Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.  Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, istintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət yolu ilə əldə edildiyi 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı vurğulanır. Qeyd olunmalıdır ki, Ramiz Mehdiyev və yaxın qohumları lüks avtomobillərdən ibarət geniş kolleksiyaları ilə də gündəmə gəlmişdilər. Müxtəlif mənbələrdə "boz kardinal"ın “BMW”, “Mercedes-Maybach”, “Rolls-Royce”, “Bentley”, "Bentayga” və s. markalı avtomobillərdən ibarət geniş kolleksiyasının olduğu bildirilirdi. Ramiz Mehdiyev və yaxınlarının avtomobil parkının toplam dəyərinin bir neçə milyon manat təşkil etdiyi iddia olunurdu. İrəli sürülmüş ittihamlar məhkəmə qərarı ilə təsdiqlənərsə, Ramiz Mehdiyevin sərvəti, o cümlədən lüks avtomobil kolleksiyası müsadirə oluna bilərmi? Hüquqşünas Babək Həmidov bildirib ki, şəxsin əmlakının qanuni və ya qeyri-qanuni yolla əldə olunmasına dair yekun qərar məhkəmə tərəfindən verilir. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı şəxsin gəlirləri ilə əmlakı arasında uyğunsuzluq müəyyən edilərsə, həmin əmlakın müsadirəsi barədə qərar çıxarıla bilər. Mövzu ilə bağlı Ramiz Mehdiyevin hüquqlarını dövlət təyinatı əsasında müdafiə edən vəkil Zaur Abıyev ilə əlaqə saxlamağa cəhd göstərdik. Amma, vəkil səhhətində yaranmış problemlə əlaqədar məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini deyib.

Onlayn sifariş istehsalçı tərəfindən ləğv olunduğu halda alıcıdan niyə komissiya tutulur? - AÇIQLAMA

Son zamanlar onlayn alış-veriş zamanı rastlanılan problemlərdən biri də sifarişin uzun müddət gözləməsi və daha sonra isə ləğv olunaraq vəsaitin geri qaytarılmasıdır. Yanlışlıq alıcı tərəfindən yaranmadığı təqdirdə belə vətəndaşdan komissiya haqqının tutulması halları baş verir. Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu qanun pozuntusudur: “Vətəndaş karqo şirkətinə və ya onlayn ticarətdən aldığı məhsula görə pulu öncədən ödəyibsə və istehlakçının günahı olmadan təchizatçının günahından mal gəlmirsə, Qanunvericiliyə görə, təchizatçı, mal gönədərən ikiqat behi geri qaytarmalıdır. Hansısa komissiya haqqı tutula bilməz. Tutulursa, bu, yanlışdır, istehlakçı hüquqlarının pozulmasıdır və yolverilməzdir. Belə hal olarsa, tövsiyə edirəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər”.

Zelenskidən Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “kölgə donanması”na aid olduğu iddia edilən dəniz gəmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb. Sozcu.az xəbər verir ki, sənəd dövlət başçısının rəsmi internet səhifəsində yayımlanıb. Sanksiya siyahısına Liberiya, Palau, İndoneziya, Syerra-Leone, Panama, Komor Adaları İttifaqı və digər ölkələrin bayrağı altında üzən ümumilikdə 91 gəmi daxil edilib. Qeyd olunub ki, həmin gəmilərdən yalnız biri rəsmi şəkildə Rusiya Federasiyasına məxsusdur. Zelenski indiyədək Rusiyanın fiziki və hüquqi şəxslərinə, eləcə də Ukraynanın Moskva ilə əməkdaşlıqda ittiham etdiyi digər ölkələrin vətəndaşlarına və şirkətlərinə qarşı mütəmadi olaraq sanksiyalar tətbiq edib. Müvafiq siyahılar aidiyyəti nazirlik və qurumlar tərəfindən hazırlanır, təkliflər təqdim olunur və yekun qərarlar Ukrayna Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir.

