşaya yalnız Bakıdan getmək olar. Dedim, yaxşı, Suqovuşana gedək. Dedilər ora da bağlıdı. Amma təkid etdim və getdik, əskər bizi geri qaytardı, olmaz dedi.
İşğaldan azadlığın bu tərzi gerçək bir üzüntüdür… Yəni nə axı? Bu, necə bir işdir? İki il keçir! Nə oyundu, bitmir? Nə turistik işbazlıqdı? Bəyəm Şuşa Qobustandı, Əshab-Kəfdi, Duz kahasıdı, nədi? Gedib baxıb qayıdasan. Şuşa qaladı, şəhərdi. Şuşa camaatı niyə evlərinə köçürülmür? Niyə bu şəhər ölü məkana çevrilib? Niyə bu şəhər quzğunların yem yerinə çevrilib? Azdı qazancları? Gərək Şuşanı da gəmirsinlər?
O qəhrəmanlar o gəmiricilərə görəmi canlarından keçib tarix yazdılar? O quzğunlara görəmi Azərbaycanın bükülmüş belini qanları ilə dikəltdilər?
Gerçək bir üzüntü… və ictimai üzüntü…
Əlbəttə, ağlı başında, vicdanı yerində olan üçün, genində riyakarlıq olmayanlar üçün… həm sənin, həm sənin olmayan Şuşa indiki halı ilə də ayrı bir üzüntüdür…

Mehriban Vəzir, yazıçı-publisist

Sozcu.az

Facebook Comments