“Nuru Paşanın bunun üçün mənəvi haqqı var, çünki…”

“Qafqaz İslam Ordusuna Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün qoyulan abidənin artıq açılışı olacaq. Bu barədə mən artıq məlumat almışam”.

Bunu Moderator.az-a açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu deyib. O, Bakıda Nuru Paşaya heykəl qoyulmasının da tərəfdarı olduğunu bildirib:

“Bu heykəlin qoyulmasını alqışlayıram. Qafqaz İslam Ordusunun və Nuru Paşanın mənəvi haqqı var ki, Gəncədə onlara heykəl qoyulsun. Çünki onlar ilk dəfə olaraq Gəncəyə gəliblər və Azərbaycan torpaqlarını ordan azad etməyə başlayıblar. Bu mənada mənim fikrim müsbətdir”.

Qeyd edək ki, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk ictimaiyyətin müxtəlif təbəqələrinin Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən bunun tərəfdarı olduğunu bildirib. O, həmçinin deyib ki, Nuru Paşa Azərbaycan üçün tarixi şəxsiyyətdir, bu ölkədə onu sevirlər. Onun adının Gəncədə böyük prospektlərin birinə verilməsi və Bakıda heykəlinin ucaldılması arzuolunandır.

Xatırladaq ki, Qafqaz İslam Ordusu (QİO), 31 mart 1918-ci ildə Bakı şəhərində törədilən soyqırımdan sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı İmperiyası tərəfindən təşkil edilib. Nuru Paşanın rəhbərlik etdiyi Ordu 12-14 min Osmanlı əsgərindən, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından könüllülərin qatılmasından sonra isə 20 mindən artıq döyüşçüdən ibarət olub. Ordu 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərib.

Facebook Comments