Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: Azərbaycanla sərhəddə... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti media üçün məlumat yayıb. Musavat.com bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bu mühüm hadisə ilə bağlı paylaşım edib. "İlk sərhəd postu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax hissəsində quraşdırılıb" - Paşinyan paylaşımda qeyd edib.

Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA

Aprelin 23-ü saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az verilən xəbərə görə, saat 15:30 radələrində Şamaxı rayonu Məlhəm kəndinə 15 dəqiqə ərzində diametri 3-4 mm, İsmayıllı rayonu Qalacıq kəndinə isə saat 15:45-16:00 radələrində 10-11 mm olan dolu düşüb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 19, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti qeydə alınıb.

Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin mühüm meyarıdır

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda səsləndirib. “Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ərdoğanla gələn həftə görüşəcəyik - CHP sədri

“Gələn həftə prezidentimizlə görüşməyi planlaşdırırıq". Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı deyib. Hələlik qarşı tərəfdən bu barədə rəsmi açıqlama yoxdur.

İsmayıl Xan Ziyadxanlı'nın Çar Rusiyası Dövlət Dumasında söylədiyi nitq

Hörmətli millət vəkilləri! İcazənizlə Zaqafqaziyanın İrəvan, Gəncə və Bakı vilayətlərində törədilən rəzalətlərin, özbaşınalıq edən dövlət idarəsinin həyata keçirdiyi fitnəkarlıqların kiçik bir tablosunu hüzurunuzda təsvir edim. Beləliklə, sizə təklif edəcəyim tədbirlər qəbul edilərsə, etimadım artmış olar. Buraya, yəni Peterburqa gələr-gəlməz əlimə keçən “Novoye Vremya” qəzetinin səhifələrində beş il qaçaq həyatı sürmüş gəncəli bir tatarın (türkün) rəsmini gördüm. Bu rəsmin altında da belə bir yazı vardı: “Quldurluğu haqqında dastanlar söylənən Qafqaz şeytanı Dəli Alı”. Bu işarədən sonra müəllif yazısına böyük bir həyəcanla davam edərək deyir: “Zaqafqaziyada böyük həyəcanlar başlamışdır. Asiyalılar üsyan edirlər, bu hərəkatın qarşısı alınmalıdır. Çünki, Zaqafqaziya təkcə Dumanı deyil, bütün Rusiyanı öz təsiri altına ala biləcək miqdarda millət vəkili ilə Dumada təmsil edilməkdədir”. Hörmətli millət vəkilləri! Bu yazıdakı böhtanlar bu qədər yüksək dərəcəyə çatmasaydı, sanıram ki, mən burada hüzurunuzda bunun üzərində durmayacaqdım. Artıq bizim üçün də hərəkət etmək vaxtı çatmış və bundan sonra susmamağı qərara almışıq. Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq. Sözün əsl mənasında yüz il ərzində biz hökümətin şiddətli hücumlarına və böhtanlarına məruz qalmışıq. Siyasi, sosial və iqtisadi sahənin hansına nəzər salsanız, hamısında bizim haqqımızda haqsızlığın hökm sürdüyünün şahidi olacaqsınız. Ölkəmiz istila edilən kimi dərhal milli varlığımıza təcavüz edildi. Dinimizə və müqəddəs yerlərimizə müdaxilə edildi, şəriət müəllimlərimizin seçilməsinə mane olundu, bizə hökumət tərəfindən 20 manat maaş alan müsəlman məmurlar göndərildi. Hörmətli millət vəkilləri, bu maaşlı din məmurlarının millət və xalqın nəzərində heç bir qədir-qiyməti yoxdur, buna baxmayaraq onlar bir əsrdir bizə din rəhbərliyi etmişlər. Vəqfə aid olan əmlakımız da hökumət tərəfindən zəbt edilmişdir. Bu səbəbdən müxtəlif yerlərdə xarabazarlığa çevrilən məscidlərimizin təmiri üçün illər boyu camaatdan pul toplamağa məcbur olmuşuq. Hörmətli millət vəkilləri, çalışacağam ki, qısa danışam. Lakin bunları söyləməkdə məqsədim fitnəkarların hər cür vəsaitə malik olduqlarına sizi inandırmaqdır. Bizdə məhəlli idarələr mövcud deyildir. Bələdiyyəyə gəlincə, biz müsəlmanlara mövcud nümayəndə miqdarının ancaq beşdə