Güneyli siyasi məhbus Fərhad Meysəmi aclıq aksiyasına başladı

Kərəc zindanında saxlanılan mədəni fəal və siyasi məhbus Fərhad Meysəmi aclıq aksiyasına başlayıb.

O, bununla bağlı məktub yazaraq İsveç vətəndaşı olan güney azərbaycanlı alim Əhmədrza Cəlalinin edam hökmünə etiraz etdiyini bildirib.

Fərhad Meysəmi bildirib ki, may ayında edam edilməsi nəzərdə tutulan Cəlalinin edam hökmü ləğv olunmadığı müddətcə aksiyanı davam etdirəcək.

Beynəlxalq ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edən Meysəmi edam hökmünün ləğv edilməsi üçün İran hakimiyyətinə təzyiq göstərmələrini istəyib.

Fərhad Meysəmi İranda tanınmış mədəni fəallardandır və icbari hicaba etiraz etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilərək 2018-ci ilin avqust ayından məhkumluq dövrünü yaşayır.

“Əhmədrza Cəlali bu gün yer üzündə ən müdafiəsiz insanlardan biridir. Onun öldürülməsinə imkan verməyin”-deyə, siyasi məhbus məktubunun sonunda qeyd edib.

Qeyd edək ki, mayın 4-də İran mediası “İsrailə casusluq ittihamı” ilə edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb.

Əhmədrza Cəlali əslən güney azərbaycanlıdır və 2016-cı ildə İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub.

Facebook Comments