Nəcməddin Sadıkovun müavininə qarşı iddia üzrə məhkəmə başladı

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.  Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq üçün vasitəçilərlə əlaqə saxlayıb: “Ev alqı-satqısı ilə bağlı saytlara baxdım. Novxanıda bir ev çıxdı, əlaqə saxladım. Görüşdük, evə baxmağa getdik. Biz evə çatanda işıq söndü, evə telefon fənərinin işığında baxdıq. Həyətdəki hovuza, yay mətbəxinə, quyuya da baxdıq. Həyətdəki tikililər təmirsiz idi. Sonra hovuzla da bağlı problemlər ortaya çıxdı. Quyu qonşu ilə ortaq idi. Bunlar mənə deyilməmişdi. Ayaz Həsənov evdə olan çatışmazlıqları aradan qaldıracağına söz verdi. Aramızda danışıq oldu. Usta gəlib baxdı. Mən bu barədə Ayaz Həsənova məlumat verdikdə isə o, mənə “Mən qurtarmışam”, yəni məni narahat etmə dedi”. Daha sonra cavabdeh Ayaz Həsənov iddialara cavab verib. Pula ehtiyacı olduğu üçün Novxanıda olan bağ evini satmaq qərarına gəlib: “Bunun üçün bir neçə əmlakçıya müraciət etdim, həmçinin alqı-satqı saytlarına yerləşdirdim. Sonra əmlakçı müştəri olduğunu dedi. İcazə verdim, gedib evə baxdılar. Bir neçə saat sonra əmlakçı zəng edib dedi ki, ev xoşlarına gəlib, sadəcə, məbləğ çoxdur. Mənsə ucuz qiymətə razılaşmadım”. Cavabdeh bildirib ki, ötən il iyunun 13-də evə baxış keçiriblər: “Bir neçə saat sonra əmlakçı mənə zəng edib dedi ki, Rafiq müəllim dam örtüyünə də baxmaq istəyir. Dedim gedib baxsın. Gedib baxımışdı. Səhəri görüşdük, söhbətləşdik, razılaşdıq. Beh verdi və biz notariusda müqavilə imzaladıq. Evdən çıxmaq üçün bir ay vaxt verildi. Bir az keçəndən sonra Rafiq müəllim ev üçün yeni mebellər aldığını, əşyaların çıxarılmasının lazım olduğunu dedi. Mən də əşyaları müvəqqəti mühafizə otağına qoydum və dəyər-dəyməzinə satdım. Hovuzdakı problemə gəldikdə isə mozaikada problem var idi. Usta çağırdıq. Usta dedi ki, “lak” vurub həll etmək olar. Belə də etdik. Sonra hovuzu da su ilə mən doldurdum”. İddiaçı isə əlavə edib ki, qarşı tərəg evin təmiri ilə bağlı verdiyi sözü yerinə yetirməyib. Cavabdeh tərəf prosesə əmlakçı və mühafizəçinin şahid qismində çağırılması barədə vəsatət verib. İddiaçı tərəf buna etiraz etməyib. Məhkəmə vəsatəti təmin edib. Məhkəmə müqavilə üzrə etibarnamə tələb edib. Tərəflər növbəti prosesdə etibarnaməni təqdim edəcəklərini bildirib. Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib. Qeyd edək ki, vəkil Rafiq Abbasov sabiq Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənovu mülki iddia üzrə məhkəməyə verib. Rafiq Abbasov Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyini iddia edir. Xatırladaq general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib. O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.

AMEA Ramiz Mehdiyevlə bağlı məlumat yaydı: “Üzv kimi qala bilməz”

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib. Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz”. Bu barədə Sozcu.az-a AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcək: “Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir”, - qurumdan qeyd olunub. 

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi gizir Telman Kəlbiyevin anası vəfat edib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, şəhidin anası Dilşad Kəlbiyeva yaşadığı Neftçala rayonunda dünyasını dəyişib. Qeyd edək ki, T.Kəlbiyevin nəşi müharibə bitəndən xeyli sonra Murovdağ istiqamətində aşkar edilərək Neftçalaya gətiriləndə anası onun tabutu önündə qurban kəsdirmişdi. 1988-ci il təvəllüdlü T.Kəlbiyev vəfatından 85 gün sonra Neftçalanın Şəhidlər xiyabanında dəfn edilib. O, şücaətlərinə görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Təbrizdə iki məhbus edam edildi

Təbrizin mərkəzi həbsxanasında Fərhad Kərimzadə və Böyük Namvər adlı iki məhbus edam edilib. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə, məhbuslar adam öldürməkdə günahlandırılıblar.

