2907 qardaşın tək bacısı…

Bu gün Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Kult.az xatırladır ki, Arəstə Baxışova 1989-cu il mayın 4-ü Xaçmaz şəhərində anadan olub.

Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində çalışıb. Çernobıl faciəsində xilasetmə əməliyyatları zamanı əlil olub. O, qəza nəticəsində şüa xəstəliyindən dünyasını dəyişəndə Arəstənin hələ 4 yaşı vardı. Uşaqlıqda tez-tez atasının hərbi paltarını geyinər, “mən də hərbçi olacağam” deyərək, arzusunu dilə gətirərdi.

Arəstə 2004-cü ildə Biləcəri qəsəbəsindəki Şuşa şəhər 3 nömrəli tam orta məktəbini bitirib, Azərbaycan Dövlət Pedaqoji kollecində ingilis dili ixtisası üzrə təhsil alır.

Hərbi sahədə çalışmaq arzusunu Arəstə 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq işləməyə başlayaraq həyata keçirir. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət göstərir. 2020-ci ildə tibb kursu keçərək sentyabrda Beyləqanda hərbi hissədə tibb bacısı kimi fəaliyyətə başlayır.

27 sentyabr cəbhəyə yollanan Arəstə iki övladını anasına əmanət edir.

Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərir. Ailəsi isə Arəstənin hərbi hospitalda yaralı əsgərlərə xidmət göstərdiyini düşünür. Amma o, döyüşlərin ən qızğın bölgələrində idi. Oktyabrın 23-ü belə günlərdən birində o, Qubadlıda şəhid olur. 31 illik ömrü boyu qəlbən arzuladığı həmin zirvəyə yüksəlir. Xalqımızın yaddaşında 2900-dən çox azərbaycanlı igidin yeganə bacısı olaraq tarixə düşür.

O, Biləcəri qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhid Arəstə Baxışovanın vətənə 13 yaşında oğlu Mərdan və 12 yaşında qızı Zəhra yadigar qalıb.

Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra Arəstə Baxışova “Vətən uğrunda” medalı, 2021-ci il mayın 12-də isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunmuş “Florence Nightingale” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!
Sayalı Abasova

Facebook Comments