birini seçmək hüququ verilmişdir. Son zamanlarda isə şəhər əhalisinin çoxu müsəlmanlar olduğu halda mövcud bələdiyyə nümayəndə siyahısının yarısına qədər bir nümayəndə seçmək hüququ verilmişdir. Xalq təhsilindən, ümumiyyətlə maarif sahəsindən danışmağa belə dəyməz. Çünki bizim kəndlərin heç birində məktəb yoxdur. Yüz kilometrlərlə gedilsə belə, hər hansı bir yaşayış məntəqəsində məktəbə rast gəlməzsiniz, halbuki bizdən maarif işləri üçün vergi toplanır. Görəsən bu pullar hara sərf edilir? Yəqin ki, heç bir işə yaramayan drednout (böyük zirehli hərbi gəmi – tər.) inşasına, yaxud da rus millətinin bu gün, bizim isə yüz ildən bəri heç birinə inanmadığımız cənab nazirlərə sərf edilir (Burada İsmayıl Ziyadxanov kinayəli bir şəkildə yaponlar tərəfindən batırılan çar donanmasını və çarın yaltaq nazirlərini nəzərdə tutur – H.B.). Bir müddət bizdə də müasir təhsil sistemi tətbiq etmək həvəsi meydana gəlmişdi. Dəlilsiz qalmamaq üçün bir hadisəyə müraciət edəcəyəm. Bir neçə il bundan əvvəl Gəncə mədrəsəsinin yanındakı bir neçə sinifli məktəbdə təhsil köhnə qayda ilə aparılırdı. Uşaqların yerdə bardaş qurub oturmamaları üçün bir neçə adam məktəbə skamya, stul və qara lövhə hədiyyə etdi. Bilirsiniz nələr baş verdi? Bunun üstündə bir çox ziyalılarımız iki ilə yaxın həbsdə oldular, amma onların mövcud quruluşu yıxmaq cəhdi barədə heç bir dəlil tapılmadığı üçün iki ildən sonra həbsdən buraxıldılar. Nəzakət xatirinə, “kiçik bir yanlışlıq olmuşdur” deyərək bununla da kifayətləndilər. Hörmətli millət vəkilləri, biz müsəlmanlara bəzi ali məktəblərə isə sırf bir diplom əldə etmək məqsədilə girilməkdədir. Çünki ali məktəblərdən birini, məsələn, filologiya fakültəsini bitirən türk gənci diplomunu alıb vətəninə döndüyü zaman, ancaq “vodkanın sərtlik dərəcəsini təyin etmək məcburiyyətindədir”. Bu ali təhsilli gənc müsəlman olduğu üçün yalnız Qafqazda deyil, Rusiyanın bütün ərazisində orta dərəcəli məktəblərdə müəllimlik etmək hüququndan belə, məhrumdur. Bu hüquq bizdən alınmışdır. Məmur məsələsinə gəlincə, bu gün Qafqazda, üzr istəyirəm, ali təhsilli mülki işlər hakimdən başqa öz vətəninə xidmət edən heç bir müsəlman məmuruna rast gəlmək olmaz. Əgər müsəlmanlar məmurluğa qəbul edilirsə, onlar ya şimal rayonlarına, ya da Rusiyanın mərkəzi vilayətlərinə göndərilirlər. Cənablar. Bizə deyirlər ki, müsəlmanlar çox geri qalmışdır. Bu, əsla doğru deyildir, əksinə geri qalmaq üçün hökümət özü badalaq vurur. Bunu yeri gəldikcə sübut edəcəyəm. Belə ki, senzuranın hökm sürdüyü bir vaxtda bizə ancaq bir qəzet çıxartmaq hüququ verilmişdi. Indi isə senzura zəiflədikdən sonra bizim otuza yaxın islam jurnalımız və qəzetimiz çıxır. Hörmətli millət vəkilləri, bizdəki idarə sistemi tənqiddən kənardır. Belə ki, əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun sahili olaraq düşünülərsə, bu dəniz sizə lüzumu olmayan nə qədər boş və səfil adam varsa, hamısını bizim Qafqaz sahilinə atır və onlar da həqiqətdə əxlaqsız olan bir idarənin məmur kadrlarını təşkil edirlər. Bizim ölkəmizdə dövlət idarəsinin idealı rüşvət və xalqa əziyyət verməkdir, kim doxsan yaşlı bir qocanın əlindən axırıncı tikəsini alarsa, o, bizdə ən yaxşı məmur hesab olunur. “Gözü çıxarılmalı müsəlmanlar” üçün bundan daha yaxşısı olarmı? Əgər günlərin birində hər hansı bir idarə məmuru öz vəzifəsində əyintiyə yol verirsə, məhkəməyə cəlb olunur, amma kassasiya məhkəməsi tərəfindən məhkəmənin hökmü ləğv edilir. Cinayət məhkəməsi tərəfindən verilən sürgün, hərbi məhkəmələrin verdiyi edam qərarları əslində tərcüməçilər tərəfindən təyin olunur. Çünki, bizdə müsəlmanlar rus dilini, tərcüməçilər isə türk dilini bilmirlər. Bu səbəbdən beş, on manat maaş alan (hətta mən