Tanınmış şairə - jurnalist Xatirə Rəhimli Prezidentdən kömək istədi...

Prezident cənab İlham Əliyev! Şair-jurnalist kimi sizə müraciət edirəm.  Mənzilim yoxdur, ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə mənzillərə köçmüşük. Ailəmlə birgə soyuq zirzəmidə yaşayıram. Səhhətimdə bəzi problemlər yaranıb.  10 ildir ki, sizə də, həyat yoldaşınız, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya da mənzil problemimlə bağlı yazılı olaraq müraciət edirəm.  Məktublarım müraciətlərim, göndərdyim teleqramlar heç biri sizə çatdırılmır.  Çıxışınızda  belə bir fikir söyləmişdiz ki, vətəndaşlar tərəfindən sizə göndərilən məktubları sizdən gizlədirlər. Qeyd edim ki, 10 ildir mənim də sizə göndərdiyim məktubları, müraciətləri, teleqramları sizdən gizlədirlər, sizə bu haqda heç bir məlumat vermirlər.  Bu ölkənin prezdenti sizsiniz.  Birinci vitse-prezidenti Mehriban Əliyevadı. Sizlərdən xahiş edirəm ki, məni mənzilnən təmin edin. Mənə yaşamaq üçün mənzil verin. Səhhətimdəki problemlə zirzəmidə yaşamaq çox çətindir, çox ağrılıdır, əzablıdı. Mənim kimi mənzili olmayanlar, kirayədə zülümnən yaşayanlar məni başa düşür.  Prezident cənab İlham Əliyev. Ədəbiyyat adamı kimi, şair-jurnalist kimi bir daha sizdən çox-çox xahiş edirəm ki, məni mənzillə təmin edin. Mənə mənzil verin. Sizdən bir daha çox xahiş edirəm. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

5 milyon manatdan çox qaçaqmal tutuldu

Ötən ay dövlət sərhədində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32,289 min manat оlan qaçaqmal tutulub. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Son bir ayda evlərdən 20-yə yaxın meyit tapılıb – Siyahı

Xırdalanda mənzildən meyit tapılıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz evdən 1993-cü il təvəllüdlü Turan İlham oğlu Xəlillinin meyiti tapılıb. Bildirilir ki, ondan xəbər ala bilməyən yaxınları evə gəliblər və dünən saat 21 radələrində yaşadığı evin yataq otağında Turanı ölmüş vəziyyətdə aşkar ediblər. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Onu da qeyd edək ki, son bir ay ərzində xəbər saytlarında müxtəlif şəhər və rayonlarda evlərdə tapılan meyitlərlə bağlı çoxsaylı xəbərlər yayılıb. Həmin məlumatların bəzilərini təqdim edirik: 4 yanvar – Cəlilabad rayonu ərazisində 1990-cı il təvəllüdlü Ziya Muradovun meyiti şəhər ərazisində, qardaşına məxsus evdə tapılıb. Ziya Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışıb. 2 yanvar – 1987-ci il təvəllüdlü Oleq Aleksandroviç Danilovun meyiti yaşadığı Səbail rayonu, Lomonosov küçəsindəki evdə aşkar edilib. Əvvəllər məhkumluq həyatı yaşamış şəxsin üzərində zorakılıq əlaməti aşkarlanmayıb. 2 yanvar – 1998-ci il təvəllüdlü Bibixanım Təhməzovanın meyiti yaşadığı Sabunçu qəsəbəsindəki evdə tapılıb. Onun hansı səbəbdən öldüyü məlum deyil. 2 yanvar – 1981-ci il təvəllüdlü Ramin Paşayevin meyiti yaşadığı Binəqədi rayonu, Adil Məmmədov küçəsində aşkar edilib. Onun da əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib. 2 yanvar – Xətai rayonu, G. Mehmandarov küçəsində 86 yaşlı Fizə Şah qızı Məhsimovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. 2 yanvar – Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 79 yaşlı Ofeliya Əhməd qızı Əhmədovanın meyiti yaşadığı evdə aşkarlanıb. 30 dekabr – Xətai rayonu, G. Şıxlinski küçəsində Cəbrayıl rayon sakini, 33 yaşlı Aytən Tahir qızı Quliyevanın boğaz nahiyəsində kəsilmiş xəsarətləri olan meyiti kirayədə yaşadığı evdən tapılıb. 29 dekabr – Binəqədi qəsəbə sakini, 1973-cü il təvəllüdlü Zülfüqar Mirislam oğlu Ağayevin meyiti yaşadığı evdə tapılıb. Mərhumun üzərində hər hansı xəsarət izi aşkarlanmayıb. 29 dekabr – Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 146, mənzil 50 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Kafiyə Xeybər qızı Qarayevanın meyiti yaşadığı mənzildə aşkar olunub. Onun da ölümündə zorakılıq əlamətləri müşahidə edilməyib. 27 dekabr – Binəqədi rayonunun Biləcəri qəsəbəsində Gürcüstan vətəndaşı olan 47 yaşlı Rəna Məmmədova yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin məlumata əsasən, onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir. 26 dekabr – Gəncədə 38 saylı Hərbi şəhərcik ərazisində 1964-cü il təvəllüdlü Məmmədova Aybəniz Nəbi qızının meyiti yaşadığı evdə tapılıb. 24 dekabr – Masallı rayonunun Boradigah qəsəbəsində 67 yaşlı Huriyyə Dadaş qızı Rzayevanın meyiti yaşadığı evdə tapılıb. 19 dekabr – Tovuzun Qovlar şəhər sakini olan 1998-ci il təvəllüdlü R. Cəfərovun meyiti yaşadığı evdə aşkar edilib. 17 dekabr – Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 56 yaşlı Feyruz Arxabala oğlu Ağabalayevin meyiti yaşadığı evdə tapılıb. 15 dekabr – Nərimanov rayonu, A. M. Cümə küçəsi, ev 26, mənzil 5-də meyiti tapılan şəxsin 61 yaşlı Ramiq Telman oğlu Məmmədov olması müəyyən edilib. 12 dekabr – Xətai rayonu, Mingəçevir küçəsində 44 yaşlı Aytəkin Fəxrəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə tapılıb. 9 dekabr – Sumqayıtın Xəzər bağları ərazisində 2002-ci il təvəllüdlü Kənan Nəsirlinin meyiti yaşadığı evdə aşkar olunub.

