Güneyli siyasi məhbus Rza Şəhabinin həyatı təhlükədədir

Saxlanıldığı Evin zindanında 18 gündür aclıq aksiyası keçirən güneyli işçi hərəkatının fəalı Rza Şəhabinin durumunun ağırlaşıb.

Bu barədə İran İnsan Haqları Təşkilatı xəbər yayıb.

Məlumatda Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvlərindən olan Şəhabinin aclıq aksiyasının 18-ci günündə durumunun daha da ağırlaşdığını bildirili.

Siyasi fəalın durumu ilə bağlı məlumat verən mənbə, onun ailəsi ilə görüşmək və telefonla danışmaq imkanlarından da məhrum edildiyini, qeyri-müəyyən vəziyyətdə saxlanıldığını və həyatının təhlükədə olduğunu deyib.

Bundan öncə qeyri-müəyyən şəraitdə saxlanılması, ailəsi ilə əlaqəyə və vəkillə təmin olunmasına imkan verilmədiyinə görə aclıq aksiyasına əl atan Rza Şəhabi, barəsində edilən ədalətsizliklər aradan qaldırılmadığı müddətcə aksiyanı davam etdirəcəyi barədə xəbərdarlıq etmişdi.

“Həbsxanaya ayaq üstə gətirilmişəm, buradan isə qəbiristanlığa üfiqi vəziyyətdə gedəcəyəm” deyən Şəhabi, iyunun 13-dən aclıq aksiyasına əl atıb və aksiyanı dayandırmaqla bağlı bütün təkliflərdən imtina edib.

O, işçi hərəkatı fəalları, siyasi məhbuslar və milli fəalların aksiyanı dayandırmaq barədə xahişlərinə cavab olaraq, aclıq aksiyasına kiminsə istəyi ilə başlamadığı üçün kiminsə istıyi ilə də son verməyəcəyini bildirib.

Güneyli məhbusun bu cavabı sosial media istifadəçilərinin geniş müzakirələrinə səbəb olub.

Sosial media fəalları Azərbaycan Respublikasında həbsdə olan Taleh Bağırzadənin İran mollalarının göstərişi ilə aclıq aksiyasına başladığını və sona çatdırdığını xatırladıb, Rza Şəhabini təqdir ediblər.

Qeyd edək ki, Rza Şəhabi bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib və hər an həyatını itirmə təhlükəsi var.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb.

Facebook Comments