“Arvadımı tüfənglə öldürəndən sonra siqaret çəkib, çay içdim”

Yevlaxda arvadını öldürən və qohumunu güllələməkdə təqsirləndirilən Mehdi Qarayevin məhkəməyə verdiyi ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, məhkəmə istintaqı zamanı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 29,120.2.7-ci (Qəsdən adam öldürməyə cəhd) maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Mehdi Qarayev ifadəsində göstərib ki, hadisədən bir müddət əvvəl evə gələrkən zərərçəkmiş İldırım Qarayevi onların həyətindən çıxanda görüb: “Həmin vaxt məndə arvadım Elnarə Qarayevanın mənə İldırımla xəyanət etməsi şübhəsi yarandı. Çünki əvvəllər zərərçəkmiş heç vaxt bizə gəlməmişdi. Buna görə mərhum arvadımla aramda mübahisə yaşandı və ona xəsarət yetirdim. Bu işə görə isə Yevlax Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundum. Sonra Amnistiya Aktına əsasən, cəzadan azad olundum, lakin Elnarənin etdiyi hərəkəti bağışlaya bilmədim. Ona görə də evə qayıtdıqdan sonra qərara gəldim ki, onu öldürüm. Lakin İldırımı isə öldürmək istəməmişdim. Silahdan yaxşı istifadə etməyi bacarıram. Zərərçəkmiş şəxs daim əziyyət çəksin deyə, hər dəfə bu hadisəni yada salıb pis olsun deyə, onu öldürmədim. Mən qəsdən onu yaraladım. Qeyd edilənlərə əsasən, məhkəmədən barəmdə ədalətli qərarın qəbul ediməsini xahiş edirəm”.

Təqsirləndirilən şəxsin zərərçəkmişlə bağlı epizod üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında, o cümlədən ifadəsinin hadisə yerində yoxlanması zamanı verdiyi ifadəsi ilə ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

O, həmin ifadəsində bildirib ki, bu il fevralın 9-u səhər saat 05:30 radələrində yuxudan oyanıb, çaynikə suyu doldurub qaynaması üçün qaz sobasının üzərinə qoyub: “Həmin vaxt yoldaşım Elnarə də yuxudan oyandı. Elnarəyə torpaq sahəsinə getdiyimi, qayındandan sonra tövlədə olan iribuynuzlu heyvanları örüşə aparacağımı dedim. Elnarə çarpayıda uzanıqlı vəziyyətdə idi. O, mənə “indi kimə qısqanırsan?” söylədi. Mən də Elnarəyə “səni bir dəfə İldırımla görmüşəm” dedim. Elnarə də evdə oturmayacağını bildirdi. Arvadımla mübahisə etdikdən sonra yataq otağında divanın altında olan “qoşalülə 16-lıq” tüfəngi götürüb onun tərəfə yaxınlaşdım. Tüfəngi 28 fevral 1993-cü il ildə Ağdam rayonundan tapmışdım və elə o vaxtdan da yataq otağımdakı divanın altında saxlayırdım. Həmin vaxt aramızdakı məsafə təxminən 0,5-1 metr olardı. Mən tüfəngini Elnarəyə tərəf tutdum. Elnarə də bunu gördü və qışqırmağa başladı. Mən arvadımın baş nahiyəsi istiqamətində atəş açdım. Tüfəngin çaxmağını sağ əlimlə çəkdim. Lakin qırmanın Elnarənin hansı nahiyəsinə dəyməsini görmədim, sadəcə boğazından qal gəlirdi. Bundan sonra cibimdən siqaret çıxarıb çəkdim, bir stəkan çay içdim. Saat 06 radələrində bizdən 130 metr aralıda yaşayan həmkəndlim İldırım Qarayevi öldürmək məqsədilə tüfəngi də götürüb, onun yaşadığı evə tərəf getdim. Həyətdə olarkən yerdən daş götürüb evin seyvanındakı taxta döşəməyə vurdum. İldırım çölə çıxmadı. Bir neçə dəfə də daşla döşəməyə başladım. Həmin vaxt zərərçəkmiş şəxs yaşadığı evdən eyvana çıxdı. Aramızdakı məsafə təxminən 7-8 metr olardı. İldırımı görən kimi onu öldürmək məqsədlə əlimdə olan tüfənglə bir dəfə ona atəş açdım. Bu zaman İldırım qışqırdı və mən həyətdən çıxıb hadisə yerindən getdim. İldırıma hansı nahiyəsindən xəsarət yetirdiyimi isə bilmədim”.

Qeyd: Hadisə bu il fevralın 9-u saat 7 radələrində Yevlax rayonu, Hacıselli kəndində qeydə alınıb. Belə ki, həmin gün kənd sakinləri – 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülüb, qonşusu, 1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməyə cəhd edilib. İstintaqla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq qadını qəsdən öldürməsinə, daha sonra eyni silahdan atəş açaraq qonşusu İldırım Qarayevi öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub. İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Mehdi Qarayevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Facebook Comments