elə məmurlar tanıyıram ki, onlar səkkiz manat maaş alır) tərcüməçilər cəza verməkdə heç də tərəddüd etmirlər. Bizdə torpaq, ərazi məsələsi sizdə olduğu kimidir və çox ağır bir problemə çevrilmişdir. Eynilə ruslarda olduğu kimi bizim də torpağa ehtiyacımız vardır. ərazi azlığından və çatışmazlığından əziyyət çəkirik. Buna baxmayaraq hökümət bizim torpaq məsələmizi başqa cür həll etməyə çalışır. Belə ki, məsələnin öyrənilməsi üçün nə kiçik, nə də böyük komissiyalara ehtiyac və lüzum görülməmiş, işlərinə yarayan idarə sisteminə müraciət edilmiş və məsələ guya kökündən həll edilmişdir. Yəni gözəl Gürcüstan tamamilə ordunu ərzaqla təmin etməklə məşğul olur. Müsəlmanlarla, ermənilər isə bir-birlərinə qarşı o qədər mahiranə surətdə təhrik edilirlər ki, yaxın vaxtda bu iki xalq yer üzündən asanlıqla silinəcəkdir. O zaman siz və Qurko Stişinskilər məğrur Qafqaz övladlarının qanına boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qura biləcəksiniz. Azadlıq hərəkatına birinci olaraq gürcülər başladılar. Lakin qısa bir vaxt ərzində Gürcüstanda ortaya yeni bir ərazi məsələsi çıxdı, yəni kəndlilər mülkədarlara hücum etdilər, hökümət bu işləri həll etməyi orduya həvalə etdi. Azərbaycanda və Ermənistanda da belə hadisələrin baş verməsindən qorxuya düşən hökümət başa düşdü ki, bu adi məsələ deyildir. Ona görə də gizli surətdə tədbirlər görməyə başladı. Bu da “parçala hökm sür” idarə tərzidir. Bu işin icrası səriştəli polislərə həvalə edildi. Səlahiyyətli polislər bundan istifadə edərək təhrikçiliyə başladılar. Bir tərəfdən müsəlmanlara, “görürsünüz, sizi iqtisadi cəhətdən istismar edən ermənilər silahlanırlar, bir gün gələcək müstəqil dövlət quraraq hər şeyinizi əlinizdən alıb sizi məhv edəcəkdir”, digər tərəfdən ermənilərə “ehtiyatlı olun, panislamizm hər tərəfi bürümüşdür, islam camaatı arasında elə bir güclü birlik yaradılmışdır ki, günlərin birində siz ermənilərin kökünü kəsəcəkdir” – deyərək bu iki xalqı bir-birlərinə qarşı təhrik etməyə başladılar. Beləliklə, bu iki millət arasında Bakıda ilk qanlı çarpışma oldu. Hökümətə müraciət edildi, kömək istənildi. Bu hadisəni öncədən duymadığımız üçün bu işə ayrılacaq qüvvəmiz yoxdur, - deyə cavab verildi. Sonra da əlavə edərək dedilər ki, bu qırğına iki millət özü cavabdehdir, hökümət buna qarışına bilməz. Indi mən bu kürsüdən hüzurunuzda qısaca olaraq söyləyə bilərəm ki, ermənilərə bizim aramızda tarix boyunca ixtilaf doğura biləcək heç bir iqtisadi ixtilafımız yoxdur, çünki biz hər zaman bir-birimizlə dost və qardaş kimi yaşamışıq. Indi bilmək istəyirəm, görəsən hökümət hal-hazırda İrəvan, Gəncə və Tiflis vilayətlərində talanlara və soyğunçuluğa qarşı nə kimi tədbirlər görmüşdür? Şübhəsiz ki, sual cavabsız qalacaqdır. Hal-hazırda İrəvan, Gəncə yanğın yerinə dönmüşdür. Hadisələr oradan Şuşaya keçmişdir. Üç aydır ki, orada iki silahlı cəbhə yaradılmışdır. Bundan əvvəl söylədiyim kimi bu qanlı qardaş qırğını hökumət tərəfindən törədilmiş, sonra isə qarşısı alınmamışdır. Bizim generallarımız öz “fərasətlərini” rus-yapon müharibəsində yaxşı göstərdilər... Onlar fərasətsizliklərini düşmənin qüvvətli olması ilə ört-basdır etməyə çalışdılar, indi də öz əməllərilə vətənlərini idarə edə bilmədiklərini bir daha sübut edirlər. Iki ay ərzində Gəncə vilayətini general rütbəli üç qubernator idarə etmişdir. Onlardan biri bir qəzanı, ikincisi üç qəzanı, sonuncusu isə dörd qəzanı idarə edirdi. Halbuki, bütün qəzanın əhalisi 800.000 nəfərdən ibarətdir. Gördüyümüz kimi bu üç general rəhbərlik etdikləri yerləri idarə etmək qabiliyyətinə malik deyildilər. Deməli, bizim generallar istər müharibədə, istərsə də adi işlərdə heç bir müvəffəqiyyət qazana bilmirlər. Sözcü.az

