“Lavrov da, Lavrovun Prezidenti də, ermənilər də fikirləşsin, Azərbaycan nə qədər gözləməlidir?”

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən gözləntilər var. Lavrov Ermənistanda da, İranda da oldu. İndi isə Azərbaycana gəldi. Gözləyirik, nəticəsi olmalıdır. Üçüncü tərəf olaraq vasitəçi dövlət kimi öhdəliklərin icrasının təmin olunmasını Rusiya üzərinə götürüb. Prezident Vladimir Putin də bununla bağlı sənədi imzalayıb. 10 noyabr 2020-ci ildən sonra həm Rusiya, həm Avropa İttifaqı çərçivəsində bir neçə dəfə üçtərəfli görüş keçirilib. Ancaq belə görünür ki, “erməni” və “sülh” sözü bir-biri ilə ziddiyyət doğurur. Onlar normal insan, normal dövlət kimi başa düşmək və əməl etmək istəmirlər. Belə olan təqdirdə, cənab Prezident bir neçə dəfə çox mühüm mesajlar verdi, beynəlxalq tədbirlərdə də sözünü dedi. Onları artıq başqa dildə başa salmaq lazım gələcək”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Deputat bildirib ki, kommunikasiyaların açılması, Laçın dəhlizi və Zəngəzur dəhlizi məsələsi həllini tapmalıdır: “Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də olmamalıdır. Bunu Lavrov da, Lavrovun Prezidenti də, ermənilər də fikirləşsin. Azərbaycan nə qədər gözləməlidir? Torpaqlarımızı 30 il işğal altında saxladılar. Bəlkə fikirləri var ki, bu prosesləri də 25-30 il müəyyən məqsədlərlə ləngidələr? Ancaq Azərbaycan bunu qəbul etməyəcək, razılaşmayacaq. Azərbaycan da müəyyən təzyiq vasitələrindən istifadə edə bilər. Təbii ki, məcbur olanda edəcək”.

E.Məmmədovun sözlərinə görə, Lavrovun Bakə səfərinin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının yenidən görüşü keçirilə bilər: “Arzu olunan budur ki, görüşlər nəticə versin. Azərbaycan bu görüşlərdə imzalanan sənədlərdə üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Vaxtında və vaxtından əvvəl… Amma Ermənistan deyilənlərin heç birinə əməl etmir. Sadəcə, sözçülüklə məşğuldur. Əməldə, fəaliyyətdə əksini – Ermənistan tərəfdən təxribatlar, pozuculuq fəaliyyəti görürük. Belə olan halda Azərbaycan müəyyən məsələləri güc tətbiq etməklə həll etməyə yenidən məcbur olacaq. Təbii ki, bu, arzuolunmazdır. Məsələlər sülh yolu ilə həllini tapsa, daha yaxşı olar. Artıq məcburiyyət qarşısında qalanda güc vasitəsinə əl atmalı olacağıq, ermənilər götür-qoy etməlidirlər”.

Facebook Comments