“O, sənin arvadın deyil, niyə öldürürsən?!” – Seyran Səxavətdən etiraz

“Ümumiyyətlə, bizdə nə evlənmə, nə də boşanma mədəniyyəti var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib.

Qeyd edək ki, hər gün qadın qətilləri ilə bağlı məlumatlar əldə edirik. Araşdırdıqda məlum olur ki, qadını öldürən onun keçmiş həyat yoldaşı olub. Hadisənin də qısqanclıq zəminində olduğunu bildirirlər.
Halbuki həmin kişi qadınla evli olarkən, heç onunla bu qədər maraqlanmayıb. Lakin ayrılan kimi qadın diqqət mərkəzində olur. Törətdiyi hadisənin adını da belə qoyurlar ki, “qeyrətini çəkirəm”.

Seyran Səxavətin sözlərinə görə, bu, milli şüur, səviyyə məsələsidir:

“Bizdə ümumiyyətlə boşanma mədəniyyəti yoxdur. Düşmən kimi boşanırlar. Lakin dünyada belə şey yoxdur. Boşanma mədəniyyətimizin olmamasının səbəbi evlənmə mədəniyyətimizin olmamasıdır. Bunlar ikisi bir-biri ilə bağlıdır. Səviyyə, milli şüur məsələsidir. Onlar öz rolunu oynayır”.

Yazıçı qeyd edib ki, ağılsızlıqla edilən əməldir, burada təhsilin də böyük rolu var:

“Boşadın, papağını götür çıx, vəssəlam. Uşaq varsa, onlara bax. Daha qadının işinə qarışma. O kim, sən kim… Əgər o sənin üçün kimlik ifadə edirdisə, niyə boşamısan?!

“Qeyrət üstündə öldürdüm” nə deməkdir? O, sənin arvadın deyil. Sən niyə qarışırsan. Onda sən bütün qadınların qeyrətin çəkirsən? Belə qeyrətli oğlansan?! Öldürmək asandır. Amma yerdə qalan övladların baxımsız, yetim qalacaqlar. Bu ağılsızlıqla edilən əməldir. Təhsilsizliyin də böyük rolu var”.

S.Səxavət “Allahın yaratdığını heç kəsin məhv etməyə ixtiyarı yoxdur” deyə, əlavə edib:

“Bilet alıb getmək getdiyin ölkəyə inteqrasiya demək deyil. Onlardan yaxşı şeylər götürməlisən. Allahın yaratdığını heç kəsin məhv etməyə ixtiyarı yoxdur. Günahdır. Bir insanı qətilə yetiririsən onun o qədər fəsadları qalır ki. Ana qətlə yetirilirsə, uşaqlar qalır. Nəsillər arasında düşmənçilik yaranır. Bunlar şüurun aşağı olunması ilə bağlıdır. Əvvəllər belə deyildi. Evlənmək, boşanmaq üçün milli şüur lazımdır”.

Facebook Comments