Səfərbərlik Xidməti məlumat yaydı

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9 əməkdaşının əmək müqaviləsinə xitam verilib. Bu barədə Dövlət Xidmətinin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib. Bildirilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. O cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Şagird yerdəyişmələri dayandırılır

8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Ukrayna Rusiyada daha bir neft zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yerləşən strateji neft-kimya müəssisəsinə zərbə endirib. Sozcu.az xəbər verir ki, yanvarın 6-da həyata keçirilən hücum nəticəsində Rusiyanın mühüm neft-kimya komplekslərindən biri - “Sterlitamak" Neft Kimya Zavodu hədəfə alınıb. Hücuma məruz qalan sahədə aviabenzin istehsalında istifadə olunan agidol maddəsi emal olunan müəssisədə yanğın başlayıb. Mənbələrə görə, bu müəssisə Rusiyanın hərbi sənaye kompleksi və ordusu üçün strateji əhəmiyyətə malik məhsullar istehsal edir. Rəsmi Moskva hələlik bu hücumla bağlı açıqlama verməyib. Başqırdıstan Rusiyanın Ural regionunda yerləşir və Ukrayna ilə sərhəddən minlərlə kilometr uzaqdadır. Bu zərbə Ukraynanın neft emalı və enerji infrastrukturunu hədəf alan hücumlarının Rusiyanın içərilərinə doğru uzandığını göstərir.

“Yeni Klinika”nın ginekoloquna cinayət işi açıldı

Xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Bakı şəhəri Nizami rayon prokurorluğunun məlumatında deyilir. “Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da “Yeni Klinika” PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Güneyli fəal Yürüş Mehralıbəyli saxlanılıb

İranın inzibati bölgüsündəki Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində yaşayan milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb. İranın rəsmi qaynaqları milli fəalın həbsi ilə bağlı açıqlama yaymayıblar. Onun harada saxlanıldığı və həbs səbəbi məlum deyil. Güney Azərbaycanın tanınmış milli fəallarından olan Yürüş (Ayət) Mehrəlibəyli 2023-cü ildə də ETTELAAT məmurları tərəfindən saxlanılmıdı. O, 1979-cu ilin yanvarın 31-də Şərqi Azərbaycanın Xarvana rayonunun Qarlıca yaylağında anadan olub. Sonralar ailəsi Culfa şəhərinin Şuca kəndinə köçür. Bu kənddə böyüyən Yürüş Mehrəlibəyli tam orta məktəbi Ələmdar şəhərində bitirdikdən sonra Rəşt Universitetinin “Sənaye idarəçilik” ixtisasına daxil olur və buranı bitirir. Ardınca Tehranın Tərbiyət Müdərris Universitetinə daxil olaraq magistr dərəcəsini də başa çatdırır. Lakin onun doktorantura dərəcəsində təhsil almasına icazə verilmir. İlk dəfə 2002-ci ilin 12 dekabr tarixinda Şəbistər şəhərində, prof. Məhəmmədtağı Zehtabinin məzarı üstə tutularaq bir aydan sonra azadlığa buraxılır. İki il sonra – 2005-ci ildə Bəzz (Babək) qalasında keçirilən mitinq zamanı yenidən həbs edilərək 2 ay saxlanılır. O, 2006-cı ildəki Xordad etirazlarında bir daha həbs olunur. 2010-cu ilin may ayında isə Güney Azərbaycan Milli Oyanış Hərəkatına (GAMOH) üzv olduğu üçün 9 ay həbsdə saxlanılmışdı. Bu müddətin 7 ayını təknəfərlik kamerada keçirib. Yürüş Mehrəlibəyli həbsdən azad edildikdən sonra orada yaşadığı günləri və işgəncələri “Qarçiçəyi” adlı kitabında qələmə alıb. O, 2012-ci ildə “Yeni GAMOH” təşkilatının yaradılmasında ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilir, 5 il sonra isə şərti azadlığa buraxılır. AzNews.az)