Zelenski: Belə sülhdənsə, müharibə yaxşıdır

Ukrayna Rusiya ilə müharibədə uduzmur və xalqımı pis sülh müqaviləsini qəbul etməyə məcbur etməyəcəm. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Atlantik” qəzetinə müsahibəsində deyib. Zelenski müsahibə zamanı bir neçə dəfə alçaldıcı şərtlər altında sülh müqaviləsini qəbul etməyəcəyini vurğulayıb: “Biz müharibəyə son qoymaq üçün tələsirik. Amma bu, şərtlərdən asılı olmayaraq razılığa tələsməklə eyni deyil”. O qeyd edib ki, ölkə sakinlərini əlverişsiz bir sülhü qəbul etməyə məcbur etməkdənsə, ümumiyyətlə razılaşmamağa üstünlük verərdi. Dörd illik gərgin döyüşlərdən sonra belə Ukrayna lideri ləyaqətli və davamlı bir sülhü təmin etmək üçün lazım gələrsə, döyüşü davam etdirməyə hazır olduğunu bildirib.

Bakıda 10 yaşlı məktəbli qripdən öldü

Bakıda 4-cü sinif şagirdi qəfil vəfat edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, 211 nömrəli məktəbin şagirdi olan Elcan Məmmədovun qripdən dünyasını dəyişdiyi bildirilir. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, fevralın 12-də saat 06:38-də Yasamal rayonundan çağırış qeydə alınıb. "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.

Bakıda temperatur 20 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

BP-də çalışan 69 azərbaycanlı işini itirib

2025-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 344 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Sozcu.az xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin hesabatında yer alıb. Məlumat üçün bildirək ki, 2024-cü ilin yekununda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 413  nəfər olub. Bu isə o deməkdir ki, ötən il ərzində BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı 69 nəfər azalıb.

Azərbaycanda icra başçısının sabiq birinci müavini niyə DÖYÜLDÜ?

Samux Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Tahir Qarayevə qarşı fiziki güc tətbiq edərək xuliqanlıq əməli törədən şəxsin məhkəməsi yekunlaşıb. Sozcu.az "Teleqraf"a istinadla bildirir ki, hökmə əsasən, hadisədə günahlandırılan Samux rayonunun Lək kəndinin sakini - 2000-ci il təvəllüdlü Fərhad Quliyev (ad və soyad şərtidir - red.) iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Lakin məhkəmə onun cəzasını şərti hesab edərək, şəxsin üzərində 1 il 6 ay sınaq müddəti təyin edib. Araşdırmalar zamanı məlum olub ki, tərəflər arasında gərginlik icra başçısının birinci müavininin qarşı tərəfə əlaqə nömrəsini verməməsindən sonra yaranıb. Mübahisə zəminində F.Quliyev icra hakimiyyətinin balansında olan HAVAL markalı nəqliyyat vasitəsinin ön şüşəsini sındırıb və nəticədə quruma 350 manat maddi ziyan dəyib. İnsident nəticəsində Tahir Qarayev sol qolunun said nahiyəsinin əzilmiş yarası və biləyin hematoması ilə müşayiət olunan bədən xəsarətləri alıb. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, hadisənin kökündə Samux rayonunun Lək kəndindəki evində yaranan qaz problemi dayanır. Vətəndaş küçəyə qaz xətti çəkilsə də, onun evinə təbii yanacaq verilmədiyi üçün icra hakimiyyətinə müraciət edibmiş. Bundan əlavə, o, rəhbərlikdən evi üçün qaz sobası istəyib. Ona söz verilməsinə baxmayaraq, vəd yerinə yetirilməyib. Məhkəmə iclasında zərərçəkmiş qismində tanınan T.Qarayev təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bəyan edərək, ona yüngül cəza təyin olunmasını xahiş edib. Qeyd edək ki, məhkum olunan şəxs Vətən müharibəsi iştirakçısıdır. Xatırladaq ki, T.Qarayev ötən ilin dekabr ayında tutduğu vəzifədən azad olunub. Onun işdən ayrılmasına səbəb kimi səhhətində yaranmış problemlər əsas gətirilib. Xatırladaq ki, hazırda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir.

Əsgərlərlə bağlı YENİ QƏRAR

Cari ilin fevral ayında gənc əsgərlərin ailə üzvləri ilə görüşməsi üçün konkret günlər təyin olunub. Bu görüşlər sadəcə ayın 15-i və 22-də təşkil ediləcək. Sozcu.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yayımlayıb. Bildirilib ki, görüşmək istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi mütləqdir. Ziyarətə yalnız yaxın qohumlara - ata-analara, həyat yoldaşına, övladlara, nənə və babalara, eləcə də doğma və ögey (bir valideyni ortaq olan) bacı və qardaşlara icazə veriləcək. Hərbi qulluqçuların səhhətinin qorunması məqsədilə görüşə gələn şəxslərin özləri ilə yemək və ya hər hansı ərzaq məhsulu gətirməsi qadağan edilib.

