Əlaçı idi, 10 yaşında vəfat etdi - FOTO

Azərbaycanda məktəbli vəfat edib. Sozcu.az xəbər verir ki, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbin 4-cü sinif şagirdi Dəniz İsayeva beyin daxili təzyiqdən dünyasını dəyişib. Onun ailəsi Cəbrayıl şəhərindən məcburi köçkün olub və il yarım əvvəl öz doğma yurdlarına qayıdıblar. Dəniz təhsilini Cəbrayılda davam etdirirdi. O, məktəbdə əlaçı qiymətlərlə oxuyurmuş. 10 yaşlı şagird Sumqayıtın Saray qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 6. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. Fətəli xan Xoyski prospekti, "Gənclik" metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində; 10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 11. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 15. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 18. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində; 19. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 20. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 21. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 22. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb

2025-ci ildə 11 558 nikahda olmayan anadan doğulmuş uşaq qeydə alınıb. Bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib. Nazir müavini bildirib ki, bu göstərici əvvəlki illərlə müqayisədə sayın nisbətən azalmasını təsdiq edir: “Bu say 2022-ci ildə 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə 13 228, 2025-ci ildə 11 558 olub. Bu azalma ölkədə aparılan effektiv hüquqi tənzimləmənin, dövlət orqanlarının birgə fəaliyyətinin və məktəblərdə, təhsil müəssisələrində aparılan profilaktik tədbirlərin nəticəsi kimi qiymətləndirilir”./Trend

Nazir təyin olunan Fərid Bağırzadə kimdir? - DOSYE

Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının (MR) əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Naxçıvan MR-in yeni əmək və əhalinin sosial müdafiəsinin nazirinin dosyesini təqdim edirik: Fərid Bağırzadə 1994-cü ildə anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin informasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini, 2021-ci ildə Sumqayıt Dövlət Universitetinin idarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr pilləsini bitirib. 2016-2018-ci illərdə özəl sektorda, 2019-2023-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində müxtəlif vəzifələrdə çalışıb. 2023-2024-cü illərdə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, hazırkı vəzifəsinə qədər isə Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib, həmçinin nazir vəzifəsini müvəqqəti icra edib.

Gədəbəydə məmura "mükafat" verən şəxs həbs olundu

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adından "mükafat" verən Fəqani Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Sozcu.az "Teleqraf"a istinadla xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutkalıq həbs qərarı verilib. Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkədə Fəqani Hüseynov adlı şəxs "Milli Məclisin informasiya portalının direktoru", həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib. Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkədə rezonans doğurub.

Bu tarixdə qısaldılmış iş günü olacaq

Azərbaycanda 19 mart qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 20-24 mart Novruz bayramı, 20-21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 20-30 mart tarixlərində ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.//metbuat.az

Naxçıvanda 3 tiktokçu cəzalandırıldı

Naxçıvanda “TikTok”da qeyri-etik paylaşımlara görə daha 3 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, sosial şəbəkədə ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənovadır. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Müvafiq qərarlarla V.Mahmudova və L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olunub, S.Həsənova isə 750 manat cərimə edilib.

Od çərşənbəsi yanğınlara səbəb olub - RƏSMİ

Od çərşənbəsi zamanı çərşənbə tonqalı səbəbindən iki yanğın hadisəsi olub. Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin şöbə müdirinin müavini Ehtiram Xəlilov bildirib. "03.03.2026-cı il tarixində çərşənbə tonqalı ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 yanğın hadisəsinə çıxış olub və yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qəsa müddətdə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb",- deyə E.Xəlilov qeyd edib.

Pensiya, müavinət və təqaüd alanlara mühüm XƏBƏR

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, martın 6-da nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb. Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır. Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.

MEDİA jurnalistlərə çağırış etdi

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib. Sozcu.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib. Açıqlamada qeyd edilib ki, media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. “Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq”, - deyə MEDİA-nın açıqlamasında vurğulanıb.

