“Bəzən müsbət mesajlar gəlir, bəzənsə fərqli fikirlər eşidirik ki, bu da vəziyyəti çətinləşdirir”

Regionlarımızda dinamik proseslər baş verir, bu kontekstdə koordinasiyalı əməkdaşlıq üçün məsləhətləşmələrin keçirilməsi razılaşdırılıb.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, macar həmkarı ilə görüşdə postmünaqişə dövründəki vəziyyət, eyni zamanda, azad olunmuş ərazilərin bərpası prosesində Azərbaycan hökumətinin üzləşdiyi çətinliklər müzakirə olunub: “Minatəmizləmə məsələsi ətraflı şəkildə müzakirə olunub. Macarıstan bir il əvvəl könüllü şəkildə bu məsələyə öz töhfəsini verib. Aİ ilə müzakirələrdə də Macarıstan tərəfi bu məsələni vurğulayıb. Biz Macarıstanın Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini müşahidə etmişik və buna görə Macarıstana təşəkkür edirik. Macarıstan şirkətlərinin azad olunmuş ərazilərə marağını ifadə etməsini dost addımı hesab edirik və inanırıq ki, tezliklə onlar bu prosesə qatılacaqlar”.

Ceyhun Bayramov macar həmkarını keçmiş məcburi köçkünlərin 2022-ci ildə geri dönüşünün başlanacağına dair məlumatlandırıb: “Həmçinin normallaşma ilə bağlı hökumətimizin atdığı addımlar barədə həmkarımı məlumatlandırdım. Təəssüf ki, Ermənistan tərəfindən Üçtərəfli İşçi Qrupun faəliyyəti pozulub. Hələ ki, bu məsələdə ardıcıllıq görmürük. Bəzən müsbət mesajlar gəlir, bəzənsə fərqli fikirlər eşidirik ki, bu da vəziyyəti çətinləşdirir”.

Facebook Comments