“Əhmədrza Cəlali girov götürülüb”- Beynəlxalq Əfv Təşkilatı güneyli alimlə bağlı bəyanat yaydı

Beynəlxalq Əfv Təşkilatı edama məhkum edilmiş güney azərbaycanlı alim Əhmədrza Cəlali ilə bağlı yeni bəyanat yayıb.

Mayın 19-da yayılan bəyanatda alimin İran hökuməti tərəfindən girov götürüldüyü və qisasçılıq zəminində edam təhlükəsi ilə üz-üzə qaldığı qeyd olunub.

“İran hökuməti beynəlxalq ictimaiyyətə hesabat vermədiyi üçün xüsusilə Belçika və İsveç dövlətləri alimlə bağlı müstəqil araşdırma qrupu yaratmalıdır”-deyə, bəyanatda bildirilir.

Təşkilat İran hökumətinin İsveçdə ömürlük həbs cəzasına məhkum edilən keçmiş iranlı prokuror köməkçisi ilə Əhmədrza Cəlalini dəyişdirmək cəhdləri barədə faktların olduğunu bildirib.

Beynəlxalq Əfv Təşkilatı dünya dövlətləri və beynəlxalq ictimaiyyəti Əhmədrza Cəlalinin edam hökmünün ləğv olunması və onun azadlığa buraxılması üçün səyləri artırmağı çağırıb.

Qeyd edək ki, Əhmədrza Cəlali əslən Güney azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub.

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Mayın 4-də İran mediası edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb.

Facebook Comments