Kamran Əsədov: “Belə təhqir yazan və qarğış edən müəllim ola bilməz”

“Dövlət qulluqçuları hər 5 ildən bir yenidən imtahana girirlər. Və bu imtahan da ödənişlidir. 97 manat. Onu da öz ciblərindən ödəyirlər. 4 il tamam olduqdan sonra 5-ci ildən başlayırlar imtahan verməyə ki, birdən kəsilsələr, növbəti imtahanı verə bilsinlər. 5 ilin tamamında sertifikasiyadan keçə bilməyənlər dövlət qulluğundan azad edilir. İndi təsəvvür edin ki, müəllimlərə desinlər ki, 100 manat ödəyib imtahana girin. Görək neçə müəllim razılaşacaq? Pulsuz olanda girmirlər, pullu olsa heç girən olmaz. Amma qınadıqları dövlət qulluqçusu o pulu verib imtahana sakitcə girir. Səsi də çıxmır yazığın. Sertifikasiya olunan dövlət qulluqçusu da yüksək vəzifə sahibləri olanlar deyil ha. Məsləhətçi, aparıcı məsləhətçi və s vəzifələrdə olanlardır”.

Sozcu.az-ın xəbərinə görə, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

K.Əsədov qeyd edib ki, dövlət qulluğu imtahanı da heç kimin ixtisası üzrə imtahan deyil: “Nə orta məktəbdə keçib, nə də universitetdə keçib o imtahan verəcəkləri sualları. Azı 16 qanunvericilik aktlarını nöqtə-vergülünə qədər oxumalıdırlar. Bir çox qanunvericilik aktları isə ümumiyyətlə fəaliyyətləri dövründə işlətmirlər, görmürlər. Əmək haqları da çox deyil ha, 500-600 manat. Səhər saat 9 dan 18-00 ə qədər işləyirlər rəsmi, amma qeyri rəsmi 8-9 bəzən 10-da çıxırlar işdən. Amma müəllimlər orta məktəbdə oxuduqları, universitetdə ali təhsil aldıqları və fəaliyyətləri dövründə azı 5 il dedikləri ixtisas fənnindən imtahan verirlər özü də pulsuz… Demirəm ki, dövlət qulluğunda olanlar mələkdir. Sadəcə olaraq, şərhlərdə təhqir, qarğışlar gördüm… Belə təhqir yazan və qarğış edən müəllim ola bilməz!”

Facebook Comments