Rusiyada həmyerlimizin dəniz limanı müsadirə edildi

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Kuban Arbitraj Məhkəməsi 900 milyon rubl məbləğində dələduzluğa cəhd ittihamı ilə həbsdə olan Azərbaycan əsilli Şahlar Novruzovun aktivlərini müsadirə edib. Məhkəmənin qərarına əsasən, Novruzovun sahibi olduğu Tuapse Dəniz Limanının və TMKP Müəssisəsinin səhmlərinin 100%-i, Temryuk Yük Terminalı, "Dar Fruit" MMC-nin əmlakı dövlətin mülkiyyətinə keçib. İstintaq hesab edir ki, aktivlər 1994-cü ildən başlayaraq qanunsuz əməliyyatlar yolu ilə dövlət mülkiyyətindən çıxarılıb. Məhkəmə həmin obyektlərin dövlət mülkiyyətindən çıxarılması ilə bağlı bütün əməliyyatları ləğv edib.

Neftin qiyməti gələn il 30 dollara düşə bilər - ŞOK XƏBƏRDARLIQ

Beynəlxalq bazarlarda "Brent" markalı neftin qiyməti kəskin ucuzlaşa bilər. Sozcu.az-ın məlumatına görə, "JP Morgan" analitikləri bildirirlər ki, 2027-ci ilə qədər "Brent" neftin bir barelinin qiyməti 30 dollara qədər enə bilər. Buna səbəb dünya üzrə tələbi üstələyən artıq təklifdir. Hazırda "Brent "ilin əvvəlindən bəri 14% ucuzlaşıb və bazar ertəsi qiymət 62,59 dollar civarında sabit qalıb. Qiymətlərin zəifləməsinə səbəb kimi Ukrayna üzrə sülh danışıqlarının yenidən başlaya biləcəyi barədə gözləntilər göstərilir. Analitiklər qeyd edirlər ki, qlobal bazarda artıqlıq yaransa belə, qiymətlərin 40 dolların altına enməsi real görünmür. Lakin qısamüddətli dövrdə qiymətlərə təzyiq əsasən OPEK+ ölkələrinin və ABŞ istehsalçılarının yüksək hasilatı ilə bağlı olacaq. Eyni zamanda ekspertlər hesab edirlər ki, Ukrayna müharibəsinin sülh yolu ilə həll olunması enerji bazarlarına təsir göstərə bilər. Rusiya neftinə tətbiq edilən bir sıra sanksiyaların yumşaldılması ehtimalı qiymətlərdə əlavə dəyişiklik yarada bilər. Məşhur investisiya bankı "Goldman Sachs" neft kotirovkalarının 2026-cı ildə də aşağı istiqamətdə hərəkət edəcəyini bildirir. Bankın hesablamalarına görə, 2026-cı ildə ABŞ nefti WTI-nin orta qiyməti təxminən 53 dollar olacaq. Bank həmçinin xəbərdarlıq edir ki, 2025-ci ildə gündəlik neft artıqlığı 2 milyon barelə çata bilər. "Goldman Sachs"ın qlobal əmtəə tədqiqatları şöbəsinin həmsədri Daan Strüvenin sözlərinə görə, 2026-cı il böyük təklif dalğasının son ili olacaq, bundan sonra bazar tədricən sabitləşməyə başlayacaq.modern)

