İsrailli hüquqşünas: “Bütün dünya Xocalı soyqırımı haqqında bilməlidir”

“Mümkün hər şeyi etmək lazımdır ki, bütün dünya Xocalı soyqırımı haqqında bilsin”.

Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel bildirib.

“Xocalı faciəsi kimi dəhşətli hadisənin 30-cu ildönümü yaxınlaşır. Həmin vaxt ermənilər xeyli sayda insanı qətlə yetiriblər. Təxmini hesablamalara görə, bu say 600 nəfərdən çoxdur. Həmin vaxt bir çoxları ilin soyuq vaxtında hər şeylərini atıb qaçırdı. Terrorçular qocaları, qadınları və uşaqları amansızlıqla qətlə yetirir, gözlərində siqaret söndürürdülər”, – M.Finkel qeyd edib.

“Hamının Azərbaycan xalqına qarşı bu soyqırımdan, bu cinayətdən xəbərdar olması üçün maksimum çalışmaq lazımdır”, – ekspert deyib.

“Belə bir sual doğur: Niyə dünya ictimaiyyəti bu barədə heç bir addım atmır? Cavab göz qabağındadır: Psixologiyada “müsbət qərəz” adlanan anlayış var. Unutmayaq ki, Ermənistan xristian dövlətidir və dünya ictimaiyyəti ona qarşı “müsbət qərəz” nümayiş etdirir”, – hüquqşünas söyləyib.

O, Avropada böyük erməni icmasının olduğunu əlavə edib: “Bu icmanın nümayəndələri hüquq sistemində, biznes sahəsində, siyasətdə, jurnalistikada ön sıralarda yer alır və dünya ictimaiyyətinin diqqətini Xocalı faciəsindən yayındırmaq üçün hər şey edirlər. Mümkün hər şeyi etmək lazımdır ki, bütün dünya Xocalı soyqırımı haqqında bilsin. Elə bir təəssürat yaranmamalıdır ki, öz qondarma soyqırımı haqqında aləmə car çəkən Ermənistan “daimi qurban” mövqeyində olub. Ermənilər dəfələrlə və daim amansız cinayətlər törədiblər”.

Facebook Comments