Həqiqətlərin işığında…..(1-ci hissə)

Tural Zeynalov ilə münasibətlərimin qurulması 2019-ci ilin seçki ərəfəsinə təsadüf edir. Tural Zeynalovun Şəmkir Xeyriyyəçilər Birliyinin əsas aparıcı siması olduğu haqqında məlumatlı idim və sosial şəbəkədə dostluğumda olduğundan aparılan xeyriyyə aksiyalarını davamlı olaraq izləyirdim. Həmin ərəfədə mən 98 sayılı Şəmkir Şəhər Seçki Dairəsindən namizəd idim, Turalın isə 99 sayılı Şəmkir Kənd Seçki Dairəsindən namizəd olduğunu paylaşımından oxudum. Hər ikimizin bir-birimizi tanımadan belə dostu olduğumuz müharibə veteranı, Gədəbəy uğrunda mücadilənin qəhramanlarından Dilgam Aliev ‘in 98-ci dairədən namizəd olduğunu bilən Tural Zeynalov namizəd olaraq 99-cu dairədən namizəd olmağı qərarlaşdırmışdı. YAP’ın üzvü olan Tural Zeynalovun namizədliyini elan etməsi YAP’ın Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev başda olmaqla(sonra prosesə sabiq icra başçısı Alimpasa Məmmədovda qoşuldu) bir sıra şəxsləri narahat etməyə başladı. Tural Zeynalov partiya ya dəvət edildi və onun qarşısına iki şərt qoyuldu – namizəd olmadan partiyada üzv olaraq qalmaq, yada ki, partiyadan çıxaraq müstəqil olaraq namizəd olmaq. Özünə güvənən və mütləq qalib gələcəyinə inan Tural Zeynalov ikinci seçimi etdi. Müstəqil şəkildə namizəd oldu. Həmin ərəfədə sosial şəbəkədə onun paylaşımından İcra hakimiyyəti tərəfindən ona qarşı müxtəlif təyziqlərin olduğunu oxudum. Paylaşımın şərh bölümündə ona dəstək və hüquqi yardım təklifimi bildirdim. Səhərisi görüşdük və birgə addımlamağa qərar verdik. Bununla da bizim tanışlığımız, müştərək addımlarımız, yaxınlığımız başladı. Səmimi, saf, sözübütöv, cəsarətli olması məndə əminlik yaratdı ki, biz birgə hərəkət edə bilərik. Bu ərəfədə mənim namizədliyim də ləğv edildi və sonuna qədər mücadilə aparsamda namizədliyim bərpa etmədilər. İşin bu hal alması məni İcra hakimiyyətinə, onun başçısı Alimpaşa Məmmədova qarşı daha da qıcıqlandırdı. Hər ikimiz haqqsızlığa məruz qalmışdıq və bu səbəbdən gücümüzü birləşdirdik. Belə olan halda Tural Zeynalov ilə razılaşmamız əsasında mən onun Səlahiyyətli nümayəndəsi və Seçki Qərargahının rəhbəri oldum. Seçki təbliğat-təşviqatı müddətində dairə ərazisində birgə hərəkət edib, namizədimizə səs verilməsi üçün çıxışlar edirdik. Bu hal isə bizə rəqib olan namizədi və xüsusi olaraq İcra Hakimiyyətini ciddi narahat edirdi. Müxtəlif vasitələr ilə bizə mane olmağa çalışırdılar. Kəndlərdə bizə böyük rəğbət və inam var idi. İnsanların böyük hissəsi Tural Zeynalova səs verəcəyini bildirirdi. Biz ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin yaratdığı imkanlardan məharətlə istifadə edirdik. Seçki propogandası ilə bağlı öyrəndiyim bütün məlumatları, topladığım təcrübəni burada həyata keçirirdim. Zəyəmdə keçirdiyimiz görüş daha möhtəşəm idi. ATƏT-in həmin zaman Uzunmüddətli Müşahidə Missiyasının nümayəndələrindən Aleksandr Anderson və Astrid Moen bizim seçicilərlə görüşümüzü izləməyə gəlmişdi. Sözün həqiqi mənasında apardığımız təbliğat-təşviqat diqqət mərkəzində idi. İcra Hakimiyyətinin bütün resurslarını səfərbər etdiyi seçki təbliğat və təşviqatı bizimlə müqayisədə bir heç durumunda idi. Bizim səmimiyyətimiz, xalqın bizə inamı, cəsarətli və qorxmaz mövqeyimiz bizi güclü edirdi. Hər axşam sosial şəbəkə üzərindən dairəyə daxil olan kəndlərin bir-bir problemləri haqqında çıxışlarımız böyük maraq və diqqətə səbəb olmuşdu. Fəaliyyətimizin nəticəsi olaraq Tural Zeynalov seçki günü əsl həqiqi səsləri almışdı və əsl qalib idi. İcra hakimiyyəti bütün gücünü səfərbər edərək seçkiləri saxtalaşdırmağa girişdi və kütləvi saxtakarlıqlar hesabına Nurlan Həsənovun təyin olunmasını təmin etdi. Tural Zeynalovun haqqı oğurlandı. Xalqın həqiqi səsləri hesabına əsl qalib o idi. Bakıdan gəlmiş biri şəmkirlilərin tanıdığı və sevdiyi Tural Zeynalova qalib gəlməsi qeyri-mümkün idi. Tural Zeynalova ilk zərbə onun həqiqi haqqı oğurlanmaqla vuruldu. Mənim kimi Tural Zeynalovun da saxtakarlara, bu işin icraçılarına nifrəti dərinləşdi. Seçkidən sonra bizim dərin nifrətimizi qazanmış icra başçısı Alimpaşa Məmmədova qarşı sərt mövqeyimizi ifadə etdik. Bizim korrupsiya, saxtakarlıq, oğurluq, mənimsəmə ilə bağlı səsləndirdiyimiz fikirlərə Baş prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti onu həbs etməklə təsdiqi-əsas verdi. Biz nə dediksə, o həbs edildikdə həqiqət öz əksini doğru formada tapdı. Tural Zeynalovun istəyi məmurların doğru şəkildə çalışması, ədalətli olması, oğurluq və talana son qoyulması idi. Şəmkirin, doğulduğu, böyüyüb başa çatdığı rayonun düzəlməsini, inkişafını istəyirdi. Başqa bir məqsədi yox idi. Gəldik müharibə dönəminə və həmin dönəmdə Tural Zeynalovun bir fərd olaraq o qədər böyük xidmətləri var ki, bunları saymaqla qurtarmaq olmaz. Atasının mülkiyyətində olan və icrasını özü həyata keçirdiyi Qala ailəvi istirahət mərkəzinin gəlirlərinin son qəpiyinə qədər atışma dönəmində Tovuzun Ağdam kəndinə, şəhid Elşad Məmmədovun ailəsinə tikilməkdə olan evə sərf edib. Şəmkir Xeyriyyəçilər Birliyinin bir sıra üzvüləri ilə günlərlə orada çalışıb. Bütün bunları şəhidin atası Dönməz kişi yerli- yataqlı arzusunda olanlara danışa bilər. Adı uca olan şəhidimizin ailəsi üçün görülən işləri saymağı doğru hesab etmirəm( uca məqamlı şəhidimizin haqqını heç nə ilə ödəyə bilmərik )

Davamı var….

Ceyhun Nəbi-Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü.az xəbər portalının redaktoru

Facebook Comments