Bağlanan özəl universitetin binası BDU-ya verildi

Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı. Sozcu.az-ın məlumatına görə, yaxın vaxtlarda həmin fakültələr keçmiş Asiya Universitetinin binasına köçürülüb. BDU-dan məlumatı təsdiqləyiblər. Həmçinin vaxtilə Asiya Universitetinin yerləşdiyi binanın üzərinə “Bakı Dövlət Universiteti, C korpusu” sözləri yazılıb. Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya köçürüldükdən sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.(APA)

Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinə qədərki hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Qurban Yetirmişli: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib. “Fevralın 27-si 4,7 maqnitudalı zəlzələ baş verəndə ocaqda gərginliyin çox olması bizi narahat edirdi. Lakin bir neçə gündür qırılma boyu xırda təkanlar davam edir. Bu, əslində çox yaxşı haldır. Ocaqda gedən gərginliyin boşalmasına kömək edir. Enerji boşalması güclü, dağıdıcı zəlzələ olması ehtimalını aradan qaldırır. Həmin zəlzələdən sonra qeydə alınan təkanlardan bir neçəsi hiss edildi. Xırda təkanlar gərginlik boşalması seysmik fon səviyyəsinə enənənə qədər davam edəcək. Əhalini narahat olmamağa səsləyirəm”, - deyə Q.Yetirmişli bildirib.Azərtac

MN-in “İstirahət evi”nin sabiq rəisinin məhkəməsində şahidlər dindirildi

Müdafiə Nazirliyinin “İstirahət ev”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İş üzrə şahid qismində tanınan Yeganə Əbdülvahabova bildirib ki, işə düzəlmək üçün ondan 1500 manat istənilib, amma hamısını verməyə imkanları olmayıb: “Qardaşım min manatı rəis müavini Muraz Həsənova (hazırda “İstirahət evi”nin rəisi vəzifəsini icra edən-red.) verib”. Şahid bildirb ki, İlham Haqverdiyev ondan pul istəməyib: “Qəbuldan sonra rəislə görüşdüm. İlham Haqverdiyev işə qəbulla bağlı ödənişin tələb olunmasının qanunsuz olduğunu, belə halla qarşılaşdıqda ona məlumat verməyimi istədi”. Şahidin ibtidai istontaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğu bildirilib. Onun ilkin ifadəsi elan olunub. Şahidə bildirilib ki, bilə-bilə yalan ifadə versə, məsuliyyətə cəlb oluna bilinər. Şahid ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib. İfadədə qeyd edilib ki, işə qəbuil üçün qardaşı Muraz Həsənova pul verib. O da pulu İlham Haqverdiyevə çatdırıb. Eyni zamanda, şahid əlavə edib ki, qardaşınıın verdiyi min manat onlara geri ödənilib. Daha sonra Müdafiə Nazirliyinin “İstirahət ev”nin Arxa Təminat Xidmətinin müdiri Seyran Əhmədov ifadə verib. O bildirib ki, İlham Haqverdiyev iclasda bir neçə vakant yerin olduğunu bildirib. O, da bununla bağlı müavin Muraz Həsənova yaxınlaşıb və işə qəbula görə xahiş edib: “Bacım oğlunu işə düzəltmək üçün Muraz Həsənova dedim. Bildirdi ki, 2500 manatla işi həll etmək olar. Razılaşdıq. Əmr veriləndən sonra pulu elə Muraz Həsənovun xidməti otağında ona verdik. Pulun kimə çatacağını bilmirdim”. Şahidin ibtidai istintaqa verdiyi ifadə iıə məhkəmədəki ifadə arasında ziddiyət olub və istintaqa verilən ifadə elan edilib. Sonra şahid Etibar Xanvəliyev ifadə verib. O da işə qəbul üçün Muraz Həsənova 2500 manat verdiklərini deyib: “Pulun sonrakı taleyi ilə bağlı məlumatım yoxdur. İlham Haqverdiyevi əmrim çıxandan sonra görmüşəm”. Şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadə arasında ziddiyət olub və istintaqa verilən ifadə elan edilib. Şahid məhkəmədəki ifadəni əsas götürülməsini istəyib. Məhkəmə martın 10-da davam etdiriləcək. Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti 1 ay 20 gün uzadılıb. Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Ağır xəstəlikdən əziyyət çəkən azyaşlının müalicəsi üçün toplanan pulları oğurladı

Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.  Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib. Faktla bağlı araşdırma davam etdirilir.

