“Xankəndində “prezident” “seçki”si keçirilərsə, Bakı antiterror əməliyyatı başlatmalıdır…”

“Seçki” keçirmək oyununu da Rusiya öz maraqları naminə, Azərbaycana təzyiq etmək üçün aparır…”

44 günlük savaşdakı zəfərimizdən sonra da, təəssüf ki, Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim yenidən “siyasi” fəallıq göstərməyə çalışır. Növbəti dəfə qondarma “prezident” “seçkiləri” keçirməkdən dəm vururlar. Yadınızdadırsa, 2020-ci ilin mart və iyununda Xankəndində iki turda keçirilmiş belə üzdəniraq “seçki”lərin nəticələrini tanımamaq barədə Rusiya istisna olmaqla ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya və s. kimi aparıcı dövlətlər sərt bəyanatlar verdi. Görəsən, indi belə bir “seçki” keçirilərsə, beynəlxalq ictimaiyyət buna necə reaksiya verəcək?

Beynəlxalq siyasi analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı Moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:

“Öncə onu deyim 2020-ci ilin martında Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı separatçı rejim tərəfindən keçirilmiş qondarma “seçki”lərin pərdəarxasında Rusiya var idi. Daha doğrusu, Moskva bu “seçki”dən Azərbaycana təzyiq aləti kimi istifadə edirdi. Onu da demək gərəkdir ki, Qarabağdakı bu oyuncaq qurumun Ermənistanın həmin dövrdəki höküməti belə, heç bir zaman “müstəqil” olmasını istəməyib. Sadəcə, Ermənistanın tərkibində muxtar bir bölgə kimi olmasına çalışıblar. Yəni Ermənistana birləşməsi də gündəmdə olub. Amma Ermənistanı idarə edənlər birləşməyə isti baxmayıblar…

Hazırda isə Xankəndindəki növbəti “seçki” tamaşasının hazırlanmasını Rusiyanın yeni oyunu kimi görmək lazımdır. Əgər hər hansı “seçki” olsa, bu separatçı, oyuncaq qurum özünü “müstəqil” elan etmək istəsə belə, onu, uzaqbaşı, Rusiyadan başqa heç kim tanımayacaq. Yuxarı Qarabağ hüquqi və tarixi baxımdan Azərbaycanın torpağıdır. Üstə gəl də, hazırda biz Qarabağın əksər hissəsinə birbaşa nəzarət edirik. Beynəlxalq huquq da bizim tərəfimizdədir. Çünki biz BMT və digər beynəlxalq təşkilatlara üzv olanda bizim ərazi bütövlüyümüzü mövcud hüquqi sərhədlərimizdə tanyıblar. Heç bir dövlət və ya beynəlxalq qurum Qarabağın bir hissəsi olan Xankəndi və digər ərazilərimizdə qondarılmış saxta rejimin istər “müstəqilliyi”ni, istərsə də bu rejimin keçirdiyi hər hansı qanunsuz “seçki”ləri tanımayacaq və tanıya da bilməz. Əks halda bu, beynəlxalq huquqa zidd addım olaraq dəyərləndirilər. Ancaq onu da unutmayaq ki, Qarabağdakı bəhs edilən separatçı rejim və onu dəstəkləyən dövlətlər bizdən orada məskunlaşmış ermənilər üçün status istəyirlər. Bizim dövlətimiz də bundan qəti imtina edir. Və çox düzgün edir…”

“Erməni mediası iddia edir ki, guya Azərbaycan separatçı rejim liderliyinə Qarabag döyuslərində istirak etməmiş birinin “secilməsi” ilə bagli Rusiya tərəfinə təzyiq edir. Məgər rəsmi Bakı Xankəndində “seçki” keçirilməsinə imkan verəcək?” sualını isə analitik bu cür cavablandırıb:

“Birincisi, bu, ağ yalandı. Azərbaycan dövlətinin belə bir istəyi olmayıb. 11 yanvar 2021-ci il tarixində Moskvadakı görüşdə Azərbaycan dövlətinin rəhbəri Xankəndinin idarə olunmasında Bakı-Moskva razılaşması şərtini irəli sürüb və bu gün də həmin şərt gündəmdədir və bunun üçün də işlər görülür. İkincisi, Rusiya Xankəndinə Ermənistandan erməniləri yığıb gətirir. Lakin ermənilərin çoxu Qarabağda qalmaq istəmir, onları Rusiya hərbçiləri və separatçı rejim orada zor gücünə saxlayırlar. “Seçki” keçirmək oyununu da, öncə dediyim kimi, hazırda Rusiya öz maraqları naminə Azərbaycana təzyiq etmək üçün aparır. Azərbaycan dövləti bu günə qədər oradakı oyuncaq qurumun ləğvını tələb edib. Odur ki, rəsmi Bakının Xankəndində qondarma “seçki”lərin keçirilməsinə imkan verəcəyini düşünmürəm. Əgər ermənilər bunu edərlərsə, hər vasitə ilə qarşısı alınmalıdır. Və buna da rəğmən “seçki” yenə də keçirilərsə, bu, Rusiya və Ermənistan üçün ən böyük səhv olar. Onlar bu işin altından çıxa bilməzlər. Çünki bu, onların tərəf kimi 10 noyabr bəyanatına zidd davranması demək olar. O halda Azərbaycan dövləti də bunu bəhanə edərək Rusiyanın necə yanaşmasından asılı olmayaraq Qarabağın separatçı rejimin və qanunsuz erməni hərbi qüvvələrinin mövcud olduğu hissəsində antiterror əməliyyatları başlatmalıdır…”

Facebook Comments