Separatçılar “Yaşma” görməsə “ölən” deyil…

Azərbaycan Müdafiə Nazirinin birinci müavini, baş qərargah rəisi Kərim Veliyevin Rusiya quru qoşunları baş komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimlə görüşü erməniləri ciddi narahat etsə də, burada məlum üçtərəfli bəyanatın 4-cü bəndinin – erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının müzkirə olunması rəsmi İrəvanı lap qarınağrısına saldı.

Rəsmi Bakının İrəvana 5 təklifinə əvvəlcə cavab verməyən İrəvan indi o dəqiqə dilə gəlib məsələni yenə də ATƏT-in “ölmüş” Minsk qrupunun üstünə ataraq beynəlxalq hüquqdan dəm vurmağa başladı. Əlbəttə, Ermənistan baş diplomatı Ararat Mirzoyanın dünən parlamentdəki çıxışında “İrəvan üçün prinsipial məsələ sakinlərin hüquqları və “Dağlıq Qarabağ”ın statusudur”, deməsi hayların hələ də öz xislətlərindən dönməmələrini bir daha təsdiqlədi.

Sözsüz ki, rəsmi İrəvan, bu addımıyla özünü dünyaya sülpərvər və beynəlxalq hüquqa sadiq dövlət kimi göstərməyə çalışır. Ancaq Ermənistan – Türkiyə münasibətlərinin qismən yumşalması fonunda və Azərbaycanla üçtərəfli bəyanatdan irəli gələn məsələləri guya, həll etmək istəyində olan İrəvan separatçılarla bağlı mövqeyini nə qədər çalışsa da, gizlədə bilmir. Əslində isə ermənilərin belə siyasət yürütmələri daha çox bu ilin əvvəlində Lavrovun dediyi “Sərhədlərin delimitasiyası Qarabağda sülh məsələsinə aid deyil” sözündən güc alır. Lavrovdan diplomatiya “dərsi” alan Ermənistan rəhbərliyi indi özünü elə aparır ki, guya Xankəndindəki separatçılara heç bir aidiyyatı yoxdur. Sadəcə qonşu “dövlət” kimi onların hüquqlarının qorunmasını və statuslarının olmasını istəyir.
Ermənistan mediası da görünür rəsmilərin tələbi ilə bu mövzuda susmur. Üçtərəfli bəyanatın 4-cü bəndini erməni cəmiyyətinə öz arşınlarıyla ölçüb sırıyırlar. İctimaiyyətdə belə bir təsəvvür yaradılır ki, Rusiya “sülhməramlıları” erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi prosesi artıq başa çatıb. Guya, əgər çıxarılacaq bir şey var idisə, artıq çıxarılıb. Erməni jurnalistlər “söz oynadaraq” bildirirlər ki, üçtərəfli bəyanatın mətnində Ermənistan silahlı qüvvələri deyil, “erməni silahlı qüvvələri” göstərilib və buna uyğun olaraq Ermənistan üzərinə düşən öhdəliyi artıq yerinə yetirib.

Əslində ermənilər bu yanaşmalarıyla etiraf edirlər ki, Qarabağda halhazırda Ermənistan silahlı qüvvələri yox, separatçı-terrorçu erməni quldur dəstələri vardır və gedin sözünüzü onlara deyin. Sözsüz ki, “çox bilmiş” haylar bu məsələyə ilk növbədə rusiyalı “sülhməramlıların” cavabdeh olduğunu yaxşı bildiklərindən, guya, bu yolla özlərini təmizə çıxarmağa çalışırlar. Bu minvalla hər iki məsələdə – həm separatçıların tərkisilah edilməsi, həm də Qarabağa status verilməsində Ermənistan özünü kənardan müşahidəçi kimi göstərir.

İrəvan burada işğalçı və terrorçu dövlət kimi görünməsin deyə bilərəkdən separatçı quldur dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasını rusiyalı “sülhməramlıların”, Qarabağa status verilməsini isə ATƏT-in Minsk qrupunun üzərinə atır. Bununla, Azərbaycanı Rusiya, ABŞ və Fransa ilə qarşı-qarşıya gətirməyi planlaşdırır. Ancaq başını bu “iki kola” soxan İrəvan hələ də qanmır ki, BMT və Helsink yekun aktının müddəalarında quyruğu çöldə qalır. Dğrudur, hazırda müasir dünyada beynəlxalq hüquq normaları öz oxundan çıxsa da, hər şey güc yolu ilə həll edilsə də, hüquq, necə olmasa “ayaq yeri” kimi hər bir dövlətə lazımdır.

Hüquq demişkən, indi Xankəndindəki separatçıların təbii mavi qazı Azərbaycan Ordusunun nəzarətində olan bölgədə texniki qəza səbəbindən kəsildiyinə görə, Ermənistan bütün dünyaya quldur qardaşlarının “humanitar hüquqları” pozulur deyə, bar-bar bağırır. Bu yerdə bir neçə sual yaranır: Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüququ dünya tərəfindən qorundumu?! Sən kimsən ki, qonşu ölkədəki terrorçu qondarma quruma ildə öz dövlət büccəndən milyonlarla pul ayırıb dəstək verirsən?! Azərbaycanın suveren ərazilərinə qanunsuz müdaxilə edib separatçılara qaz kəməri çəkməklə, sözün hər iki mənasında onları qızışdırırsan?”

Əslində əgər Xankəndindəki separatçıların təbii qazı Azərbaycan Ordusunun nəzarətində olan bölgədə texniki qəza səbəbindən yox, həqiqətən də bilərəkdən kəsilibsə, bu, çox doğru, üstəlik hələ 1 il 6 ay gecikmiş bir addımdır. Çünki separatçıların qazı çoxdan, lap 10 noyabr 2020-ci ildən kəsilməliydi. Üçtərəfli bəyanatdan sonra geridə qalan zaman təsdiq etdi ki, haylar “sühməramlıların” dalında dirçəldikcə hələ çox “qazlanacaqlar”. Doğrudur 44 günlük savaşdan sonra yaralı ilan kimi qıvrılan Ermənistanın və Xankəndindəki separatçıların “qazı” xeyli alınsa da, görünür onlar “Yaşma” görməsə “ölən” deyil.(moderator.az)

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Facebook Comments