ABŞ Kolumbiyada hərbi əməliyyat keçirə bilər

ABŞ prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyatın keçirilə biləcəyini istisna etməyib. Sozcu.az xəbər verir ki, o, bu barədə Uest-Palm-Biçdən Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlama verib. Venesuelanı ABŞ üçün “xəstə qonşu” adlandıran Tramp Kolumbiya ilə bağlı da oxşar ifadələr işlədib. Onun sözlərinə görə, ölkəni kokain istehsal edib ABŞ-a satan “xəstə bir şəxs” idarə edir və bu vəziyyət uzun sürməyəcək. ABŞ-ın Kolumbiyada hərbi əməliyyat keçirmə ehtimalı ilə bağlı suala Tramp “bu, pis səslənmir” cavabını verib. Eyni zamanda Tramp Kuba hakimiyyətinin maliyyə mənbələrinin tükənməsi səbəbindən süquta yaxın olduğunu iddia edib. O bildirib ki, Kuba əvvəllər Venesuela neftindən gəlir əldə edirdi, lakin hazırda bu mənbə mövcud deyil və ölkə “sözün əsl mənasında çökməyə hazırdır”. ABŞ-ın Kubaya qarşı mümkün güc tətbiqi ilə bağlı suala cavab verən Tramp əlavə edib ki, Vaşinqtonun hər hansı addım atmasına ehtiyac qalmaya bilər, çünki Kuba öz-özünə süqut edə bilər.

ABŞ Prezidenti: Kuba hakimiyyəti süquta yaxındır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kuba hakimiyyəti gəlir çatışmazlığı səbəbindən çökməyə yaxındır. Sozcu.az- məlumatına görə, Amerika lideri Milad və Yeni il tətillərini Mar-a-Laqo iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən (Florida) Vaşinqtona gedən təyyarədə jurnalistlərə bildirib. "Düşünürəm ki, Kubanın süquta hazır olduğunu görürsünüz. Kuba çökməyə hazır görünür. Onların necə tab gətirəcəyini və ya gətirməyəcəyini bilmirəm", - Tramp deyib. Onun sözlərinə görə, Kubanın hazırda heç bir gəliri yoxdur. "Onlar bütün gəlirlərini Venesuela neftindən alırdılar, indi isə artıq heç nə əldə etmirlər. Kuba isə sözün əsl mənasında çökməyə hazırdır", - ABŞ Prezidenti əlavə edib. Vaşinqtonun Havanaya qarşı mümkün hərbi əməliyyatları ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, o, belə bir hərəkətin zəruri olduğuna inanmır. "Düşünürəm ki, Kuba sadəcə çökəcək. Düşünmürəm ki, hər hansı tədbir görməliyik, görünür, sadəcə olaraq çökəcək", - o deyib.

Bayram bitdi, tıxaclar başladı

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində; 6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 14. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 16. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur

Tramp daha 3 ölkəyə hücuma hazırlaşır - Çin nə edəcək?