Salyanda bir ailənin dörd üzvü zəhərləndi: ölən var

16:13 Salyan rayonunun Çadırlı kəndində bir ailənin dörd üzvü zəhərlənib, 11 yaşlı uşaq xəstəxanada ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb. Cəfərovlar ailəsinin dörd üzvü zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Lakin kənd sakini, 2015-ci il təvəllüdlü Hüseyn Cavanşir oğlu Cəfərovun vəziyyəti pisləşdiyi üçün yenidən xəstəxanaya göndərilib. Xəstəxanaya çatdırılanadək həkimə qədər ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydiyyatda olan ailə Salyanın Çadırlı kəndində yaşayır. *** Salyan rayonunun Çadırlı kəndində bir ailənin üzvlərinin nədən zəhərləndiyi məlum olub. Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 12-də 01:20 radələrində zəhərlənmə şübhəsilə 3-ü qadın, 1-i kişi olmaqla 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib. Pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü (kişi) azyaşlı 12.02.2026-cı il tarixində 15:00 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib. Hazırda digər 3 nəfərin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Sabah külək güclənəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Neftçala, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Şabran, Siyəzəndə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlığa uyğundur.

Eldar Əzizovu görün kim əvəzləyəcək

Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ölkənin hakim partiyası olan YAP-a faktiki rəhbərlik edən Tahir Budaqovun rayon icra hakimiyyətinin başçısı təyin olunması birmənalı qarşılanmayıb. Araşdırması zamanı bu təyinatın pərdəarxası məqamı üzə çıxıb. Belə ki, məlumatlı mənbənin saytımıza verdiyi xəbərə görə, Tahir Budaqov bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alacaq./Gununsesi.info

Yekaterinburqda azərbaycanlılara qarşı məhkəmə: Yekun qərar bu gün veriləcək

“Bu, andlı iclasçıların verdiyi qərardır. Məhkəmənin iclası isə bu gün günortadan sonra keçiriləcək və yekun qərar həmin prosesdə qəbul ediləcək. Hazırkı mərhələdə hər hansı münasibət bildirmək istəmirəm, çünki proses davam edir.  Xatırladım ki, indiyədək məhkəmə iclasları qapalı keçirilib”. Bunu “Yeni Sabah”a Rusiyanın Yekaterinburq şəhərində keçirilən məhkəmədə ittiham olunan şəxslərdən biri - Bakir Səfərovun qardaşı, jurnalist Seyfəddin Hüseynli (Səfərov) bildirib. O, qardaşının ittihamlarla razılaşmadığını və özünü təqsirli bilmədiyini vurğulayıb: “Vəkil onun təqsirsiz olduğunu sübut edib. Bu proseslərdə qardaşımın hər hansı təqsiri yoxdur. Hazırda həbsdə olan təkcə o deyil, digər Səfərovlar da bizim qohumlardır. Yeri gəlmişkən, ittiham olunan Bakir Səfərovun əleyhinə indiyədək hər hansı əsaslı və tutarlı sübut irəli sürülməyib”. Xatırlatma: Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində ittiham olunan "Ural Azərbaycan" diaspor təşkilatının rəhbəri Şahin Şıxlinski və digər təqsirləndirilən şəxslərlə bağlı Andlılar Məhkəməsinin kollegiyası qərarını elan edib. Qərara əsasən, Şahin Şıxlinski, Ayaz Səfərov, Bakir Səfərov, Akif Səfərov, Kamal Səfərov, Məzahir Səfərov və Şücayəddin Rəcəbov təqsirli biliniblər. 2025-ci ilin iyununda Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunub. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Kəmaləddin Heydərov “Qoca”nı işdən çıxartdı

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Mübariz Əliyev vəzifəsindən azad edilib.  Sozcu.az Qaynarinfo-ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2009-cu ildən bu vəzifəni tutan "Qoca" ləqəbli polkovnik təqaüdə göndərilib. Nazirin digər əmri ilə daxili xidmət mayoru Babək Zeynalov rəis əvəzi təyin olunub. Ötən ilin avqust ayında Babək Zeynalov Ağdərədə baş verən yanğın zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

Sabah 18 dərəcə isti olacaq - PROQNOZ

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.  Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