Gəncə şəhərində böyük maarifçi, ilk əlifba kitabının müəllifi, Gəncə üsyanı şəhidi, millət müəllimi Mirzə Abbas Abbaszadənin büstü hansı səbəblərdən işıqlandırılmır ?

XX əsrin əvvəllərində Gəncə şəhərində ziya əhlindən elə adam olmasın ki, Mirzə Abbası tanımasın. Təmənnasız millət müəllimi Gəncənin təhsil sahəsində ağır yükünü daşıyan azsayılı simalardan biri idi. Bu səbəbdəndir ki, Gəncə Türk Müəllimləri İttifaqının təklifi ilə 1919-cu il may ayının 23-də Gəncənin yay klubunda Mirzə Abbas Abbaszadənin pedaqoji fəaliyyətinin 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.  Belə bir ikinci müəllim yoxdur ki, həmin zamanda ona bu səviyyədə yubiley tədbiri keçirilsin və onun xidmətlərinə bu çəkidə ehtiram göstərilsin. Gəncə ziyalıları Mirzə Abbası evindən çıxararaq Gəncənin Yay Kulubunadək çiyinləri üzərində gətirmişdilər. Yubiley tədbirini Bakıdan baş nazir Nəsib bəy Yusifbəyli və Parlamentin sədrinin səlahiyyətlərini icra edən Həsən bəy Ağayev xüsusi teleqrafla təbrik etmişdir. Mirzə Abbas belə adam idi. Onun həqiqi dəyərini bilənlər, xidmətlərinə ehtiram göstərənlər zamanında vicdanlarından doğan addımı layiqincə atıblar. Bəs bu gün nə edirlər ?  Gəncə şəhərinin mərkəzində, Gəncə Şəhər İcra Hakimiyyəti ilə üz-üzə, Gəncə Dövlət Univeristeti ilə yan-yana Mirzə Abbas Abbaszadənin işıqlı simasını canlandıran büstü qaranlığa qərq edilib. Desəm ki, bu vəziyyətdən kimsə narahat olub, özümü yanıltmış olaram !!! Gəncə şəhərinin başı özlərinə qarışmış rəhbərliyi, Gəncə Dövlət Univeristetinin gözü pərdələnmiş rəhbərliyi hər gün oradan dəfələrlə gedib-gəlirlər amma nədənsə bu utancverici hal onları heç narahat etməyib. Əlavə olaraq bilməyiniz lazımdır ki, Mirzə Abbas nə dönər satan olub, nədə ki, sizlər kimi pul düşkünü !!! Görünür ki, siz Mirzə Abbası lazımı qədər tanımırsınız, onun kim olması, xidmətləri haqqında məlumatınız yoxdur !!! Məlumatınız olsa idi, dəyərləndirmək qabiliyyətiniz və bacarığınız olsa idi bu gün Mirzə Abbas Abbazadənin büstünün ətrafı güc-çiçəklərlə əhatələnərdi, gecə işıqlanması ilə təmin edilərdi, dönərxanaya çevrilməzdi.  İnsanlar Mirzə Abbas Abbaszadənin büstünün ətrafından keçərkən onun işıqlı simasını görə bilmirlər, oda bizə baxarkən bizləri qaranlıqda görür. Sizlərin yaratdığı mənəvi qaranlıqda susqun, alçalmış və səsləri boğulmuş halda !!! Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