ABŞ Prezidenti Donald Tramp son çıxışında Venesueladan sonra növbənin Kuba, Meksika və Kolumbiyaya çatacağına işarə edib. Bu dövlətlər narahat olmalıdırlar. Dövlət katibi Marko Rubio Trampın özündən əvvəlki prezidentlərdən fərqini belə qiymətləndirib: “Tramp nə deyirsə, onu da edir”. Sozcu.az xəbər verir ki, bu sözəri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, ABŞ Kubada 1959-cu il inqilabından sonra Kastro rejimini devirmək üçün müxtəlif üsullara əl atdı, heç biri işə yaramadı, sonra SSRİ-nin “azadlıq adasından” nüvə başlıqlı raketlərini çıxarması qarşılığında Kuba rejimini devirməyəcəyi vədini verdi: “Ancaq bu vədlər tarixdə qalıb, SSRİ yoxdur, Kastro da, üstəgəl, Kuba artıq Venesueladan ucuz neft ala bilməyəcək və bu hal kubalıların sosial durumunu daha da ağırlaşdıracaq. Tramp və onun Kuba əsilli dövlət katibi Rubio bu durumdan öz məqsədləri üçün istifadə barədə düşünə bilərlər. ABŞ xüsusi təyinatlıları Kolumbiyada keçmiş illərdə narkokartellərə qarşı müxtəlif əməliyyatlar həyata keçiriblər. 1990-cı illərin əvvəllərində məşhur kolumbiyalı narkobaron Pablo Eskobara qarşı əməliyyatda amerikalı hərbi mütəxəssislər də iştirak ediblər. Kolumbiyanın hazırki prezidenti solçu və partizan hərəkatının keçmiş üzvü Qustavo Petrodur. O, Venesuela Prezidenti Nikolas Maduronun oğurlanmasına ən sərt reaksiya verən dövlət başçılarındandır. Bu baxımdan Kolumbiyanı ram etmək asan olmayacaq. Meksikaya gəldikdə, ABŞ-ın bu ölkənin narkokartelləri ilə mübarizə təcrübəsi var, indinin özündə Amerika həbsxalanalarında kifayət qədər meksikalı narkotacir cəza çəkir”. Politoloqun sözlərinə görə, son hadisələrdən ən çox narahat olan ölkələrin başında Çin gəlir: “Bunun bir neçə səbəbi var. Birincisi, Pekin Maduro ilə razılaşma əsasında Venesuela neftinin əsas alıcılarından idi. İkincisi, Çin şirkətləri Maduronin xeyri-duasıyla Venesuelanın nadir torpaq elementlərinin çıxarılması layihələrinə cəlb olunmuşdular. Pekində düşünürlər ki, Venesuelaya Amerikanın dəstək verdiyi siyasətçi rəhbər təyin olunarsa, Çin bu Latın Amerikası ölkəsinin zənginliklərindən faydalana bilməyəcək. Halbuki Tramp son çıxışında ABŞ-ın Venesuela neftinə sahib olmasından sonra bu ölkənin Çinə də neft satmaqda davam edə biləcəyini vurğulayıb. Pekin bu vədə çətin ki inansın! Çünki Trampın əsas hədəfi Rusiya deyil, Çindir və Ağ Ev sahibi müxtəlif çıxışlarında bunu gizlətməyib. Pekin Venesuela cəmiyyətinin Vaşinqtonun hökmranlığına müqavimət göstərməsini istəyir. Ancaq hələ ki, Veneseulada Amerikaya etiraz səsləri eşidilmir. Pekin başqa cəhdlərə də əl atıb. Çin Vaşinqtondan Maduro və onun həyat yoldaşını azad etməsini istəyib və baş verənlərin BMT Təhlükəsizlik Şurasında müzakirəsini də tələb edib. Pekin əlindən gələni edəcək ki, Trampın Venesuela əməliyyatı ABŞ-a siyasi və iqtisadi mənada baha başa gəlsin, bu ölkə Amerika üçün ikinci İraqa və ya Əfqanıstana çevrilsin. Bu arada, Pekin Tayvan adası ətrafında hərbi gəmilərinin və hərbi təlimlərinin sayını artıracaq. Venesuelada baş verənlərin fonunda Çin hakimiyyəti Tayvanı nəzarətə götürmək planlarını reallaşdırmaq barədə də düşünə bilər. Məntiq sadədir: “ABŞ beynəlxalq hüquqa zidd olaraq Venesuelaya müdaxilə edirsə, Çinin də özünə aid adanı ram etmək hüququ var”. Ancaq məsələ burasındadır ki, Tramp administrasiyası Tayvanı da özününkü sayır və adanı Çinə təhvil vermək kimi planı yoxdur”.

Danimarkdan Trampa: Dərhal təhdidləri dayandır!

Qrenlandiya krallığın bir hissəsidir və ABŞ təhdidlərini dayandırmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen deyib. O bildirib ki, Vaşinqtonun adaya nəzarəti ələ keçirməsinin heç bir anlamı yoxdur. "ABŞ-ın krallığın 3 tərəfindən (Danimarka, Qrenlandiya və Farer adaları) heç birini ilhaq etmək hüququ yoxdur. Danimarka Krallığı və buna görə də Qrenlandiya NATO-nun bir hissəsidir, alyansın təhlükəsizlik zəmanətləri altındadır. Artıq krallıq və ABŞ arasında ABŞ-a Qrenlandiyaya geniş giriş imkanı verən müdafiə müqaviləmiz var və biz Arktika təhlükəsizliyinə əhəmiyyətli dərəcədə sərmayə qoymuşuq. Buna görə də, mən ABŞ-ı tarixən yaxın müttəfiqə, eləcə də satış üçün olmadığını açıq şəkildə bildirən başqa bir ölkəyə və başqa bir xalqa qarşı təhdidləri dayandırmağa çağırıram", - deyə o bildirib. Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp Qrenlandiyanın ABŞ-ın müdafiəsi üçün lazım olduğunu açıq şəkildə qeyd edib.

İranda etirazlar: 16 nəfər öldü, 582 etirazçı həbs edildi

İranda həftə ərzində iğtişaşlarda ən azı 16 nəfər öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən "HRANA" hüquq təşkilatı məlumat yayıb. "Bununla yanaşı, 582 nəfər həbs edilib", – məlumatda bildirilib. Buna səbəb inflyasiyaya qarşı etirazların bütün ölkəni əhatə etməsi və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verməsidir. Xatırladaq ki, daha əvvəl Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçıların polis idarələrindən birinə daxil olmağa cəhd göstərməsi nəticəsində silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub. Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.

Artıq Bakı və İrəvan arasında ticarət münasibətləri yaradılıb - Əliyev

Artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edərkən deyib. Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib. Dövlət başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğulayıb.