Hərbçilərimiz qəzaya düşdü: ölən var

Gecə saatlarında Xocalı yolu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, hadisə zamanı Azərbaycan Ordusunun giziri, 1996-cı il təvəllüdlü Vüsal Quluzadə ölüb. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Cavid Əhmədov isə ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80%, gündüz 65-70% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Aliment almaq üçün məqsədli boşanırlar - Fazil Mustafa

Təəssüf ki, ölkədə nikah və boşanma statistikası ürəkaçan deyil. Son 9 ay ərzində 40 min nikah qeydə alınıb, onlardan 17 mini boşanma ilə nəticələnib. Xüsusilə Bakı şəhərində vəziyyət daha narahatedicidir. Qeydə alınan nikahların təxminən 56 faizi qısa müddət ərzində boşanma ilə nəticələnir. Bu, olduqca ciddi sosial problemdir. Sozcu.az xəbər verir ki, Milli Məclisin bugün keçirilən plenar iclasında bunu  Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi deputat Fazil Mustafa bildirib. Deputat bildirib ki, boşanma prosesində aliment məsələsi də ciddi müzakirə mövzusudur. Bir çox hallarda məsuliyyət əsasən kişi tərəfin üzərinə qoyulur və aliment öhdəliyi müəyyən edilir. Eyni zamanda iddialar var ki, bəzi hallarda ailə qurulduqdan və övlad dünyaya gəldikdən sonra məqsədli şəkildə boşanma təşəbbüsü irəli sürülür və aliment əldə etmək əsas motivə çevrilir. Bu kimi hallarda məhkəmələrin daha obyektiv və hərtərəfli araşdırma aparması vacibdir. Ailənin dağılmasının səbəbləri düzgün qiymətləndirilməli, aliment məsələsində ədalət prinsipi əsas götürülməlidir. Çünki ailə münaqişələrində səbəbkarın müəyyənləşdirilməsi hər zaman asan olmur və maddi maraq faktoru bəzən prosesə təsir göstərə bilir”. F. Mustafa onu da qeyd edib ki, Rusiya ərazisində yaşayan azərbaycanlılarla bağlı son dövrlər müxtəlif narahatedici hallar müşahidə olunur. “ Azərbaycan vətəndaşları müxtəlif ittihamlarla həbs edilir, hüquqlarının müdafiəsi çətinləşir. Bəzi hallarda ailə üzvlərindən bir qismi ölkəni tərk etməyə məcbur olur, digərləri isə hüquqi problemlərlə üzləşir. Onların hüquqlarının qorunması, hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində daha sistemli tədbirlərin görülməsi vacibdir. Həmçinin ölkəyə giriş-çıxış məsələlərində yaranan çətinliklərin aradan qaldırılması da diqqət mərkəzində olmalıdır”. O, əlilliyin verilməsində də problemlərin olduğunu bildirib: “Biləsuvar rayonundan bir vətəndaşla bağlı müraciət olmuşdu. Şəxs uşaqlıqdan səhhətində ciddi problem yaşayır, danışa bilmir və öz hüquqlarını müdafiə etmək imkanına malik deyil. Lakin ona birinci qrup əlillik təyin olunması üçün ruhi xəstəxanada yatmaq tövsiyə edilib. Halbuki məsələ psixi xəstəliklə bağlı deyil. Belə hallarda vətəndaşın vəziyyətinin düzgün qiymətləndirilməsi və artıq prosedur tələblərlə üzləşdirilməməsi son dərəcə vacibdir” – deputat sonda qeyd edib.

İctimai nəqliyyatda təqaüdçü və tələbələrə güzəştlər təklif olunur

Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması təklif edilir. Sozcu.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb. Eyni zamanda Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılması (o cümlədən, say tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması), intensivlik nəzərə alınaraq intervalların minimuma endirilməsi (bəzən bu müddət 10-20 dəqiqədən artıq olur), sürücülərin peşəkarlıq səviyyəsinə və etik davranış qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi, hava şəraitinə uyğun olaraq avtobuslarda havalandırmanın mütləq qaydada təmin edilməsi (avtobuslarda nəfəslik və pəncərələrin açılmaması, eyni zamanda havalandırma sisteminin qoşulmaması sərnişinlərin sıx olduğu vaxtlarda, hətta havaların soyuq keçməsinə baxmayaraq "havasızlıqla bağlı haqlı narazılığa səbəb olur), habelə avtobuslara minib-enmə qaydalarının sıxlıq vaxtı avtobusların və sərnişinlərin kifayət qədər gecikməsinə səbəb olduğunu nəzərə alaraq həmin qaydaların təkmilləşdirilməsi istənilir.

