Təhlükəsizlik idarəsinə çağırılan milli fəal Məhəmməd Eynidən xəbər yoxdur

Yanvarın 23-də təhlükəsizlik idarəsinə çağrılan güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eynidən xəbər yoxdur.

Bu barədə Gilan əyalətinin Rəşt şəhərindən olan milli fəallar xəbər yayıb.

Onun taleyindən narahat olan doğmaları bildirib ki, əlaqədar qurumlar milli fəalın barəsində hər hansı açıqlama verməyib.

Qeyd edək ki, Gilan əyalətinin mərkəzi Rəş şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni yanvarın 22-də təhlükəsizlik idarəsinə çağırılıb.

“Şənbə günü Rəşt şəhərinin təhlükəsizlik idarəsinin əməkdaşı telefon əlaqəsi saxlayaraq bazar günü idarəyə gəlməyimi tələb etdi.

Yazılı bildiriş göndərmədən idarəyə çağırılmağımın qanunsuz olduğuna baxmayaraq, nə üçün çağrıldığımı və barəmdə nə qərar verəcəklərini bilmək üçün bazar günü təhlükəsizlik idarəsinə gedəcəyəm”-deyə, Məhəmməd Eyni bu barədə özünün sosial media hesabında etdiyi paylaşımda bildirib.

Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.

Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdu.

Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdi.

Facebook Comments