QIRMIZI SÜKUT

Hava Moskva ətrafındakı o adsız qəsəbənin üzərinə qurğuşun kimi çökmüşdü. Göy üzü sanki ağlamaq istəyir, amma bacarmırdı. Asfaltın rütubəti, havada asılı qalan yadlıq hissi və o görünməz, qara əl... O əl hələ ailə vətəni tərk edib bir çamadana sığışanda onların taleyinə toxunmuşdu. Onlar günəşi unutmuşdular. Sığındıqları rütubətli zirzəmidə divarların tərləməsi deyil, sanki bu ailənin bəxtinin göz yaşları idi. Ata hər səhər sübhün alatoranlığında, hələ şəhər oyanmamış, bir kölgə kimi evdən süzülürdü. Polisin ağır addımları küçədə əks-səda verəndə nəfəsini udur, divara qısılırdı. Bir axşam o kölgə geri dönmədi. Ana qapının ağzında saatlarla dayandı, amma gələn yalnız dəhlizin soyuq mehi oldu. Ertəsi gün polis şöbəsində ona uzadılan o kağız parçası sanki buzdan idi. "Könüllü." Mistik bir ironiya... Aclığın, qorxunun və sənədsizliyin qısqacında olan bir adamın seçimi nə qədər "könüllü" ola bilərdi? O an qadın hiss etdi ki, əri artıq bir insan deyil, o görünməz əlin qanlı oyununda sadəcə bir rəqəmdir. Ata artıq Moskvada deyildi. O, Ukraynanın şərqində, palçığın qana qarışdığı, göy üzünün barıt tüstüsündən görünmədiyi bir cəhənnəmdə — Baxmut yaxınlığında idi. Üstünə geyindirilmiş hərbi forma bədəninə yad, əlindəki silah isə ruhuna ağır gəlirdi. Yanındakı əsgərlər söyüş söyür, səs-küy salırdılar, amma o, susurdu. Həmin vaxt Moskvada ana məktəbin dəhlizlərini silirdi. Hər dəfə döşəməni sildiyi əskini sıxanda sanki öz ömrünü sıxırdı. Həmin gün məktəbin içində qəribə bir sükut vardı – divarlar nəfəsini tutmuşdu. Birdən cəbhədə dəhşətli bir partlayış qopdu. Ata səngərin dibinə qısılmışdı. Yanındakı gənc oğlanın bədəni bir saniyənin içində parça-parça oldu. İsti qan atanın üzünə sıçradı. O, dəhşət içində əlləri ilə üzünü sildi. O an Moskvada məktəbin yuxarı mərtəbəsindən boğuq bir fəryad, sonra isə sürətli qaçış səsləri eşidildi. Müdiriyyət təlaşla ananı ikinci mərtəbəyə çağırdı. Dilini bilmədiyi bu insanların əl-qol hərəkətləri vahiməli idi. Dəhlizin ortasında nəhəng, qara-qırmızı bir gölməçə vardı. Qan laxtalanmışdı... Ana diz çökdü. Əskini o isti qırmızı mayeyə batırdı. Qəribə bir sızıltı keçdi ürəyindən. Əlləri titrəyirdi. Vedrədəki su saniyələr içində tünd qırmızı rəngə boyandı. O, bilmirdi ki, həmin an övladının qanını vedrəyə sıxıb tökür. Elə bil ki, görünməz əl onun çiyinlərindən basır, onu bu qanın içində boğmaq istəyirdi. Həmin dəqiqələrdə Ukraynanın düzənlərində ata sonuncu dəfə ayağa qalxdı. Bir snayper gülləsi havada görünməz bir cığır açaraq onun köksünə saplandı. Ata yerə yıxılarkən ağzından çıxan son nəfəs Moskvadakı məktəbin pəncərəsində buğa çevrildi. Eyni saniyələrdə məktəbin həyətində on altı yaşlı bir "yerli" şagirdin bıçağı dəhlizdə yaraladığı on yaşlı "yad" uşağın boğazını kəsmişdi. Ata uzaq bir tarlada can verərkən, oğlu məktəbin soyuq asfaltına yıxılaraq son dəfə anasını səsləyirdi. Pəncərədən aşağı baxanda ana izdihamı gördü. Polis maşınlarının göy-qırmızı işıqları rütubətli havada qanlı qığılcımlar kimi rəqs edirdi. Naməlum bir qorxu onu aşağı apardı.  Yerdə uzanan o kiçik bədənin yanında bir çanta vardı. Üstündə kiçik bir cızıq – oğlunun dünən təmir etdiyi, üzərinə kiçik bir yapışqan vurduğu o çanta. Ana irəli atıldı, fəryadı göyün yeddinci qatında eşidildi. Amma o "görünməz əl" indi ağ əlcəkli polislərin simasında onu geri itələdi. "Sənədlərini göstər!" Yerdə oğlu can verirdi, uzaqlarda isə ərinin cəsədi sahibsiz qalmışdı, amma onlar üçün cansız bu iki bədən, sadəcə qeydiyyatsız bir rəqəm, bir "miqrant problemi" idi. O gün ana təkcə ailəsini itirmədi, həm də insanlığın və ədalətin qan içində boğulduğuna şahid oldu. Məhkəmə zalını buz kəsmişdi. Hakim anaya baxmadan hökmü oxudu: qanunsuz yaşayış, cərimə və deportasiya. Oğlunun qatili "yetkinlik yaşına çatmadığı" üçün yüngül cəza alarkən, cəbhədən ərinin ölüm xəbəri və cənazəsi gəldi. “Şimal ayısı” öz "vəzifəsini" yerinə yetirmişdi – bir əli ilə atasını müharibəyə göndərib öldürmüş, o biri əli ilə oğlunun qanını ona sildirtmişdi. Hava limanı hər zamankından daha soyuqdu. Ananın əlində tək bir çamadan yox idi. İndi onun yükü həm də iki ağır, soyuq və qara tabut idi. Biri ərinin — dövlətin "könüllü" qurbanının, o biri isə oğlunun — nifrətin qurbanının tabutu. Təyyarə buludların üzərinə qalxanda ana pəncərədən aşağı baxdı. Moskvanın işıqları parıldayırdı. Amma ana o işıqları qan-qırmızı rəngdə görürdü: dəhlizində öz əlləri ilə sildiyi, amma gözlərindən heç vaxt silinməyəcək övladının qanı idi o qan-qırmızı rənglər. İndi o, vətəninə qayıdırdı – gələndə üç nəfər idilər, gedəndə isə bir qadın və iki tabut dolusu sükut vardı təyyarədə. Əbil Həsən