71 yaşlı qadın su quyusuna düşərək öldü

Kürdəmirdə qadın yaşadığı evin həyətyanı sahəsindəki su quyusuna düşüb.  Sozcu.az verir verir ki, hadisə rayonun Qarasaqqal kəndində qeyd alınıb.  Hadisədə 1953-cü il təvəllüdlü Xəzəngül Cəfərova ölüb.  Araşdırma aparılır. 

Ermənistan Qarabağ uğrunda heç vaxt müharibə etməyəcək - Paşinyan

Ermənistan “Dağlıq Qarabağ” uğrunda müharibə aparmaq fikrində deyil.  Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.  “Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar heç bir ambisiyası yoxdur və biz ümid edirik ki, demarkasiya prosesi vasitəsilə Ermənistanın ərazi bütövlüyü bərpa olunacaq.  Qeyd etmişik ki, Ermənistan hökuməti hazırda insanların yaşamadığı 4 Azərbaycan kəndində - Qızıhacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs-Ayrımda insanların yaşaması üçün şərait yaratmağa hazırdır.  Eyni proses nəticəsində Ermənistanın Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində insanların öz evlərində sakit həyat şəraiti yaradılmalıdır”.  "Biz təhlükəsizlik risklərinin azaldılması baxımından son dərəcə vacib olan sərhədin delimitasiyası prosesinin praktiki mərhələsinə qədəm qoyduq", - Nikol Paşinyan əlavə edib.  Onun fikrincə, Ermənistanla Azərbaycan arasında yeni sərhədlər çəkilməməlidir, lakin SSRİ-nin dağıldığı dövrdə mövcud olan və de-yure hüquqi əsası olan sərhədlər bərpa olunmalıdır. 

Culfa rayonunda ağır qəza: ölənlər var - Foto

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadla xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Şevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub. Nəticədə avtomobildə olan Kamal Qürbət oğlu Cəfərov və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü İbrahim İldırım oğlu Sahilov və 1998-ci il təvəllüdlü Əbülfəz Elçin oğlu Əlizadə isə yaralanıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.

Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının barəsindəki hökmdə verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib və barəsində çıxarılan birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Əvəz Zeynallı 9 il müddətə azadlıqdan məhrum edilib.

“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti

“İranda yaşayan etnik azərbaycanlılar təqib olunur”. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2023-cü ilə dair “İnsan Hüquqları Təcrübələri Hesabatı”nda bildirilir. Sənəddə qeyd olunur ki, əhalinin təxminən 24 faizini və ya 18 milyondan çoxunu təşkil edən etnik azərbaycanlılar digər etnik azlıq qruplarına nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya ediblər. “Ali Rəhbər Xamenei etnik azərbaycanlı idi. Azərbaycanlılar hökumətin fəalları və ya təşkilatçıları təqib edərək onlara qarşı ayrı-seçkilik etdiyini və bəzi valideynlərin uşaqlarına türk adları qoymasına mane olduğunu bildirirlər”, - hesabatda deyilir.

Jurnalistin avtomobilini vuran şəxs hadisə yerindən qaçıb

Jurnalist Rövşən İldırımın avtomobilini vuran şəxs hadisə yerindən qaçıb. Avtomobili əzilən Jurnalist Sozcu.az-az saytı vasitəsi ilə Daxili İşlər Nazirliyinə müraciət edib.  Hadisə  bu gün - 22 aprel 2024 -cü il saat 17:00 -da Mehdabad qəsəbəsində baş verib.  99 PT 834 nömrəli  və arxasında qoşqu olan "Changan” markalı avtomobil Rövşən İldırıma məxsus avtomobili vuraraq hadisə yerindən yayınıb.  Rövşən İldırım DİN-dən hadisəni törədən avtomobilin sahibini tapmağı və ona dəyən zərərərin ödənməsinə köməklik etməyi xahiş edir. 