Məzun iş axtarmalı deyil, iş yeri açmalıdır - Nazir müavini

Bu gün əsas trend odur ki, məzun iş axtarmamalıdır, məzun iş yeri açmalıdır. Bu gün “Sabahın alimləri” olaraq ayrı-ayrı layihələri təqdim edirsiniz. Siz layihələrinizi innovasiyaya çevirmək üçün məhsula çevirə bilməlisiniz. Məhsulunuz səmərə gətirərsə, o zaman innovasiyadır. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib. O bildirib ki, “Sabahın alimləri” layihəsi elm, yaradıcılıq, innovasiyalarla bağlıdır: “Müasir dövrdə daha çox müasir texnologiyaları inkişaf etdirən ölkələr ABŞ, Çin, Yaponiya və Cənubi Koreyadır. Bu ölkələr texnoloji sistemin beşinci səviyyəsində yaşayır. Texnoloji sistemin altıncı səviyyəsi 2035-ci illəri əhatə edəcək. Qeyd etdiyim ölkələr altıncı texnoloji sistemə yaxınlaşıblar. Bu gün ən yüksək texnoloji istiqamət süni intellektlə bağlıdır. Hazırda dünyada 600 mindən çox robotlaşmış sistemlər, 4 milyondan çox robot var. Bu gün 10 min işçiyə Cənubi Koreyada 1100 robot düşür. Süni intellekt insanlara düzgün yol göstərməyə çalışır. O, mənfi obraz yox, müsbət obrazdır. Sizdən tələb olunur ki, süni intellektə düzgün sual verəsiniz və o sizə düzgün yol göstərsin”.

Şagirdlərin çanta yükünün azaldılması təklif olundu

Şagirdlərin çanta yükünün azaldılması üçün məktəblərdə yığcam tərtibatlı dərs materiallarından istifadə olunması təklif olunur. Sozcu.az xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.  Qeyd olunub ki, tədris proqramının ağır olmasının, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğunun xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə və nəticədə onların sağlamlıq vəziyyətinə, fiziki inkişafına neqativ təsir göstərdiyini nəzərə alaraq, tədris proqramının optimallaşdırılması, eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarından istifadə edilməsi təklif olunub. Həmçinin, rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və bununla əlaqədar təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi, şagirdlərin gündəlik istifadə etmədikləri vəsaitləri məktəbdə saxlaya bilmələri üçün dolabların quraşdırılması da bildirilib.

Laçın-Şuşa yolunda ağır qəza - Ölən var

Gecə saatlarında Laçın-Şuşa yolunda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə dəyib və nəticədə aşıb. Hadisə zamanı üç nəfər həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu - Dağıntılar var

Şamaxıda baş verən zəlzələ nəticəsində ev və obyektlərə ziyan dəyib. Sozcu.az xəbər verir ki, baş vermiş yeraltı təkanlar nəticəsində əsasən Şamaxı və Ağsu rayonlarında dağıntılar olub. Hadisə nəticəsində Şamaxının Bağırlı, Ovculu, Çöl Göylər, Dağ Göylər, Çarhan, Adnalı, Nüydü, Quşçu kəndlərində, Ağsu rayonunun isə Ləngəbiz, Qəşəd, Bico, Keçdiməz, Gəgəli və digər kəndlərində evlərdə təhlükəli çatlar yaranıb, yarımtikililər dağılıb. Adıçəkilən kəndlərdə onlarla evdə çatlar aşkar edilib, əhaliyə xeyli ziyan dəyib. Xatırladaq ki, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. (Oxu.az)

Yaponiya vətəndaşlarını İsraildən təxliyə etməyi planlaşdırır

Yaponiya hökuməti martın 2-si axşam saatlarından etibarən vətəndaşlarının İsraildən quru marşrutlarla təxliyəsinə başlamağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Məlumata görə, Nazirlər Kabineti belə bir planın həyata keçirilməsi imkanını nəzərdən keçirir. Təxliyə yalnız könüllü şəkildə ölkəni tərk etmək istəyən şəxslərə şamil olunacaq.