ƏDALƏTİN QƏFLƏTİ - hekayə

Kənd camaatı Danabaş Ağanın əlindən bezmişdi. Danabaş Ağa – adı ağa, özü yırtıcı idi. Pula həris, acgöz, daşürək adamdı. Kimin pulu yox idisə, Ağa sələmə verərdi. Əvvəl bir manat, sonra bir yastıq yeri, axırda isə evin damını da söküb aparardı. Amma özü elə yaşayardı ki, guya göydən zənbillə düşüb. Qızılı qənd kimi yeyərdi, qırıq-qırtığı isə kənd camaatına çürük meyvə kimi tullayardı. Amma qadağayla: "Əlim dəyməsin, gözüm görməsin!" Camaat isə o çürük meyvəyə belə möhtac idi. Hamı Danabaş Ağadan qorxurdu. Heç kim Danabaş Ağaya səsini çıxarda bilmirdi. Ta ki, qonşu kənddən Ədalət kişi gəlib çıxana qədər... Ədalət kişi oxumuş adam idi. İynəli danışardı, dedikləri qaya kimi ağır gələrdi. Köhnə bir çap maşını vardı – dişsiz, cırıldayan. Çap maşını Ədalət kişinin çörək ağacı idi. Ədalət kişi bir gecə, Danabaş Ağanın kəndinə səssizcə girdi. Çap maşını ilə yazdığı elanları kəndin küçələrinə səpdi. Elanlarda yazılmışdı: "Adım CƏNAB-dır. Mənim itlərim sizin malınızı qoruyar. Bu itlər ‘YOX’ sözündən başqa heç nə bilməz. İcazəsiz bir əşyaya toxunsanız – əvvəl ‘yox’ deyəcəklər, sonra parçalayacaqlar.” Səhər kənd camaatı elanları oxudu. Camaat qorxuya düşdü: “Bu Cənab kişi kimdirsə, bizi Danabaş Ağanın əlartığından da edəcək. Amandır, ağa bu elandan xəbər tutmasın!” Amma kəndin içində satqınlar çox idi. Bu satqınlardan biri, elanı götürüb, cumdu Danabaş Ağanın villasına: – Ağa, bax, bu nədi? Danabaş Ağa yazını oxudu və qaşlarını çatdı. “Kimdi bu Cənab?! Çağırın gəlsin!” Elə həmin gün Cənab kişi gəlib çıxdı. Kostyumu qırışlı, gözləri parlaq, amma nitqi – ipək kimi. Danabaş Ağa ondan itlər istədi. Cənab qiymətləri ucaltdı – itlər bir ətək qızıla başa gəldi. Amma Danabaş Ağa razı idi, çünki malı-mülkü qorunacaqdı. İtlər sözə qulaq asan, görüb-götürmüş itlər idi. Kənddə kim Danabaş Ağanın bağında bir çürük almaya əl uzatsa, it əvvəlcə “yox” deyirdi sonra həmən adamı oradaca parçalayırdı. Danabaş Ağa itlərdən o qədər razı idi ki, təriflərini yerə göyə-sığdıra bilmirdi. Deyirdi: “Bax, bu itlər mənim kimi düşünür!” Bir gün həmən bu Cənab, yəni Ədalət kişi, kəndin ağsaqqalına yaxınlaşıb dedi: – Ay kişi, bu itlərin bir sirri var. Onlarla danışmağın bir yolu var ki, bu yoldan xəbər tutsanız, kənd əhli Danabaş Ağanın zülmündən qurtulacaq. Əgər itlərə siyasətlə desək: “Ay it, Danabaş Ağanın bağından bir alma yesəm, xətrinə dəyməz ki?” – it deyəcək ki, “Yox.” Elə bu “yox”la almalar da sizin olar, Danabaş Ağanın malı-mülkü də. Ağsaqqal başını sallayıb gülümsədi. Bu sirri kəndin içində güvəndiyi adamlara yaydı.  Kənd camaatı itlərə siyasətlə yaxınlaşıb, nəzakətlə müraciət edib, Danabaş Ağanın mallarını səssiz-səmirsiz əlindən çıxartmağa başladılar. Ədalət kişi isə hər gün Danabaş Ağanın yanında olurdu. Guya itlərə yeni komandalar öyrədirdi. Əslində isə Danabaş Ağanın başını qatırdı. Bir gün Danabaş Ağa villasının balkonunda oturmuşdu. Kəndə baxırdı. Birdən bir hay-küy qopdu. Villanın nəhəng qapıları açıldı, Danabaş Ağanın xəbərçisi qan-tər içində özünü ağanın ayaqları altına atdı: – Ağa, ağa itlər kənd camaatı ilə əlbir olub, malını mülkünü talan ediblər. Ağa, qoyma, məni də itlərə yedizdirmək istəyirlər! Qəzəbli kənd camaatı da, doluşdu həyətə. Danabaş Ağa yekə qara kürsüsündən sıçrayıb, ayağa qalxdı. Dana kimi böyürüb, Cənabı çağırdı: – Bu nə deməkdir?! İtlərə əmr et, məni qorusunlar! Əmr et, bu narkomanları, piyanskaları, və başıpozuqları cəzalandırsınlar! Amma Cənab – yəni Ədalət kişi – susdu. Bir kəlmə də danışmadı. Danabaş Ağa özü itlərə bağırdı: – Cənabı parçalayın! İtlər tərpənmədi. Ədalət kişi gülümsədi. İtlərdən birinə dedi: – Ay itlər, Danabaş Ağanın kürsüsündə otursam, xətrinə dəyməz ki? İtlər “yox” dedilər. Gəlib kürsünü Danabaş Ağanın altından çəkib, gətirib, Cənabın qarşısına qoydular. Danabaş Ağa iki əli ilə başına vurub: “Kül mənim başıma” - dedi.  Kənd camaatı qəh-qəhə çəkib güldü. Ədalət kişi kürsüyə oturub camaata səsləndi: – Ədalət dişlə, dırnaqla gəlməz. Elmlə, əqillə, səbrlə və siyasətlə gələr! Əbil Həsən