Müsavatçı tələbədən İcmaya etiraz

Dünən Üniversitetdə belə hadisə oldu. Günorta müəllim sinif nümayəndəsinə yazıb ki,"Qərbi Azərbaycan İcmasının bütün sosial şəbəkələrdəki səhifələrindən hər kəs MƏCBURİ şəkildə takip atıb və onu telefonla skren edib, mənə atsın". O da dekana atacaq. Dekan isə İcra Hakimiyyətinə göndərəcək. Və mən də təbii olaraq, etirazımı bildirdirib və takip etməyəcəyimi bildirdim.  Səhər dərsə gəldim. Elə həmin müəllimin dərsi idi. Və müəllim Qərbi Azərbaycan İcmasında hamının keçməsini bildirdi. Mən də susaram mı heç?) Əlimi qaldırdım. Və bunun məcburi edildiyinin yanlış, könüllü olmasını bildirdim. Müəllim isə klassik hakimiyyət diliylə təbii ki, danışmağa başladı. Ay nəbilim informasiya müharibəsi, belə gəldi, o belə getdi. Sonra dekan gəldi. Yəqin ki, müəllim sözlərimi dekanlığa çatdırıb.) Dekan bizə xahiş edərək takip atmağımızı istədi. Artıq əmr formasında demirdi deyə nəsə demədim. Həmdə hələ Üniversitetdə I kursam çox da nəsə demək istəmirəm.   Nəysə, yeni deməyim odur ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır! Ona şübhə yoxdur. Dərbəndən Kəngər körfəzinə qədər hamısı Azərbaycan torpağıdır! Amma mübarizə yolu, Dünyaya bunu çatdırılma üsulu bu deyil. Sənan Səbuhioğlu

Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi

Baş Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərə qısamüddətli mühafizə orderinin verilməsi qaydası barədə məlumat açıqlayıb. Məişət zorakılığı (fiziki, psixi, cinsi, iqtisadi xarakterli) törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə məhdudiyyətlər tətbiq oluna bilər. Bu məhdudiyyətlərin əks olunduğu sənəd (akt) mühafizə orderi adlanır. Məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər: 1. məişət zorakılığının təkrar törədilməsi; 2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda, həmin şəxsin axtarılması; 3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Qısamüddətli mühafizə orderinin verilməsi Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, yerli icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Yerli icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya yerli icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

MEDİA sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ ETDİ

Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Bildirilib ki, sosial şəbəkə fəalları insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək və ictimaiyyəti çaşdıracaq paylaşımlar etməməli, həmçinin davranışlarını təmsil olunduqları sosial şəbəkənin etik qaydalarına uyğun tənzimləməli, yalan, dezinformasiya xarakterli məlumatların yayılmasından çəkinməlidirlər. "Qeyd etməliyik ki, ümumiyyətlə son dövrlər peşəkar media subyektləri və jurnalistlər sosial mediada yayılan bu qəbildən olan məlumatlara jurnalistika prinsipləri baxımından yanaşaraq peşəkar davranış nümayiş etdirməkdədirlər. Qeyri-dəqiq, mənbəyi bilinməyən və ictimai fikri çaşdırmağa yönəlmiş dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyirik", - deyə məlumatda vurğulanıb.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Nərimanov rayon Məhkəməsinin bugünkü qərarına əsasən, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində secilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunib. Sozcu.az xəbər verir ki, bu barədə Q.İbadoğlunun vəkili Bəhruz Bayramov bildirib. Qeyd edək ki, Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib. Ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Qubad İbadoğlunun məhkəmə prosesinin yaxın günlərdə başlanacağı gözlənilir. 

Klaar Paşinyanla görüşdü: Delimitasiya prosesini tam dəstəkləyirik!