Xəzəri böyük fəlakət GÖZLƏYİR

Əsrlər boyu bölgənin təbii sərvətlərinin, iqtisadi həyatının və ekoloji tarazlığının əsas dayağı olan Xəzər dənizi bu gün böyük təhlükə ilə üz-üzədir. Son illər müşahidə olunan sürətli səviyyə enməsi təkcə Azərbaycan üçün deyil, bütün Xəzəryanı ölkələr üçün ciddi xəbərdarlıq siqnalına çevrilib. Araşdırmalar göstərir ki, Xəzərin səviyyəsində dəyişikliklər tarix boyu baş verib, lakin indiki geri çəkilmə miqyası və sürəti narahatlıq doğuracaq qədər böyükdür. İqlim dəyişikliyi, yağıntıların azalması, onu qidalandıran çayların qarşısının bəndlərlə kəsilməsi, sənaye məqsədilə nəzarətsiz su götürülməsi və digər amillər Xəzərin taleyini daha da ağırlaşdırır. Artıq bəzi proqnozlarda bildirildiyinə görə, qarşıdakı 20-30-50 il ərzində dənizin əhəmiyyətli hissəsi yox ola, sahil xətti yüzlərlə kilometr geri çəkilə bilər. Modern.az-a açıqlamasında Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov qeyd edib ki, hazırkı şəraitdə həm Xəzər dənizinin səviyyə dəyişmələrinin müasir vəziyyəti, eləcə də hidrodinamik iqlim modellərinə əsasən aparılan tədqiqatlar göstərir ki, əsrin sonuna qədər temperaturun artması və antropogen amillərin güclənməsi davam edərsə, Xəzərin səviyyəsinin xeyli aşağı düşməsi gözlənilir. “Müxtəlif ssenarilərə görə, əgər Paris Sazişinə riayət olunarsa, səviyyə 8-9 metr, əgər heç bir məhdudiyyət tətbiq edilməzsə, bəzi proqnozlara əsasən 18 metr, hətta 20-21 metrədək aşağı düşə bilər. Bu isə müxtəlif ərazilərdə fərqli təsirlər yaradacaq. Məsələn, Xəzərin Azərbaycan sahillərində dəniz təxminən 20-30 kilometr geri çəkilə, quruya bilər. Yəni bu gün Bakı bulvarından dənizi gördüyümüz halda, proses bu templə davam edərsə, gələcəkdə bulvardan dənizi görmək üçün çox uzun məsafə qət etmək lazım gələ bilər. Bu isə, təbii ki, ciddi narahatlıq doğurur”. Müsahibimiz bildirib ki, sözügedən vəziyyət yalnız iqlim dəyişmələrinin indiki sürətlə davam etməsi və antropogen təsirlərin artması halında mümkün ola bilər: “Son illər təsərrüfat və suvarma məqsədləri üçün götürülən suyun həcmi artır və bu da Xəzərə tökülən çayların gətirdiyi suyun azalmasına səbəb olur. Digər tərəfdən, temperaturun yüksəlməsi dənizdə buxarlanmanı artırır. Üçüncü bir amil də son tədqiqatlarla müəyyənləşdirilib. Bundan əlavə, külək rejiminin dəyişməsi də Xəzərin səviyyə dəyişmələrinə buxarlanma yolu ilə ciddi təsir göstərir”. O, həmçinin vurğulayıb ki, bu proseslər indiki templə davam edərsə, Xəzəri və sahilyanı ölkələri böyük təhlükə gözləyir: “Əgər Xəzəryanı dövlətlərin və bütövlükdə dünya ölkələrinin birgə səyi ilə qlobal istiləşmənin qarşısı alınarsa və çaylar üzərində antropogen təsirlər azaldılarsa, verilən proqnozlar müəyyən qədər yumşala bilər. Əks halda, bu laqeydlik çox ciddi və mənfi nəticələrə gətirib çıxara bilər”,- deyə S.Səfərov fikrini yekunlaşdırıb.

Sabah Kəlbəcərə köç OLACAQ

Növbəti köç karvanının sabah Kəlbəcərə yerləşməsi gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında  deyib. Onun sözlərinə görə, Böyük Qayıdış proqramı əsasında Kəlbəcər rayonunda da yenidənqurma istiqamətində kompleks tədbirlər keçirilir: “Birinci yaşayış məhəlləsində artıq bir neçə mənzil istifadəyə verilib. Hazırda ikinci, üçüncü və dördüncü yaşayış məhəllələrində layihələndirmə işləri aparılır”.

