Azərbaycan: quru sərhədlər niyə açılmır?

Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısı qələbəlikdir: onlarla adam ölkəni quru yolla tərk etmək üçün icazə almağa çalışır.

Koronavirus pandemiyasına görə, iki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlayıb, ölkəni yalnız hava yolu ilə tərk etmək mümkündür, bircə Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıqdır.

Nazirlər Kabinetinin son qərarına görə, ölkədə pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, yerüstü sərhədlərin bağlı qalması iyulun 1-nə kimi uzadılıb.

37 yaşlı Bakı sakini Sahibə Allahverdiyeva səhhətinə görə İrana getməlidir, amma təyyarə ilə getməyə maddi imkanı yetmədiyindən bu ölkəyə quru yolla keçmək üçün icazə almalıdır. Deyir, ayağı amputasiya olunmalıdır: “Azərbaycanda bunu etdirmək üçün həkimə getməyə imkanım yoxdur. Amputasiyadan başqa, bir də protezə pul verməliyəm. Ona görə də İrana getmək istəyirəm. Orada ucuzdur”.

Nazirliyin binası qarşısında uzun növbə bura yığışanlara ünsiyyətə başlamaq üçün mövzu olub: “Neçənci adamsan?” – bir-birlərindən soruşurlar. “Səhər saat 6-dan buradayam, 13-cü adamam”, “Saat 9-da gəlmişəm, 133-cü adamam”, cavablar müxtəlifdir. Növbədə 180-ci olan da var.

Gəncədən gəlmiş Afaq Rzayeva da İrana getmək istəyir, azyaşlı övladını ora müalicəyə aparır: “Pandemiya başlayandan getməmişik. Uşağa burada xəstəxanada ağır kimyəvi dərmanlar verildiyi üçün beynində problem yaranıb. Bura etibarım yoxdur, ona görə də uşağı İrana aparmaq istəyirəm”.

O bu gün Bakıya məhz icazə dalınca gəlib, əgər sənədi ala bilməsələr, məcbur olub Bakıda qalacaqlar.

“Samalyotda adam virus tutmur?”
Növbə gözləyənlər arasında bəzən narazılıq səsləri ucalır. Kimsə gözləməkdən bezib, kimsə yorulub, ayaq üstə dayana bilmədiyini deyir. Kimsə saatlardır gözlədiyini, növbəsinin niyə hələ də gəlib çatmadığını sorğulayır.

“İrana göz əməliyyatına getməliyəm, açıq göz əməliyyatı olunmuşam. İndi bu birisi olmalıdır. Təyyarə qiymətləri çox bahadır. Mənim hər gedişdə 1000 dollar pulum çıxır, üstünə də təyyarənin qiymətini gələndə çox olur”, – Bakı sakini, Əzizə adlı qadın BBC müxbirinə deyib.

Onun sözlərinə yanındakı Məleykə adlı bir qadın dəstək verir:

“Ay bala, bax, mən həm həkimə gedirəm illərdir, həm də alverə. Nə gizlədim? Çörəyimi ordan qazanırdım. Uşaqlarımı ordan gətirib satdıqlarımla oxutmuşam, ərə vermişəm, evləndirmişəm. İki ildir ruzumuzu kəsiblər. Başa düşdük ki, “korona”dır oturduq, gözlədik. İndi ki, hər yer açıb sərhədləri. Bunların bağlamaqda məqsədləri nədir? İşə düşmüşük. Samalyotda adam virus tutmur?”

“Səhər saat 6-dan gəlib burada oturmalıyam ki, növbə tuta bilim”
Səhər saat 11 olur. Birdən narazı səslər ucalır. Növbədə gözləyənlər arasında İkinci Qarabağ müharibəsində yaralanmış bir gəncin olduğunu bilənlər onun növbəsiz keçməsini istəyirlər. Keçmiş müharibə iştirakçısı içəri keçəndən sonra səs-küy yatır.

Xanımı ilə birgə icazə almaq üçün bura gəlmiş Rəşad Sadıqovun həyat yoldaşı və uşaqları Rusiya vətəndaşlarıdır. O deyir ki, Azərbaycana pandemiyadan əvvəl gəlsələr də iki ildir ölkədən çıxa bilmirlər.

“Çətinliyimiz odur ki, yoldaşım Rusiya, mənsə Azərbaycan vətəndaşıyam. Təyyarə ilə getmək imkanımız yoxdur. Quru sərhəddi ilə getmək istəyirik, onda da mənə icazə vermirlər. Ancaq təyyarə ilə getsək icazə olar”.