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin "Armenpress"ə verdiyi məlumatda deyilir. Bildirilib ki, görüşdə Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib. Regional vəziyyət, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar və sərhədlərin delimitasiyası prosesinə toxunulub. Ermənistan-Avropa İttifaqı əməkdaşlığı və onun gələcək inkişafı məsələləri müzakirə edilib. Toivo Klaar bir daha qeyd edib ki, Aİ hərtərəfli və uzunmüddətli nizamlanma məqsədi ilə Ermənistan-Azərbaycan danışıqlar prosesini, eləcə də 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası prosesinə başlamaq barədə razılaşmanı tam dəstəkləyir.

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - Vakansiya seçimi mərhələsi başlayır

Aprelin 23-də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sozcu.az-a bildirilib ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq. Xatırladaq ki, aprelin 17-dən 19-dak keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

İranın 4 şəhərində 10 nəfər edam edildi

İranın Təbriz, Kərəc, Kirman və Çabahar şəhərlərinin həbsxanalarında 10 məhkum edam edilib. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Bildirilib ki, edam edilənlərin doqquzu narkotik maddələrin alverində günahlandırılıb. Təbriz həbsxanasında edam edilən 33 yaşlı Əfqanıstan vətəndaşı Vəliullah Bəxtavərin isə adam öldürməkdə ittiham olunduğu qeyd olunub.

Sabaha yağış gözlənilir

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-60 % olacaq. Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

"Bavariya" Kloppu gözləyəcək

"Bavariya" mövsümün sonunda komandadan ayrılacaq Tomas Tuhelin yerinə Yurgen Kloppu gətirmək istəyir. Sozcu.az xəbər verir ki, bu barədə "Focus" məlumat yayıv. Daha əvvəl Münhen təmsilçisinin baş məşqçisi vəzifəsinə əsas namizəd kimi Almaniya millisinin çalışdırıcısı Yulian Naqelsmann göstərilirdi. Lakin Almaniya Futbol Federasiyası mütəxəssislə müqaviləni yenilədiyi üçün Bavariya" yeni baş məşqçi axtarışına başladı. "Bavariya" bu vəzifədə hazırda "Liverpul"a baş məşqçilik edən Yurgen Kloppu görmək istəyir. Almaniyalı mütəxəssis daha əvvəl cari mövsümün sonunda İngiltərə təmsilçisindən ayrılacağını açıqlamışdı. Lakin o, məşqçiliyə 1 illik ara vermək istəyir. "Bavariya" isə Kloppu gözləməyə hazırdır. Klub Kloppa görə Hans Diter Fliki müvəqqəti - 2025-ci ilin yayınadək baş məşqçi təyin etməyi nəzərdən keçirir.  Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqanın turnir cədvəlində 66 xalla 2-cidir. "Bayer" artıq yarışda çempionluğu rəsmiləşdirib.