Ərdoğan Ukrayna ilə bağlı sammitdə iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya–Ukrayna münaqişəsinin həlli üçün bu gün onlayn formatda keçiriləcək “İstəklilər Koalisiyası”nın iclasında iştirak edəcək. Sozcu.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib. Onun sözlərinə görə, onlayn iclas Türkiyə vaxtı ilə saat 18:00-da başlayacaq.

İtkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı

Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilov ölü vəziyyətdə tapılıb. Sozcu.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, 21 noyabr 2025-ci il tarixində səhər saat 10 radələrində yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdı. Onun Suraxanı, Xətai, NZS, Neftçilər və "Sovetski" adlanan ərazilərdə görüldüyü bildirilmişdi. Ailə üzvlərinin verdiyi məlumata əsasən, itkin düşmüş şəxs bu gün Əmircan qəsəbəsi ərazisində, zibillikdə ölü halda aşkarlanıb. Qeyd edək ki, K.Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. O, son olaraq Suraxanı Su Kanal İdarəsində çalışıb.

Kəlbəcərdə atəşfəşanlıq olacaq

Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq. Sozcu.az xəbər verir ki, gün ərzində kiçik tamaşa parçalarının və müxtəlif səpkili sərgilərin nümayişi də nəzərdə tutulur. Bu gün axşam saatlarında isə incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı və daha sonra atəşfəşanlıq planlaşdırılır.

Ukrayna Rostova zərbələr endirdi: ölü və yaralılar var

Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinə kütləvi zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Yuri Slyusar məlumat yayıb. "Hücum nəticəsində Taqanroqda 3 nəfər həlak olub. Daha 10 sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Çoxmənzilli və fərdi yaşayış evləri, yerli kollec, uşaq bağçası, avtomobillər və ən azı iki sənaye müəssisəsi zərər görüb", - o bildirib.

AB artıq ABŞ-a etibar edə bilməz - Röttgen

Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun planında əhəmiyyətli dəyişikliklər edilsə belə, AB artıq tamamilə ABŞ-a etibar edə bilməz. Sozcu.az xəbər verir ki, bunu Bundestaqın üzvü Norbert Röttgen deyib. “İndi avropalıların Amerikaya etibar edə bilməyəcəyini göstərən təcrübəsi var. Belə bir hal İkinci Dünya müharibəsindən bəri baş verməyib. İndi biz yeni bir dünyada yaşayırıq. ABŞ Prezidenti Donald Trampın Ukrayna planı ortaya çıxandan bəri Berlində şok əhval-ruhiyyəsi hökm sürür”, - o bildirib.

Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürdü

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb. Sozcu.az APA-ya istiandən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub. Meyitin tapılması istiqamətində tədbirlər görülür. Araşdırma aparılır.

Yeganə qırmızı xətt Rusiyadır - Makron

Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülhün bərqərar olmasına mane olan yeganə tərəfin Rusiya olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu sözləri Makron RTL radiosuna video-müraciətində deyib. “Son üç ildə bizim yeganə qırmızı xəttimiz Rusiyadır və Ukraynadakı münaqişənin bitməsi üçün Moskvanın destruktiv mövqedən imtina etməsi vacibdir”, - o qeyd edib.