Müsahibimiz deyir ki, Azərbaycanda yaşamaq üçün heç bir səbəbləri yoxdur.

“Ev yox, eşik yoxdur burada. İş də yox. Üstəlik uşaqlar orada təhsilə başlayacaq, getməliyik. Bilmirdim ki, burada belə bir növbə var. Beşinci gün səhər saat 6-dan gəlib burada oturmalıyam ki, növbə tuta bilim”.

Azərbaycan quru sərhədləri nə üçün açmır? Gürcüstan sərhədi niyə açılmır? Rusiya ilə quru yolu niyə açılmır? quru yolu açıqdırmı? Azərbaycan-Gürcüstan sərhədi Azərbaycan-Rusiya Sərhədi Azərbaycan-İran sərhədi
“Üç aydır ilişib qalmışam burda”
Adının çəkilməsini istəməyən vətəndaşlardan biri deyir ki, mart ayının əvvəllərində ölkəyə maşınla giriş edib. İndi isə sənəd alıb çıxa bilmir.

“Üç aydır ilişib qalmışam burda. Ayın 22-nə Polşadan Kanadaya uçuşum var. Maşını aparmalı olmasaydım, təyyarə ilə uçardım. Quru yolla çıxmağa da bir dəfə imtina veriblər. İndi bilmirəm nə olacaq. Gözləyirik”.

Adının çəkilməsini istəməyən, növbə gözləyən digər bir qadınsa deyir ki, ölkəyə qayıdarkən maşınla girişə icazə verilməyib. Bir neçə sərhəd keçib gəlsələr də, Gürcüstandan Azərbaycana keçiddə maşını sərhəddə qoymalı olublar. İndi “aylardır sənədi düzəldə bilmədiyi üçün maşın sərhəddə qalıb”.

Naxçıvandan yol açıqdır
Ancaq ölkəni quru yolla Naxçıvan üzərindən tərk etmək olar. Türkiyənin Dilucu sərhəd-keçid məntəqəsindən BBC News Azərbaycancaya bildirilib ki, bu ilin martından istər Azərbaycan, istər də Türkiyə vətəndaşları hər iki istiqamətə maneəsiz gedib-gəlirlər, onlardan hər hansı icazə sənədi istənilmir.

Elə Azərbaycandakı bəzi turizm şirkətləri də Türkiyəyə Naxçıvan üzərindən turlar təşkil edirlər.

Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin təmsilçisi BBC-yə bildirilib ki, onlar Türkiyəyə turistləri maneəsiz aparırlar, sadəcə, müştəriləri özləri Naxçıvana getməlidirlər: ” Giriş-çıxışda, sadəcə Covid pasportu yoxlanılır. Əlavə heç bir sənəd tələbi yoxdur. Pandemiyadan əvvəl Gürcüstandan gedirdik. İndi isə Naxçıvandan heç bir problem olmadan gedib-gəlirik”.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı giriş-çıxışa məhdudiyyət tətbiq edilməsini Nazirlər Kabineti həyata keçirir.

Nazirlər Kabinetindən BBC News Azərbaycancanın sərhədlərin hansı zərurətdən hələ də bağlı qalması ilə bağlı sualını cavablandırmayıblar.

“Sanitar-epidemioloji sağlamlıq haqqında” qanuna əsasən, hökumətin giriş-çıxışa məhdudiyyət tətbiq etməyə birbaşa səlahiyyəti var”, – Baş Nazir Əli Əsədov bu ilin martında Mİlli Məclisdə çıxışı zamanı bildirmişdi.

Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, ölkədə koronavirusa görə xüsusi karantin rejimi tamamilə ləğv edilmədiyindən, quru sərhədlərin bağlı qalması vacibdir: “Bu məsələ ilə bağlı mütəxəssis deyiləm, amma karantin rejiminin tətbiqi üçün xəstəliyin yayılması, yayılmasının intensivliyi, hansı formada daha çox yayılır və bu kimi amillərə baxılır. Əksər ölkələrdə bu proses gedir. ÜST-ün dünyada pandemiyanın bitməsi ilə bağlı yekun rəyi yoxdur”.

Onun fikrincə, “söhbət insanların sağlamlıq məsələsindən getdiyi üçün həssas yanaşma tələb edir”.

Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahın statistikasına görə, son həftələrdə koronavirusa ən çox günlük yoluxma sayı 33 olub. Mayın 11-nə olan məlumata görə, hazırda aktiv xəstə sayı 70 nəfərdi, mayın ilk 10 günündə ölkədə koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Aygül Mehman
BBC News Azərbaycanca

Facebook Comments