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik

Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Ülvi Ziyadzadə bildirib ki, təftiş dövründə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı 100 min 814 manat mənimsəmə olub. Onun sözlərinə görə, pulları icazəsiz 5-6 nəfərin adına olan bank kartlarına köçürsə də, həmin şəxslərin o pullardan xəbərləri olmayıb: “İşlədiyim müddətdə 3 dəfə təftiş olmuşdu. Yoxlamaya Azər Məmmədov, Rüfət Quliyev və Nurlan gəlmişdi. Təftiş zamanı aşkarlanan çatışmayan məbləğin 60-70 faizini onlara verirdik. Mənə cəmi 18 min 314 manat pul qalıb. Onu da büdcəyə qaytaracam”. Təftiş vaxtı MN-in Hərbi Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləmiş Əliyar Səfərəliyev deyib ki, bu vəzifəyə onu 2013-cü ildə MN-in Maddi Texniki Təminat (MTT) Baş İdarəsindən təyin ediblər: “Əkdiyim məhsullar əldə qalıb yanırdı, ona görə də pul verirdim. Nazirlik ilə Maştağada Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləyən Zahid danışır, pul məsələlərini o həll edirdi. Müdafiə Nazirliyinə satdığımız məhsuldan aldığımız pulun 3 faizini idarəyə, Akif Umudova qaytarırdıq. Məhsulu təhvil verəndən 15-20 gün sonra pulunu alırdıq. Bəzən gecikdirirdilər, biz də pulun vaxtında ödənilməsi üçün məbləğin 3 faizini Akif Umudova verirdik”. Şahid Ə.Səfərəliyev istintaqda ifadəsində isə bildirib ki, hər dəfə məhsulun satışından aldığı pulun 3 faizinin Nizami Məmmədova çatdırılması üçün Akif Umudova verib. Ümumilikdə MTT-yə 108 min manat pul qaytarıb. Müttəhim Nizami Məmmədov etiraz edərək bildirib ki, satınalma ilə bağlı istintaqda üzləşmə olmayıb, bu məsələni ittiham aktını oxuyanda bilib. “Satınalma ilə bağlı Mahir Şirvanov, Məlikməmməd Qurbanov və Akif Umudovla görüşmüşəm. Kənd Təsərrüfatı Müəssisələri MTT-nin tabeliyində olub. Müdafiə Nazirliyinin Maliyyə İdarəsi heç bir təşkilatla müqavilə bağlamayıb. Bunların satınalma ilə bağlı ifadələri şablondur. Bunların dediyi 3 faizin bizə aidiyyəti yoxdur”, - N.Məmmədov bildirib. Şahid Rəşad Əhmədovun sözlərinə görə, direktor müavini olduğu mətbəx avadanlıqlarının təmiri ilə məşğul olan şirkət Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi ilə müqavilə bağlayıb və hərbi hissələrin mətbəxində təmir işləri həyata keçirib. “Mətbəx avadanlıqlarının təmiri çətin iş olduğu üçün onu hər şirkət üzərinə götürmürdü. Müqavilə əsasında hərbi hissələrin mətbəxlərində xarab olmuş avadanlıqları təmir edirdik. Pulun gecikdirilməməsi üçün hər dəfə Akif Umudova 3 faiz “otkat” verirdik”, - R.Əhmədov deyib. İclasda şahid qismində ifadə verən “Bakıxanov Trikotaj” ASC-nin direktoru İxtiyar Rəsulov deyib ki, işlədiyi müəssisə Müdafiə Nazirliyinin sifarişi ilə geyim istehsal edib. Bu məsələ ilə bağlı nazirliyin MTT idarəsi ilə müəssisənin əvvəlki mühasibi əlaqədə olub. Həmin şəxs vəfat edib. “Pulumuzu gecikdirimişdilər, ala bilmirdik. Mən məcbur olub nazirliyin əməkdaşı Akif Umudovla əlaqə saxladım. İşçilərin maaşını verə bilmədiyimizi deyərək təhvil verilən sifarişlərin pulunun ödənilməsini istədim. Nazirlik ilə 2015-2022-ci illərdə 6 milyon 822 min manatlıq müqaviləmiz olub”, - şahid deyib. İ.Rəsulov istintaqa verdiyi ifadəsində yerinə yetirdikləri sifarişlərin pulunun vaxtında çatdırılması üçün Akif Umudova 26 min manat “otkat” verdiyini bildirib. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb./Report

Əməkdar artistin ölüm xəbəri yayıldı, insanlar evinə axın etdi: "Hamını özüm qarşılayıram"

"Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim ölüm xəbərinizi eşidib gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar?" "Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim ölüm xəbərinizi eşidib gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar?" Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev ölüm xəbərindən danışarkən deyib. Müğənni yayılan bu məlumatdan narahatıq keçirdiyini vurğulayıb: "Telefonlar susmur, hamı zəng edir. Ailəm, qohumlarım narahat olub. Eşitmisən, bir dəqiqləşdir də. Çox pis olmuşam. Anlaya bilmirəm ki, niyə bu insanlar bəd xəbəri xoşalır".  Yusif Mustafayev ölüm xəbərini yayanlara mesaj verib: "Əzrayıl mələkdir, onun bunlardan xəbəri yoxdur. Bu xəbəri yayanların acığına yaşayacağam". Qeyd edək ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə Əməkdar artist Yusif Mustafayevin ölüm xəbəri yayılıb. 

Rusiya bu saytları da blokladı

“Roskomnadzor” “Moskva Post”, “Polit.ru”, “Russkiy Kriminal” və “Kompromat-Qrup” saytlarını bloklayıb. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, saytlar dəfələrlə saxta məlumatlar dərc etməkdə ittiham olunur. Qeyd edək ki, dünən “Roskomnadzor” “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının saytına Rusiya ərazisində qadağa qoymuşdu.