3 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. Sozcu.az xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən növbəti gün – 9 mart da qeyri-iş günü hesab olunacaq. Beləliklə, 7 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Bu rayonlara qar yağdı

Ölkə ərazisində yağıntılar 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib. Hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm olub. Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb. Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Onların müavinəti tam şəkildə ödəniləcək

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği artıq tam şəkildə işçiyə ödəniləcək. Sozcu.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdirinin müavini Emil Əliyev DOST TV-nin efirində çıxışı zamanı deyib. O bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği hesablandıqda əvvəl tam şəkildə işçiyə ödənilmirdi: "Çünki burada sığorta stajı tələbi var idi. 8 il sığorta stajı olanda 60 faiz, 8 ildən 12 ilə qədər olduqda 80 faiz, 12 ildən yuxarı və müəyyən kateqoriyaya aid olan şəxslərə 100 faiz miqdarında ödənilirdi. Yeni dəyişikliyə əsasən, sığorta stajı və yaxud hər hansı statusdan asılı olmayaraq, müavinətin məbləği tam şəkildə 100 faiz şəkildə ödəniləcək".

Rusiya aviaşirkətləri yanacaq qıtlığına görə Kubaya uçuşları dayandırır

"Rossiya" aviaşirkəti ("Aeroflot" Qrupunun tərkibinə daxildir-red.) Kubaya uçuşları dayandıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb. Bildirilib ki, şirkət turistlərin təxliyyəsindən sonra yaxın günlərdə Kubaya uçuşları müvəqqəti olaraq dayandırılacaq. "Yaxın günlərdə "Rossiya" aviaşirkəti hazırda Kubada olan rusiyalı turistlərin daşınmasını təmin etmək üçün yalnız Havana və Varaderodan Moskvaya bir sıra geri dönüş uçuşları həyata keçirəcək. Bundan sonra aviaşirkətin uçuş cədvəli vəziyyət dəyişənə qədər müvəqqəti olaraq dayandırılacaq" - məlumatda deyilir. Agentlik izah edib ki, bu qərar Kubada təyyarələrin yanacaq doldurmasında çətinliklərlə bağlıdır. Kubaya uçan ikinci Rusiya aviaşirkəti olan "Nordwind" də Kubaya uçuşların dayandırıldığını elan edib. 12 fevraldan etibarən aviaşirkət artıq adada olan sərnişinlər üçün Varadero, Holguin və Kayo Kokodan Moskvaya yalnız təxliyə uçuşları həyata keçirəcək. Rosaviasiyadan bildirilib ki, Rusiya Nəqliyyat Nazirliyi və Federal Hava Nəqliyyatı Agentliyi ölkələr arasında uçuşlarla bağlı vəziyyəti yaxından izləyir və Kuba aviasiya orqanları ilə daim əlaqə saxlayır. Tərəflər hər iki ölkə vətəndaşlarının maraqları naminə hər iki istiqamətdə uçuşların bərpası üçün alternativ variantları araşdırırlar. Qeyd edək ki, Kuba yanacaq-enerji böhranı ilə üz-üzə qalıb. İndiyədək Venesuelada yanacaq təmin edən Havana Maduronun ABŞ tərəfindən ələ keçirilməsindən sonra bu enerji mənbəsindən də məhrum olub. ABŞ-nin təzyiqi ilə Meksika da Kubaya neft və yanacaq məhsulları satmaqdan imtina edib.

Türkiyə parlamentində yeni ədliyyə nazirinə görə dava düşdü

Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyənin ədliyyə naziri vəzfəsinə təyin olunan Akın Gürlekin parlamentdə andiçmə mərasimində gərgin anlar yaşanıb. Sozcu.az xəbər verir ki, əsas müxalifər partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi olan deputatlarla hakim AKP-li deputatlar yumruq davasına çıxıb. CHP-ni təmsil edən deputat Murat Emir Akın Gürlekin hələ də baş prokuror vəzifəsini davam etdirdiyini, siyasi məqsədlərlə, xüsusən də Əkrəm İmamoğlu daxil olmaqla, bir çox siyasi səbəbli iddianamələr hazırladığını və həbs qərarları verdiyini bildirib. Buna görə o, belə bir şəxsin ədliyyə naziri vəzifəsinə təyin edilməsini və and içməsinin doğru olmadığını bəyan edib. Yaranan mübahisə səbəbindən iclasa fasilə verilib.