Təbrizdə çörək yenidən bahalaşdı

Təbrizdə çörək yenidən bahalaşıb. Bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıb.

Məlumata görə, aprelin 27-dən öncədən elan olunmadan çörəyin qiymətinin bahalaşması satıcılarla alıcılar arasında narazılığa səbəb olub.

Sosial media fəalları bahalaşmanın rəsmi elan olunmadan bir sıra bölgələrdə müşahidə edildiyini, əlaqədar qurumların isə bu barədə açıqlama vermədiklərini yazıblar.

Rəsmi qurumların çörək və un məmulatlarının bahalaşması ilə bağlı açıqlama vermələrinə baxmayaraq, İranda unun qiymətinin 5 dəfə bahalaşması bunun baş verəcəyinin qaçılmaz olduğunu göstərir.

İranın Un İstehsalçıları Birliyinin rəisi Məhəmmədrza Murtəzavinin mediaya verdiyi açıqlamasına görə, ölkədə un məmulatları istehsalçıları və digər bu cür müəssisələr üçün satılan unun qiyməti 5 dəfə artıb.

Məhəmmədrza Murtəzavi deyib ki, bahalaşma nəticəsində çörək sexlərinə satılan unun hər kilosu 2500 tüməndən 12 min tümənə yüksələcək.

Onun sözlərinə görə, qiymətlərin artımı makaronun 2 dəfə bahalaşmasına səbəb olacaq.

Qeyd edək ki, iki həftə bundan öncə Güney Azərbaycanın Zəngan əyalətində çörəyin kuponla satılması təkilfi reallaşıb və bölgənin bir çox yerlərində çörəyin kuponla satılmasına başlanılıb.

Facebook Comments