İranda etirazlar şiddətlənir - Daha 3 nəfər öldü

İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb. Sozcu.az İran mediasına istinadən xəbər verir ki, şənbə günü günorta saatlarında İranın İlam əyalətində toqquşmalar zamanı 3 nəfər ölüb. Toqquşmalar nəticəsində daha bir neçə nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı barədə məlumat yayılıb.

Kanada Venesuelada baş verənləri dəstəkləyir - Karni

2025-ci ilin mart ayında Kanadanın yeni hökuməti tərəfindən atılan ilk addımlardan biri Nikolas Maduronun zülmkar və cinayətkar rejiminə əlavə sanksiyalar tətbiq etmək idi. Sozcu.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni özünün X səhifəsində yazıb. “Kanada 2018-ci il seçkilərini oğurladığından bəri qanunsuz Maduro rejimini tanımayıb. Buna görə də Kanada hökuməti Venesuela xalqı üçün azadlıq, demokratiya, sülh və rifah fürsətini alqışlayır. Venesuela xalqının demokratik iradəsinə hörmət edən dinc, danışıqlar yolu ilə və Venesuela rəhbərliyi altında keçirilən keçid prosesini dəstəkləyirik”, - o əlavə edib. Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Venesuelanı Marko Rubio idarə edəcək

ABŞ Dövlət katibi Marko Rubio Venesuela Prezidenti Nikolas Maduronun həbsindən sonra ABŞ-ın Venesuelanı idarə etməsində aparıcı rol oynaya bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” adı açıqlanmayan ABŞ rəsmisinə istinadla məlumat yayıb. “Ağ Evin hazırda təxminən 30 milyon əhalisi olan neft ölkəsini idarə etmək üçün dəqiq bir planı yoxdur. Lakin ABŞ Prezidenti Donald Tramp ölkənin neft sənayesinə böyük diqqət yetirdiyini açıq şəkildə bildirib", - məlumatda bildirilib. Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Prezident qoşunları riskə atır, milyardlarla dollar xərcləyir - Harris

Maduronun qəddar, qanunsuz bir diktator olması bu hərəkətin (ABŞ ordusunun Venesuelada əməliyyat keçirməsinin - red.) həm qanunsuz, həm də ağılsız olması faktını dəyişdirmir. Biz bu filmi əvvəllər də görmüşük. Rejim dəyişikliyi və ya neft uğrunda müharibələr güc kimi təqdim edilir, lakin xaosa çevrilir və Amerika ailələri bunun bədəlini ödəyir. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris özünün X səhifəsində yazıb. “Bu, narkotik və ya demokratiya ilə bağlı deyil. Söhbət neft və Donald Trampın regional güc rolunu oynamaq istəyi ilə bağlıdır. Əgər o, hər ikisinə əhəmiyyət versəydi, Maduronun yaxınları ilə sövdələşmələr apararkən məhkum edilmiş narkotik qaçaqmalçısını əfv etməz və ya Venesuelanın qanuni müxalifətini kənara qoymazdı. Prezident qoşunları riskə atır, milyardlarla dollar xərcləyir, regionu qeyri-sabitləşdirir. Amerikanın işləyən ailələr üçün xərcləri azaltmaq, qanunun aliliyini təmin etmək, ittifaqları gücləndirmək və ən əsası Amerika xalqını birinci yerə qoymaq prioritetləri olan liderliyə ehtiyacı var”, - Harris qeyd edib. Qeyd edək ki, ötən gün ABŞ ordusu Venesuelanın paytaxtı Karakasa zərbələr endirib və ölkə Prezidenti Maduro və onun həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Yanvarın 5-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Maduro axmaq kimi davranırdı - Rubio

