Əmrullayevin əmrindəki TƏHSİLİMİZ… – AXIRI BELƏ OLUR…

Bu gündən 1-ci sinifə qəbul qeydiyyatına başlanıb. Lakin hər il olduğu kimi yenə valideynlər çaşqınlıq içərisində, məktəblərin qapılarında danışıqlar aparmaqda, direktorlarla sövdələşməkdədirlər. Hər nə qədər təhsil naziri Emin Əmirullayev bütün uşaqların onlayn qeydiyyatla məktəbə qəbul olunduğunu bildirsə də, yenə də bu sistemdə ənənəvi problemlər və çirkablar qalmaqdadır. TİA.Az-ın araşdırma qrupu xəbər verir ki, onlayn şəkildə evinin yaxınlığından məktəb və müəllim seçimi edə bilməyənlər, əsasən rayon qeydiyyatında olan valideynlər məcburiyyətdən qeyri-rəsmi danışıq aparmalı olurlar.

Nəticədə rüşvətə böyük meydan açılır. Araşdırma qrupu yazır ki, hazırda Bakının əksər məktəblərində şıdırğı qeydiyyat alveri gedir. Məktəb direktorları, müəllimlər və valideynlər arasında bir rüşvət piramidası qurulub. Bu prosesdə Bakı şəhər Təhsil İdarəsi aparıcı rola malikdir. Ona görə nazir Əmirullayev təhsildə islahatlar aparmaq üçün müəyyən qədər yeniliklər ortaya qoymağa, ideyalar verməyə çalışsa da, tezliklə neqativ halları aradan qaldırmaq mümkün olmur. Çünki oturuşmuş və köhnə bir idarəçilik sistemi var – təhsil şöbələri, direktorlar buna öyrəşiblər. Bu mənada böyük pullar dövr efir və həmin pullardan imtina edə bilmirlər. Misal üçün Ağcabədi rayon sakini paytaxtda mağazada satıcı işləyir, özü 15 ildir Zabratda kirayədə yaşayır.

Bu zaman övladını qeydiyyat olmadığı üçün ərazi üzrə ən yaxın məktəbin onlayn qeydiyyatından keçirə bilmir. Valideyn məcbur olur ki, ya məktəblə dil tapıb, “hörmət” etməklə uşağı məktəbə yazdırsın, yaxud da digər bir məktəbdə bu sövdələşməni etsin. Təsəvvür edin ki, bu cür hallar saysız-hesabsızdır. Səbəb Bakıda minlərlə rayon qeydiyyatında yaşayınların olmasıdır. Bu da məktəb direktorları üçün böyük bazar açmağa zəmin yaradır. Xüsusən bu hallar rus dili bölməsi ilə bağlı yaşanır.

Bir tərəfdən yerlərin dolu olduğu bildirilir, bir yandan direktorlar rüşvət almaqla problemi çözür, nə sirrdirsə dərhal boş yer tapırlar. Hər il təkrarlanan bu özbaşına hallar yenə də yaşanmaqdadır. Ancaq fərdi şəkildə, tək-tək məktəbləri təftiş etməklə problemi yoluna qoymaq mümkün deyil. Bu məsələdə Təhsil Nazirliyinin və şəxsən Əmirullayevin iradəsi, konkret proqramı olmalıdır. O halda sistemli iş aparmaq mümkündür. Bizsə nazirliyin təhsildə islahatları çox ləng, effekti zəif, daha çox kosmetik şəkildə aparıldığını müşahidə edirik.

Facebook Comments