Ukrayna uğursuzluğu: FTX-də repressiyalar başladı

Ukraynada hərbi uğursuzluqlara görə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbçiləri kütləvi repressiyalara məruz qalıblar.

Sozcu.az xəbər verir ki, bu barədə “Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozev məlumat yayıb.

Onun sözlərinə görə, FTX-nin Ukrayna məsələsi ilə məşğul olan 150-dən çox zabiti ya həbs olunub, ya da ən yaxşı halda işdən çıxarılıb.

“Deyə bilərəm ki, onların əhəmiyyətli bir hissəsi həbs olunmasa belə, artıq FTX-də işləmirlər. Bir-iki günə ümid edirəm ki, bu insanların taleyi ilə bağlı yeni bir şey dərc edə biləcəyik”, – o bildirib.

Qrozev Əməliyyat İnformasiya və Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri, general-polkovnik Sergey Besedanın həbs olunanlar arasında olduğunu da yazıb.

Qeyd edək ki, hələ martın əvvəlində Rusiya mətbuatı Sergey Beseda və onun müavini Anatoli Bolyuxun həbs edildiyi haqda məlumat yaymışdı.

Facebook Comments