ABŞ Maduronu ələ keçirməklə 50 milyon dollar qənaət edib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib. “Bu, Venesuela prezidentinin həbsinə kömək ola biləcək məlumat üçün təklif olunan məbləğdir. Maduroya dəfələrlə dinc yolla istefa vermək üçün çox yaxşı təkliflər edilib, lakin Nikolas axmaqcasına davranırdı", - o bildirib. Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

ABŞ-ın Venesuelada həyata keçirdiyi 2 saat 20 dəqiqəlik xüsusi hərbi əməliyyat nəticəsində qondarma prezident Nokolas Maduronun həbs olunaraq Birləşmiş Ştatlara aparılması bütün dünyada geniş müzakirələr doğurub. Maduro, ondan əvvəl isə Venesuelanın keçmiş lideri Uqo Çaves beynəlxalq hüququ ayaqları altına atmışdı. Belə ki, 2009-cu il sentyabrın 10-da Uqo Çaves Venesuela Bolivar Respublikasının qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığını elan edərək belə demişdi: “Bizim Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini və suverenliyini tanımağımız tamamilə ədalətli və zəruri qərardır”. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib. “Çaves bu addımı Rusiyanın o zamankı Prezidenti Dmitri Medvedyevlə danışıqlar zamanı açıqlamışdı. Daha sonra 2010-cu ilin iyulunda Venesuelada rəsmi səfərdə olan Abxaziya nümayəndə heyətinə Venesuela Xarici İşlər Nazirliyinin “Abxaziya respublikası”nın müstəqilliyinin tanınması ilə bağlı rəsmi notası təqdim edilmiş, diplomatik əlaqələr qurularaq bir sıra sazişlər də imzalanmışdı. Rusiya ilə birlikdə 27 mart 2014-cü ildə BMT Baş Assambleyasında Ukraynanın bütün ərazisi üzərində suverenliyini təsdiq edən və Krımın və Sevastopolun statusunun dəyişdirilməsini rədd edən 68/262 saylı qətnamənin əleyhinə səs verən Venesuela Suriya, Sudan, Kuba, Zimbabve, Belarus, Boliviya, Ermənistan, Nikaraqua və Şimali Koreya ilə birlikdə Krımın işğalını dəstəkləyən azsaylı ölkələrdən biridir. Krımın işğalını dəstəkləyən Suriya və Sudanın başına gələnlərdən sonra belə görünür ki, ədalətin təcəlli sırası Venesuelaya çatıb”, - politoloq bildirib. Onun sözlərinə görə, Uqo Çaves və Nikolas Maduronun törətdiyi repressiyalara görə Venesuala əhalisnin ən azı üçdə biri ölkədən qaçıb: “BMT-nin bir hesabatında qeyd edilirdi ki, Maduro hakimiyyətə gəldikdən sonra səkkiz milyon insan vətənini tərk edib. Təxminən üç il əvvəl Maduro Venesuela ilə qonşu olan Qayananın ərazsinin üçdə ikisini təşkil edən, neft, qızıl və mis yataqları ilə Essekibo adlanan əraziyə iddia irəli sürərək, bu torpaqları Venesuelanın 24-cü ştatı elan etdi. Maduronun göstərişi ilə hazırlanan yeni xəritələrdə həmin ərazilər Venesulanın sərhədləri daxilində göstərilirdi. Rusiyadan aldığı 10 milyard dollarlıq silahla qoşunlarını silahlandırmış Maduro Qayananın üzərinə ordu göndərdi. Bayden adminstrasiyası çevik reaksiya verərərək Venesuelanı hərbi müdaxilə ilə təhdid etdikdən sonra Maduro qoşunlarını Qayana ilə sərhəddən geri çəkmək məcburiyyətində qaldı. Bütün bunlar Venesulada 1999-cu ildən bərqəarar olmuş rejimin nə qədər antibəşəri olmaqla yanaşı, beynəlxalq hüquqdan kənarda olduğunu təsdiqləyir. Nikolas Maduro dövlət hakimiyyətini qəsb etmiş quldur idi. Buna görə beynəlxalq hüquq ona toxunulmazlıq verə bilməz. Bəşəriyyət yalnız bir şeyə - ədalətin belə gec təcəlli etməsinə görə narahat olmalıdır. Heç şübhəsiz ki, ədalətin təcəlli sırası Rusiyaya da çatacaq. Hələlik isə belə görünür ki, Venesueladan sonra sıradakı İrandır”.