ABŞ Venesuela ilə müharibəyə hazırlaşır – KİV

ABŞ “Günəş karteli”ni (Cartel de los Soles) terror təşkilatı elan etməklə, Venesuela ilə hərbi münaqişəni daha da yaxınlaşdırdı. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb. “Venesuelanı bombalamağa başlayacağımızı heç kim bilmir, amma ABŞ Prezidenti Donald Tramp administrasiyasının “Günəşlər karteli” ilə bağlı demaqogiyası çoxsaylı həyəcanverici siqnallardan yalnız biridir. ABŞ aylardır ki, narkotik qaçaqmalçılığı şübhəlilərinin məhkəməsiz qətllərini həyata keçirir və hücumları Amerikanın narkotik kartelləri ilə silahlı münaqişədə olduğunu iddia etməklə əsaslandırır, lakin indi Tramp administrasiyası bu silahlı münaqişəni Venesuelaya da şamil etməyə hazır görünür”, - məlumatda deyilib. Qeyd olunub ki, amerikalılar artıq Venesuela sahillərində böyük bir dəniz qüvvəsi toplayıb və aviaşirkətlər ABŞ Federal Aviasiya Administrasiyasının Karib dənizində hərbi fəaliyyətin artması ilə bağlı xəbərdarlığından sonra uçuşları ləğv etməyə başlayıblar.

Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlanıb

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə səbəbilə 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın Reanimasiya şöbəsinə təxliyə edilib. Bu barədə Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib. "Hazırda pasiyentin vəziyyəti kritik ağır olaraq qalır və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır", - məlumatda bildirilib. Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Nərimanovdakı partlayışda yaralanan şəxs: "Hamı töküldü üstümə, məni qan aparırdı"

"Yoldan keçirdim. Binada partlayış baş verdi, üç-dörd metr aralıya düşdüm. Şüşələr üstümə töküldü, bir neçə dəqiqə sonra ayılanda məni qan aparırdı". Bunu paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində beşmərtəbəli binada baş verən partlayışda xəsarət alan şəxs deyib. Yaralının sözlərinə görə, təcili tibbi yardım briqadası onu dərhal xəstəxanaya çatdırıb: "Kliniki Tibbi Mərkəzdə qolumu gipsə saldılar, başıma bir neçə tikiş qoyuldu. Yanımda, təxminən, 19 yaşında olan qız var idi. O, heç nə danışmırdı, uzanmışdı. Digər yaralının - oğlanın vəziyyəti pis idi, ancaq qışqırırdı". Daha ətraflı videomaterialda:

Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb

Rusiyanın noyabrın 14-dəki hava hücumu nəticəsində Ukraynada Azərbaycan səfirliyinin binası da zədələnib. Səfirlik ərazisinin hasarı dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və konsulluq şöbəsi zədələnib.  Modern.az səfirliyimizə dəyən ziyanın aradan qaldırılıb-qaldırılmadığını araşdırıb. Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov saytımıza açıqlamasında bildirib ki, səfirlik binasına dəyən ziyan aradan qaldırılıb: "Diaspor olaraq hadisənin baş verdiyi ilk gündən səfirimizin və səfirlik işçilərinin yanındayıq. Bütün xərcləri Azərbaycan dövləti özü qarşılayaraq, dəyən ziyanı aradan qaldırıb. Dövlətimiz səfirliyimizə öz maddi və mənəvi dəstəyini göstərib. Bildiyiniz kimi, ərazidə böyük yanğın baş vermiş, texniki vasitələr, maşınlar zədələnmişdi. Kiyev meriyası tərəfindən məhz ərazinin təmizlənməsi, kommunal xidmətlər operativ şəkildə həyata keçirilib".

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

Şərurda xeyli qazi evsiz qaldığı halda, prezidentin keçmiş köməkçisi Əli Həsənova şəhid ailələri və qazilər üçün nəzərdə tutulan binada mənzil hədiyyə olunub. Sozcu.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb. Bildirilib ki, həmin binadakı əlavə iki mənzili isə yerli icra başçısı mənimsəyib. Adının çəkilməsini istəməyən qazilərdən biri deyib ki, illərdir ev üçün müraciət etsə də, müsbət cavab ala bilmir. “Rayon mərkəzində el arasında “şəhidlər binası” adlanan, qazi və şəhid ailələri üçün nəzərdə tutulan binadakı mənzillər yüksək vəzifəli şəxslərə verilir, mənim kimi vətən üçün canın qoyanlar isə kirayələrdə yaşayır. Başçı Kamal Cəfərov bizə aid olan binada yan-yana iki mənzil götürüb, birləşdirib ki, böyük olsun. Təmiri yeni bitirib. Əli Həsənov da onun qonşusudur bu binada. Axı, Əli Həsənovun nəyi yoxdur? Niyə utanmadan şəhid ailələri və qazilərin evinə göz dikir? Bu sözlər icra hakiminə də aiddir”. Şəhid ailələri və qazilər müvafiq qurumlara müraciət edərək, onların haqqı olan evlərin geri qaytarılmasını tələb ediblər.

Burun əməliyyatından sonra komaya düşdü: protokol...

Uğursuz rinoplastika əməliyyatı səbəbi ilə Səhiyyə Nazirliyinə "MedAura" klinikası ilə bağlı protokol göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, noyabrın 7,12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib: "Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib". Qeyd edək ki, Bakıda "MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib.axar.az)

Ukraynada razılaşma mümkündür - Ərdoğan

ABŞ-ın Ukraynayla bağlı sülh planı üzrə razılaşmaya gəlmək mümkündürmü? Bəli, mümkündür. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Əsas sual isə bunu necə etməkdir. Bu məsələnin üzərində işləmək lazımdır. Əgər plan qeyri-sabitlik yaratmadan, hər iki tərəfin legitim gözləntilərini və təhlükəsizlik ehtiyaclarını qarşılayarsa, razılaşma əldə edilə bilər”, - Ərdoğan vurğulayıb.

Sabah 21 dərəcə isti GÖZLƏNİLİR

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

63 özəl bağçada ödənişə güzəşt ediləcək

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi üzrə nəticələr müəyyənləşib. Belə ki, 63 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub. Sozcu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqənin əsas məqsədi 2025–2026-cı tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsi, eləcə də onların təhsil haqlarının bir hissəsinin qrant hesabına maliyyələşdirilməsidir. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub. Qrant qazanan özəl bağçalara uşaqların Azərbaycan bölməsi üzrə qeydiyyatı www.bq.edu.az portalı vasitəsilə yaxın günlərdə həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Valideynlərə portaldakı yenilikləri izləmələri və övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur.

Bu ölkə yeniyetmələrə sosial şəbəkələri qadağan edir

Malayziya 2026-cı ildən etibarən 16 yaşdan kiçik yeniyetmələr üçün sosial media qadağası tətbiq edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Malayziyanın rabitə naziri Fəhmi Fadzil məlumat yayıb. “Hökumət uşaqların onlayn təhlükəsizliyini artırmaq üçün 16 yaşdan kiçiklərin sosial şəbəkələrə qoşulmasına icazə verməyəcək. Platforma təminatçıları 2026-cı ildə elektron şəxsiyyət yoxlanışı (eKYC) sistemini tətbiq etməlidir”, - məlumatda bildirilib.

Su kanalından meyit tapıldı

İmişlidə su kanalından meyit tapılıb. Sozcu.az xəbər verir ki, Məzrəli kənd sakini 1964-cü il təvəllüdlü Rasim Əbil oğlu Mirzəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindəki su kanalında tapılıb. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1370-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 166 450 hərbçi, 11 366 ədəd tank, 23 620 ədəd zirehli döyüş maşını, 34 626 ədəd artilleriya sistemi, 1 549 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 248 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 68 006 ədəd avtomobil texnikası, 83 769 ədəd PUA, 3 981 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 003 xüsusi avadanlıq itirib.

Partlayış mənzillərə ziyan vurdu – FOTO

Nərimanov rayonunda “AFEN Plaza” biznes mərkəzində baş verən partlayışın təsirindən ofisin yaxınlığında yerləşən tikililərə zərər dəyib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səbəbindən plazanın qarşısında yerləşən yaşayış binasındakı ev və obyektlərdən biri ziyan görüb. Belə ki, partlayışa görə evlərin pəncərələri qırılıb.